O halda bizim qələmlərimiz sizi manşetlərə daşıyacaq

Yox, indi sizə 19 illik kirayə həyatının çətinliklərindən danışmayacağam. Müstəqilliyi hələ gənc olan ölkəmin evsizlik ucbatından ailə qura bilməyən gənclərindən ar edərəm, çünki. Mən yenə bu mərhələni pis-yaxşı keçmişəm, onlar isə bu gözəl şəhərin görəsən hansı göydələnin dibində xəyallarına yas tuturlar. Bir də ki, bu dəyirman çox su apardı, mənə söz düşməz.  

 

Amma bir məsələ dostlarımı olduğu kimi məni də narahat edir. Azərbaycandan kənarda, burdakılara “mız” qoymağa bəhanə axtaran biriləri var ki, tənqidlə təhqirin yerini qarışdırırlar. Hər məsələdə özlərinin təbirincə desək “mübarizə”ni alçaqcasına aparırlar. Onlardan soruşmaq istəyirəm, siz qayğı sözünün əsl mənasını bilirsinizmi?! Ailə başçılarının övladlarına nəvazişi, sevgisinin təzahürü olan bu hiss sizə tanışdırmı? Qayğı ailədə seçim etmədən bütün fərdlər arasında paylanır. Bu, əsas şərtdir. Gəl ki, övladın naqisi çəkiləsi dərd deyil. Cəzasını da qəzasını da valideyn çəkir. Dövlət də belədir. Pasport verdiyi hər bir nəfərindən sorumludur, yaxşı bilir ki, vətəndaşına dövlət qayğısı mütləqdir. Sizlər inadla, israrla görməməyə çalışsanız da mən bunu ölkə başçısının hər çıxışında xüsusi vurğuladığına dəfələrlə şahid olmuşam. O mediadan nöqsanları, qüsurları aradan qaldırmaqda ona kömək etməyimizi tələb edir. “Jurnalistlər mənim dostumdur” deyir. Biz isə əvəzində kol dibinə qısılıb “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” prinsipi ilə hərəkət etməyə üstünlük veririk. Fərqindəyəm, bəzi gözüac məmurlardan bezmisiniz, usanmısınız. Amma bu məqamlar başqa dövlətlərdə yoxdurmu? Əlbəttə var. Həm də daha dəhşətli, daha təhlükəli formada. Bizim dövlətin başçısı məsələlərin həllində hər azərbaycanlıdan vətəndaşlıq tələb edir. Əziz ölkəmizi dar günündə qoyub qaçan “həmvətənlər”,  bəh-bəhlə gözümüzə soxmağa çalışdığınız demokratiya əslində bu deyilmi?! Dünyanı başına götürən terror bəlası sizi qorxutmurmu? Təkcə bu faktora görə də olsa dövlətə və orduya minnətdar olmaq lazımdır. Mən dəfələrlə beynəlxalq sərgilərdə, eləcə də başqa tədbirlərdə ölkə başçısının və birinci vitse-prezidentin səmimiyyətinə şahid olmuşam. Bu, mənim xoşuma gəlib. Bir də ki, gəlin insafla danışaq, bizim eldə deyərlər, “heç kim öz yaxşı atasının evini bizə verməz”. Amerikaya, Avropaya həsəd aparan “dost”lar, oradakı demokratiyadan bəhs edənlər, unudursunuz ki, azərbaycanlı olmaq məhz sizdən başlayır. Düşüncədə inqilab eləməyən birinin başqa ölkələrdə müsbət xüsusiyyətlər axtarmağı əslində onun daxili aləminin dayazlığından xəbər verir. Bu bir növ, başqasının pəncərəsindən, başqasının məhrəminə göz qoymağa bənzəyir. Təbii, o adı çəkilən hegemon dövlətlərdə kəsilən başın hesabını soruşmayan qanunları da diqqətdən qaçırmamaq lazımdır. 

 

Cənablar, bu ölkə bizimdir, bizim yurdumuz, bizim yuvamızdır. Pis günü üçün də yaxşı günü üçün də vətəndaşı olan hər kəs məsuliyyət daşıyır. Bu məmləkətin yerə atılan zibilindən tutmuş, müharibədəki məğlubiyyətinə və ya qalibiyyətinə qədər günahkarı da səbəbkarı da bizik! Silahlarımızı bir-birinə doğrultmaq əvəzinə, qarşıya tuşlasaq, necə olar?! 

 

Bu günlərdə 22 iyul Milli Mətbuat Günü münasibətilə 255 nəfər mətbuat nümayəndəsi Azərbaycan Respublikası prezidenti tərəfindən mənzillə təltif olunub.  Onlardan biri olduğum üçün prosesə yaxından şahidlik eləmək imkanı əldə elədim. Müqayisə düzgündürmü bilmirəm, amma mən bu qədər sevinci bir də aprel hadisələrində görmüşdüm. O sevinc mübarizə ilə qazanılmışdı, bu sevinc isə hədiyyə olunmuşdu. Hər ikisi halal idi. Adil Mirseyidin ailəsi vardı orda, xanımının, övladlarının vəziyyətindən bəhs etmək istəmədiyim Rahib Qərib vardı, mən vardım! Şəhid Salatın Əsgərovanın bizə əmanət qoyub getdiyi oğlu Ceyhun vardı. Adını bilmədiyim, amma güzəranından yaxşı xəbərdar olduğum, daxmalarda əsgər böyüdən neçələri vardı. Onların ən yaxşı gördüyü iş Vətənə sədaqətdi, onlar bunu ən pis günlərində belə bacarmışdılar. Sevinclərinin səbəbi isə indi daha yaxşı şəraitdə və əməllərinin təqdir olunduğuna əmin olaraq yola davam edəcəkdilər. Bu dövlətin vətəndaşı dövlətinin qayğısına sığınmışdı. Mən bu təşəbbüsü qəsdən və bilərəkdən pisləyənlərdən soruşmaq istəyirəm, siz həyatınızda kiməsə evinizin bir masasını hədiyyə eləmisinizmi? Ya da balkondan düşən bir parça Günəşi... Ya da tanımadığınız kimisə süfrənizdə qonaq eləməsiniz...?! İnanmıram. Bu xırdalıqlar içi böyük adamlarda olur. Bu günlərdə simanızda görünməyən o insanlıq qırıntılarına əslində o evlər hədiyyə olunana qədər çox ehtiyacımız vardı. Övladımız rütubətdən yel xəstəliyinə tutulanda, xanımımız dərmansızlıqdan xərçəng xəstəliyi ilə mübarizə aparanda, aldığımız ucuz ərzağın yığılıb qalan pulu üçün küçə dəyişdirəndə, ödəyə bilmədiyimiz kirayə puluna görə dekabrın soyuğunda küçəyə atılanda... Harada idiniz, cənablar?! Qaçıb getdiyiniz məmləkətlərdə bizim dərdlərin soyuğu “üşüdürdümü” sizi?! Onda da harayımıza dövlət adamları çatırdı. Sadəcə sizin kimi qaragüruhçular bizi məddahlıqda ittiham eləməsin deyə səsimizi çıxarmır, yaxşı işlərini belə tərifləməyə çəkinirdik ki, min əziyyətlə tanıtdığımız imzamız bir yana, onların yaxşı niyyətlərinə kölgə düşər.   

 

Uzun sözün qısası, bizim könlümüz bu Vətənə xidmətdən yana rahatdır, cənablar, bundan əvvəl də belə idi, sonra da belə olacaq. Bizim dövlətimiz Azərbaycandırsa uman yerimiz də, küsən yerimiz də buradır. Milli mənsubiyyətinə xəyanət etməyən hər kəsin düşüncəsi məhz bu cür olmalıdır. Mən sizin hamınızı dövlətə “satılmaq”la suçladığınız insanların mal varlıqlarını hesablamaqdan əl çəkib, vətəndaşlıq nümayiş elətdirməyə, yalnız milli məsələlərdə səfirliklərin qarşısındakı sıraları sıxlaşdırmağa çağırıram. Əmin olun, o halda bizim qələmlərimiz sizi manşetlərə daşıyacaq, əllərimiz sizi alqışlayacaq! 

Tanrı heç bir milləti, heç bir xalqı dövlətsiz, ordusuz, sərhədsiz və ulussuz eləməsin!

Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı!

Xanəniz şən olsun!

 

Nigar İSFƏNDİYAR

24.07.2017 13:50 / Baxılıb: 547 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo