IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə təşkil olunan IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti anşlaqla keçib.

Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri  Fəttah Heydərov çıxış edərək bu festivalın ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.

Fəttah Heydərov festivalın təşkilinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, festivalın dünyada böyük əks səda doğurduğunu qeyd edib. Millət vəkili onu da bildirib ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olub. Fəttah Heydərov 10-a yaxın ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların qatıldığı IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış olduqlarını vurğulayıb. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Deputat bu festivalın tezliklə Qarabağda, Şuşada keçirilməsini arzulayıb. 

Festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində reallaşıb. D.Yablonski Fondun prezidenti Mehriban xanım Əliyevaya festival iştirakçıları adından təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 29-dan avqustun 3-dək qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edib.

Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib. Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri tanınmış Litva musiqiçisi Nomeda Kazlaus (soprano) və hazırda İtaliyada musiqi təhsili alan Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (baritone) müşaiyyət edib. Orkestr yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən Azərbaycan Dövlət Simfonik Orkestrin konsertində bəstəkar R.Vaqner, P.İ.Çaykovski, C.Verdi, V.A.Motsart, R.Molinelli, İ.Kalmanın əsərləri səsləndirilib. Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib və gurultulu alqışlarla başa çatıb. (apa)

3.08.2017 23:36 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo