Müəllimlərin işə qəbulunda yenilik edilib

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.

Təhsil Nazirliyindən Azadinform-a verilən məlumata görə, bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Bildirilir ki, seçim mərhələsi sabah, saat 23:59-dək davam edəcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək. Sabahdan etibarən fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start veriləcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsi ilə bağlı əlavə məlumatlar hər bir namizədin şəxsi səhifələrinə yerləşdirilib.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.


10.08.2017 16:50 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo