Başın sağ olsun, Qərib...

Səhərin gözü açılmamış içimdə qıvrılanları tökməyə yer axtarırdım ki, bir xəbər başlığı məni yerimdə dondurdu – “Tanınmış jurnalistə ağır itki üz verib.”

 

İnsanın hiss etdiyi anlar vardır da yaxına qoymaz. Telefonu yerə qoyub, komputeri açdım, sanki o aradakı vaxtı qənimət bildim özümə. Dilimdə ağır xəstənin əzabları azalsın deyə elədiyim dualarla bir tərəfdən də heç üzünü görmədiyim o balaların taleyini düşündüm. Bir də jurnalist dostumuzu...

Dünyasını dəyişən jurnalist Rahib Qəribin uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən iki balasının anasıdır rəhmətə gedən. Yataqxanadakı vəziyyətlərini sosial şəbəkədə hansısa səhifənin paylaşdığı şəkillərdən öyrənmişdim. Ev məsələsindən əvvəl özünə yazıb telefon nömrəsini almışdım və zəng vurub halını, əhvalını, nəyəsə ehtiyacı olub-olmadığını soruşmuşdum. Qıt ağlım elə kəsmişdi o gün. Gözlədiyimin əksinə telefonun o başında yorğun bir səs yox, qürurlu bir səs vardı və mən zəngimdən utanmışdım. Bir neçə gün sonra isə o məni yığmışdı, yenə eyni qürurla, amma sevinclə ev alacağının xəbərini vermişdi. Sonra da mərasimdə görüşmüşdük. İlk dəfə, uzun illərin tanışı kimi. Yanaşı oturmuşduq, bizdən bir neçə sıra irəlidə cənab Prezident əyləşmişdi. Ordaydı, yanımızdaydı və biz onun doğmalığına sığınmışdıq.

O mərasimdən olan düşüncələrimi uzun-uzadı başqa yazılarda qələmə alacağam. Amma bu gün mövzum Rahibdir (adını hallandırdığım üçün günahımdan keçər yəqin). Mən Rahibin son zəngindəki sevincin gücünə elə inanmışdım ki, elə bildim o inam xanımını da sağaldacaq. Amma olmadı... Yeri behişt, məkanı cənnət olsun. 

Bütün səmimiyyətimlə, bütün varlığımla dövlətimə və cənab Prezidentə təşəkkür edirəm. Rahibin xanımı bu dünyadan rahat getdi. O evi gördümü bilmirəm amma xəbərini aldı, sevincini yaşadı, ailəsini, həyat yoldaşını, balalarını başda dövlətə, sonra da bizə əmanət qoydu. Bu duyğunun, bu düşüncənin sözlə izahı yoxdur. Son günlərini yaşayan xanım buludlar arasındakı o Günəşi gördü.

Dünya malının dünyada qaldığı bu dövranda məsələ ev deyil, könüllər qurmaqdır. Bir sarı çiçəyə səcdə edən dərviş misalı, insan qazanmaqdır. Mənim dövlətim Rahibin simasında vətəndaşını qazandı. Əbaya deyil, könülə baxana salam ilə...


Nigar İSFƏNDİYARQIZI

11.08.2017 14:05 / Baxılıb: 533 / Çap
 
    Bu bölmədə
    1.12.2017
    Muzeydə dərs
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo