Dövlətin gənclər və idman siyasəti

Düz 23 il öncə, bu gün fərman verildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu fərmanının ardından Milli Məclis (Ali Sovet) də qərar verdi və müstəqil dövlətimizdə çox önəmli bir nazirlik fəaliyyətə başladı. Bu, Gənclər və İdman Nazirliyi idi. Bugünkü kimi yadımdadır ki, biz bu fərmanı necə müzakirə edirdik. O da yadımdadır ki, müxalif gənclər olaraq belə bir nazirliyin qurulmasına bir qədər şübhəylə yanaşırdıq.

Dövlət dövlətdir. O, bizim kimi dəliqanlı gənclərdən fərqli olaraq strateji hədəflərə yönəlik davranar, ən uyğun və gərəkli olan addımları atar.

Azərbaycan dövləti də elədir. 1994-cü ilin yayında ölkənin gənclər siyasətini daha düzənli bir şəkildə idarə etmək üçün bu quruma vəsiqə verdi dövlətimiz.

O günlərdə ölkədə çox qaynar bir gənclik fəaliyyəti vardı. Bir tərəfdə bizim kimi kəskin müxaliflər, digər tərəfdə də hakimiyyətin yanında olan, birbaşa hakimiyyətə bağlı fəal gənclər gecə-gündüz demədən çalışırdı.

Biz fərqli siyasi düşərgələrdə olsaq da bir-birimizin toplantılarına qatılar, bir-birimizi dinlər, kəskin fikir mübadiləsi aparardıq. Hətta ayrı-ayrı koalisiyalarda belə bir araya gələcək qədər ürəkliydik biz. Bir-birimizi inkar etməzdik. Fərqli siyasi mövqedə olsaq da birlikdə oturub çay içər, söhbət edərdik.

Ölkənin də durumu hər kəsə bəlli idi. Bir tərəfdə müharibə, torpaq itkisi, digər tərəfdə də yüzminlərlə qaçqın-köçkün dərdi. Üstəlik, içəridəki bölücü ünsürlərin hələ də ayaqda olması ümumiyyətlə dövlətin ayaqda durmasını şübhə altına salırdı.

Çox təlatümlü dönəm idi. Özəlliklə də gənclər arasında hələ də yolunu, yönünü müəyyən etməkdə çətinlik çəkənlər çoxluq təşkil edirdi. Əgər sahib çıxan olmasa bu gənclərin böyük bir hissəsi az müddət sonra antiAzərbaycan qüvvəsinə çevrilə bilərdi.

Belə bir dönəmdə, təlatüm və keşməkeşlər içində Prezident Heydər Əliyev müdrik uzaqgörənliklə Gənclər və İdman Nazirliyinin qurulmasına fərman verdi. Verdi ki, pərakəndəlik aradan qalxsın, gənclərin sabaha hazırlanması prosesinə dövlət özü öndərlik etsin.

O günlərdə bəzi dostlarımız bu nazirliyin qurulmasını çox ağrılı qarşıladılar. Biz – mən və mənim kimi düşünənlər belə bir qurumun fəaliyyətə başlamasını sakit qarşılasaq da elələri oldu ki, bundan çılğına döndülər. İddiaları da bu oldu ki, dövlət belə bir nazirlik qurmaqla gəncləri nəzarət altına almaq istəyir.

Şəxsən mən bundan narahat deyildim. Düşünürdüm ki, dövlətin gənclər siyasətini ən yüksək səviyyədə həyata keçirmək üçün belə bir quruma ehtiyac var. Ona görə də ilk nazir təyin edilən kimi onunla işbirliyinin yollarını aramağa başladıq.

Bugünkü kimi yadımdadır ki, olduqca mədəni, açıq bir insan olan Əbülfəs Qarayev gənclər və idman naziri təyin edilən kimi qapıları bizim kimi narazıların üzünə taybatay açdı. Bizi dialoqa dəvət etdi. Dinləmək üçün hazır olduğunun işarəsini verdi. Bu işdə bizim üçün vasitəçiliyi uzun illərdir yorulmadan dövlət və dövlətçilik yolunda qüsursuz xidmət verən gənc dostumuz Əkbər Qoşalı edirdi.

O da yadımdadır ki, bizim radikal, kəskin mövqeyimizi təmkinlə dinləyən Əkbər bəy cənab nazirin istənilən sözü təmkinlə dinləyə biləcəyinə də inandırmışdı bizi.

Ona görə də yeni nazirin xoşməramlı birisi olmasına güvənərək onunla təmaslara başlamışdıq. Dəfələrlə nazirin özü bizi qəbul etmiş, dinləmiş, təkliflərimizi nəzərə alacağına söz vermişdi.

Doğrudan da bizim kimi gənclərin təkliflərinə belə sıcaq münasibətin nəticəsi o oldu ki, Prezident Heydər Əliyev gənclər siyasətini həyata keçirən quruma elə gəncləri də cəlb etməyə üstünlük verdi. Yəni, buyurun, özünüz gənclər siyasətinin müəyyənləşməsində və həyata keçirilməsində iştirak edin.

Xeyli sayda dostumuz həmin günlərdə Gənclər və İdman Nazirliyinə işə alındı. İşlədilər, barələrindəki seçimi artıqlamasıyla doğrultdular. Nəticə də o oldu ki, ölkədə doğrudan doğruya dövlətin gənclərə qayğısı yönündə nəhəng işlər görülməyə başladı.

Aradan illər keçib. 23 il. Az müddət deyil. Geriyə boylanıb o illərdəki yanaşmamızı bir də nəzərdən keçirəndə görürük ki, dövlət nə qədər uzaqgörənmiş. Gənclər siyasətində yeni mərhələnin əsasını qoymuş Heydər Əliyev o təlatümlü dönəmlərdən bugünə boylanaraq necə böyük uğurların bizi gözlədiyini görürmüş. Görməsəydi o addımı atmazdı.

İndi Azərbaycanda Gənclər və İdman Nazirliyinin gərəkli olub-olmaması yönündə heç bir müzakirə yoxdur. Hər kəs birmənalı qəbul edir ki, belə bir nazirlik mütləq lazımdır. Hələ bu qurumun bütün fəaliyyəti dönəmində Azərbaycan adına qazandığı möhtəşəm uğurların işığında mübahisənin yeri heç yoxdur.

Hazırda bu qurum, başda nazir Azad Rəhimov olmaqla Azərbaycanın ən fəal, ən uğurlu nazirliklərindən biri kimi nəzərə çarpır. Dünya dövlətlərinin çox vaxt cəsarət etmədiyi nəhəng beynəlxalq tədbirləri Azərbaycanın Gənclər və İdman Nazirliyi bir göz qırpımında təşkil də edir, sona da çatdırır. İstər 1-ci Avropa Oyunları, istərsə də 4-cü İslam Həmrəyliyi Oyunları, yaxud da bütün dünyanın maraqla izlədiyi Formula 1 yarışları hələ bu böyük fəaliyyətin az bir hissəsini təşkil edir. Bu tədbirlərin möhtəşəm uğurlarına kimsə şübhə edə bilərmi? Edə bilməz əlbəttə.

Azərbaycanda idman və gənclər siyasətinin bu qədər uğurlu alınmasının memarı, qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevdir. Heç şübhəsiz ki, bu siyasətin davamlı və dayanıqlı olmasında Prezident İlham Əliyevin birbaşa iştirakı və dəstəyi əvəzedilməzdir. Ölkənin 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevanın isə ən böyük idman tədbirlərinin təşkilatçılığında oynadığı qüsursuz rol sübuta ehtiyacı olmayan xoş bir gerçəklikdir.

Bütün bunların işığında bizim qazancımız odur ki, Azərbaycan gənclərinin mütləq çoxluğu vətənpərvər insanlar kimi yetişir. Bu gənclər bir çox ölkələrdə olduğu kimi zərərli vərdişlərə meyllənmir, özünü idmana, elmə həsr edir. Yəni dövlətin 23 il əvvəl başlatdığı siyasət bəhrəsini artıqlamasıyla verir. Demək ki, dövlət ən doğru addım atmaqda yanılmayıb.

Fürsətdən istifadə edib ən birinci gənclər və idman naziri Əbülfəs Qarayev, eyni zamanda hazırkı nazir Azad Rəhimov başda olmaqla bu hərəkatda rolu və yeri olmuş, olan hər kəsi təbrik edirəm.

Sözardı: 1994-cü ildə Gənclər və İdman Nazirliyinin qurulmasından ciddi narahatlıq keçirən dönəmin bəzi gəncləri də bizim kimi yaşlı-başlı adamlar olublar. Amma onlar indinin özündə də dövlətin atdığı bütün addımları topa tutmaqda davam edirlər. Sadəcə sevindirici haldır ki, həmin adamların sayı o dönəmdə olduğu kimi gözə görünəcək qədər deyil, bir əlin barmaqlarının sayı qədərdir…


Azər HƏSRƏT

26.07.2017 12:54 / Baxılıb: 327 / Çap
 
    Bu bölmədə
    1.12.2017
    Muzeydə dərs
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo