"Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib"

"Azərbaycanda investisiya mühiti çox müsbətdir. Son iyirmi il ərzində Azərbaycana 200 milyon dollardan çox investisiya qoyulmuşdur. İqtisadiyyatımız rəqabətqabiliyyətlidir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdə qərarlaşıb. Ölkə siyasi və iqtisadi cəhətdən sabitdir".

Azadinform-un məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumunda çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilməkdədir: “Avropada və dünyanın digər yerlərində olan bir çox şirkətlər bu layihələrin icrasında bizim tərəfdaşlarımız qismində çıxış edirlər. Enerji amilindən asılılığı azaltmaq üçün Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib. Bu, artıq baş verir. Ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-enerji sektorunun payına düşür. Bu, bizə qeyri-enerji sektorumuzu 27 faizdən daha çox artırmağa, idxalı isə 50 faiz azaltmağa imkan verdi. Bizim iqtisadiyyatı sabit və proqnozlaşdırılan edə bilən əsaslı maliyyə resurslarımız var və maliyyə resursları xarici borcdan 5 dəfə çoxdur. Buna görə də ölkəmiz Latviyaya, Avropaya dost ölkədir. Avropa ölkələri ilə çoxlu biznes əlaqələri var və bu gün imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə bu qəbildən olan on birinci bəyannamədir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatı var: “Bu gün biz əsasən meqalayihə olan Şimal-Cənub nəqliyyat şəbəkəsinin həyata keçirilməsi ilə yaranacaq imkanları müzakirə etdik. Bu layihə nəinki təkcə inşaat zamanı iş yerlərini yaradacaq, eyni zamanda, Cənubdan Şimala və Şimaldan Cənuba gedən, ərazilərimizdən keçən yükdaşımalarının həcmini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz tranzit üçün daha önəmli ölkələrə çevrilərək daha çox faydalar qazanacağıq və əlbəttə ki, bu, biznes şirkətləri üçün çoxlu fürsətlər yaradacaqdır”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın hazırda icra etdiyi vacib layihə və birbaşa Avropa maraqlarına və əlbəttə ki, bizim maraqlara yönələn enerji şaxələnməsi layihəsi olan Cənub Qaz Dəhlizidir: “Bu, indi ola bilsin ki, Avropada icra edilməkdə olan ən böyük infrastruktur layihəsidir. Layihənin ümumi dəyəri 40 milyard dollardır. Bu, Avropa İttifaqı bazarını yeni marşrutla və yeni mənbədən Azərbaycan qazı ilə təchiz edəcək layihədir. Bu, həqiqi şaxələnmədir. Çünki enerjinin şaxələnməsi təkcə marşrutların şaxələnməsi demək deyil, bu, əsasən mənbələrin şaxələnməsi deməkdir. Bizim layihədə bu, məhz belədir. Enerji təhlükəsizliyi bizim hamımızın bildiyi kimi, hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda icra etdiyimiz bir çox layihələr sərhədlərimizin hüdudlarından çox kənara uzanır”.

17.07.2017 22:21 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.07.2017
    20.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo