Azərbaycan və Türkmənistan beynəlxalq terrorçuluqla bağlı məsələni müzakirə edib

Samir Soltanov/AZADİNFORM. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda rəsmi səfərdə olan bu ölkənin daxili işlər naziri, polis general-mayoru İsgender Mulikovu qəbul edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, iki xalq arasında çoxəsrlik tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu vurğulayan R. Usubov hər iki ölkə prezidentinin siyasi iradəsinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə dərinləşdiyini xüsusi qeyd edib.

Bakıda aparılan yüksək səviyyəli danışıqların, dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin, müxtəlif sahələri əhatə edən hökumətlərarası sənədlərin, o cümlədən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında“ sazişin imzalanmasının, xüsusən adıçəkilən bəyannamədə əsas faktorlardan və elementlərdən biri kimi təhlükəsizlik məsələlərinin öz əksini tapmasının əhəmiyyətindən danışan R.Usubov iki ölkə arasındakı mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasından, hərtərəfli inkişaf və inteqrasiya proseslərinin daxili işlər orqanlarını da əhatə etməsindən məmnunluğunu bildirib. 

Qəbula görə təşəkkür edən İsgender Mulikov imzalanmış sazişin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da  genişləndirilməsinə yeni təkan və impuls verəcəyinə əminliyini, Türkmənistan tərəfinin bu istiqamətdə öz səylərini  əsirgəməyəcəyini vurğulayıb. 

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və gələcək perspektivləri, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin yeni imzalanmış sazişin müddəalarından irəli gələn öhdəliklərin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.  

9.08.2017 10:30 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo