Azərbaycan Prezidenti Latviya Seyminin sədri ilə görüşüb

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Riqada Latviya Respublikası Seyminin sədri xanım İnara Murniyetse ilə görüşüb. 

Azadinform xəbər verir ki, Latviya Respublikası Seyminin sədri İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

İnara Murnietse Seymin bir qrup deputatını Prezident İlham Əliyevə təqdim edib.

Latviya Seyminin sədri Prezident İlham Əliyevə Seymin fəaliyyəti barədə məlumat verdi və iclas zalı ilə tanış edib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Dövlətimizin başçısı Latviya Seyminin fəxri qonaqlar kitabını imzalayıb.

Daha sonra Prezident İlham Əliyevin Latviya Seyminin sədri İnara Murnietse ilə görüşü olub.

Latviya Seyminin sədri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Bakıya səfərini məmnunluqla xatırlayan İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin də ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Latviya parlamentinin sədri ilə Bakıda görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərə böyük töhfə verdiyini bildirib. Ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışıb. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Latviyanın uğurla əməkdaşlıq etdiklərini deyən Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxundu, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirib, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri dəstəklədiyini vurğulayıb.

Latviya Seyminin sədri Avropa İttifaqında Azərbaycanı daim dəstəklədiklərini bildirib. Latviyanın mövqeyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsindən ibarət olduğunu deyən İnara Murnietse cəbhə xəttində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətli ilə nəticələnən son hadisədən təəssüfləndiyini bildirdi və qeyd edib ki, əfsuslar olsun, cəbhə bölgəsində bu cür vəhşilik halları davam edir.

Prezident İlham Əliyev təmas xəttində mülki əhalinin qətli ilə nəticələnən son hadisələrdən danışıb, bu hadisə, həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Latviyanın mövqeyinə görə minnətdarlığını bildirib.

17.07.2017 17:22 / Baxılıb: 260 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo