Azərbaycan ilə Türkmənistan arasında siyasi əlaqələr yüksək səviyyədədir

Samir Soltanov/AZADİNFORM. Baş nazir Artur Rasi-zadə bu gün ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. 

Azadinform xəbər verir ki, görüşdə ölkələr arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. 

Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən Baş nazir ölkəmizin regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. Artur Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb. 

Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Türkmənistan dövlətinin başçısı neft və qaz istehsalçısı və ixracatçısı olan Azərbaycanın bu sahədəki fəaliyyətinə toxunub, ölkəmizin bununla bağlı liderliyinin əhəmiyyətini qeyd edib. 

Görüşdə Xəzər dənizinin hüquqi statusunun həlli yolları, geosiyasi və geoiqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

8.08.2017 18:00 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo