OPEC+ ölkələri neft hasilatının azaldılması sazişini müzakirə edəcəklər

Samir Soltanov/AZADİNFORM. Avqustun 7-8-də Abu-Dabidə OPEC+ ölkələrinin nümayəndələrinin növbədənkənar iclasında neft hasilatının azaldılması üzrə saziş çərçivəsində razılaşmaların icra vəziyyəti müzakirə ediləcək. 

Azadinform xəbər verir ki, Küveytin və Rusiyanın həmsədrliyi ilə keçiriləcək müzakirələrdə 2017-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) sədrlik edən Səudiyyə Ərəbistanından olan nümayəndələr iştirak edəcəklər. 

Xatırladaq ki, OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin iyul ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 796,7 min barel olub. Bunun 745,1 min barelini xam neft, 51,6 min barelini kondensat təşkil edib. Gündəlik 611,3 min barel xam neft, 51,6 min barel kondensat, 15,7 min barel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. 

Azərbaycan üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda isə 793,7 min barel olub. 

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

7.08.2017 11:28 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo