"İkitərəfli əlaqələrin inkişafı maraqlara cavab verir"

Adəm Abbaslı/AZADİNFORM. İkitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir.

Azadinform-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə görüşdə çıxışında deyib.

Dövlət başçısı deyib: "Mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq".

Azərbaycan Prezidenti qeyd edib ki, biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var: "Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir. Mən Sizi bir daha səmimiyyətlə Azərbaycanda salamlayıram, bir daha “Xoş gəlmisiniz” deyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır. Bir daha xoş gəlmisiniz".

8.08.2017 15:10 / Baxılıb: 247 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo