Dövlətlə cəmiyyət arasında 3 əsrlik körpü

Milli mətbuatımızın tarixi 1875-ci ildən – böyük maarifpərvər Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. 1877-ci ilədək iki həftədə bir dəfə olmaqla, cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti o dövr üçün böyük hadisə idi. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir vaxtda baş verdi.

Keçən 142 ildə Azərbaycan mətbuatı keşməkeşli yol keçib, müxtəlif ictimai-siyasi formasiyalarda fəaliyyət göstərib və böyük bir məktəbə çevrilib. Son illərdə isə, texnologiyanın inkişafı mətbuatın operativliyini və kütləviliyini daha da artırıb. 

Hazırda, Azərbaycanda 3 mindən çox mətbuat vasitəsi qeydiyyatdan keçib, lakin real dövrü fəaliyyət göstərənlərin sayı bir neçə yüzdür. Bura qəzetlər, jurnallar, agentliklər və xəbər portalları daxildir.

Azərbaycanda mətbuat azadlığı tam təmin olunub, hər hansı bir qəzet və ya xəbər saytı açmaq üçün heç bir icazə, sənəd tələb olunmur. Lakin gəlin görək bu azadlıq hansı nəticələr doğurub.


Mətbuatın funksiyası nədir və ya nə olmalıdır?


Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən, insanların mədəni istirahətini təmin edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mətbuat, qanunları və etik normaları pozmamaq şərtilə azad olmalıdır. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir.

Söz və mətbuat azadlığının qırmızı xəttini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Bu halda “media azadlığı necə tənzimlənməlidir”, ya da “söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı” sualları ortaya çıxır.

Bu məsələyə 2 kontekstdən yanaşmaq olar - söz və mətbuat azadlığı müəyyən çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.

1. Media və söz azadlığına çərçivə qoyulduqda bəzi məmurlar və başqaları jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər.

2. İfrat-azadlıq şəraitindən bəzi jurnalistlər sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korporativ maraqlar üçün yararlana  bilir.

Azərbaycanda 2-ci hal müşahidə olunur. Ölkəmizdə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarına kifayət qədər rast gəlinir.

İfrat azadlıq şəraitində bir çox elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Əvəzində sifarişli, qərəzli, cəmiyyətdə problem yaradan materiallar çoxluq təşkil edir. 

Media azadlığının tam boğulması zamanı isə fərqli problemlər meydana çıxır. Vətəndaşlar dövlətin işlərindən və ölkədə baş verənlərdən xəbər tuta bilmir. Bu zaman informasiyalar “simsiz teleqrafla” xalq arasında dolaşır, şayiələr baş alıb gedir, dövlətə inam azalır.

Beləliklə, ultra azadlığın və ya senzuranın olması şəraitində problemlərin yarandığı aydın olur. Bəs nə etməli? Bəzən başqa ölkələrin təcrübəsini misal gətirirlər. Düzdür, bu məsələnin həll olunması üçün ideal olmasa da, sınaqdan çıxmış praktikalar yox deyil. Lakin nəzərə almaq lazımdır ki, media qanunvericiliyi, jurnalistika ənənələri, ictimai münasibətlər sistemi, cəmiyyətin mənəvi-psixoloji mühiti hər ölkədə eyni deyil. Eyni olan etik peşə kodeksləridir ki, bu da məcburi xarakter daşımır.

Hər məsələdə “qızıl orta” deyilən bir praktika da var ki, bütün hallarda o, öz müsbət təsirini göstərir. Azərbaycanda mətbuat azadlığı sahəsində bu 3-cü yolun seçildiyi aydın görünür. 


Mətbuat nəyi yaza bilər, nəyi yox?


Ölkədə müxtəlif sahələrdə böyük inkişaf tendensiyası ilə yanaşı, problemlərin də varlığı heç kimə sirr deyil. Bu problemlər ən ali dövlət kürsülərindən, prezident səviyyəsində etiraf olunur. Bu problemləri mətbuat da işıqlandırmalı, hökumətin diqqətinə çatdırmalıdır. 

Mətbuat nöqsanları, problemləri açıq göstərdikdə, həm bu problemlər həll olunur, həm də vətəndaşlarda dövlətə, mətbuata inam güclənir. Ölkədə nöqsanlara və qanun pozuntularına qarşı dövlət səviyyəsində güclü mübarizənin aparılması mətbuatın “4-cü hakimiyyət” statusunu təsdiq etməsi üçün ideal imkandır, çünki medianın yardımı olmadan bu proses öz hədəflərinə çata bilməz.

Bununla belə, mətbuatın siyasiləşməsi, siyasi alətə çevrilməsi heç də müsbət tendensiya deyil. Çünki bu, cəmiyyəti çaş-baş salır, belə ki, bir konkret hadisə haqda hər qəzet və ya sayt fərqli xəbər yaydıqda, vətəndaşlar hansının daha doğru olduğunu aydınlaşdırmaqda çətinlik çəkirlər. 

Bir neçə il əvvəl Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibətilə keçirilən tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məsələyə toxunaraq bildirmişdi ki, Azərbaycanda media siyasi qurumlar ətrafında birləşib və bu arzuolunmazdır: “İqtidaryönlü mətbuat çalışır ki, yalnız iqtidarın yaxşı tərəfini göstərsin. Müxalifət isə ancaq iqtidarı qaralamaqla cəmiyyətdə gözdən salmağa çalışır. Müstəqil media isə az da olsa var və o, inkişaf edir”.

Bəli, Azərbaycanda məhz müstəqil mediaya ehtiyac var və məhz buna görə siyasiləşmiş, korporativ maraqlara xidmət edən media getdikcə sıradan çıxır. 

Mətbuata azadlıq verilməsi o demək deyil ki, hər şey kütləvi tirajlanmalıdır. Yalan, böhtan, qərəzli məlumatlar yaymaq olmaz. Dövlət maraqlarını, milli mənafeləri təhlükəyə atan informasiyalar dərc etmək olmaz - xüsusilə müharibə şəraitində yaşayan bir ölkədə hərbi sirr sayılacaq məlumatları. Başqasının şərəf və ləyaqətini, işgüzar nüfuzunu təhqir edən materiallar yaymaq olmaz, zərərli ideologiyaların və vərdişlərin təbliğini ifadə edən yazılar vermək olmaz, uşaqlarla bağlı bəzi məlumatları və fotoları yaymaq olmaz, istintaqın gedişinə mane olacaq xəbərləri yazmaq olmaz… Göründüyü kimi, elə şeylər var ki yazılmalı deyil.


Dövlət mətbuatın inkişafı üçün nə edir?


Mətbuat dövlətlə cəmiyyət arasında dəmir körpüdür. Bu körpü olmasa ölkənin müvazinəti pozular. Buna görə də, mətbuatın inkişafı, jurnalistlərin rahat və sərbəst fəaliyyəti üçün dövlətimiz əlindən gələn hər şeyi edir. Mətbuat orqanlarına hər il yardımlar ayrılır, onların layihələri maliyyələşdirilir ki, buna da böyük məbləğdə vəsaitlər sərf olunur. Mətbuata burada sadalamadığımız bir sıra güzəştlər də edilir. 

Jurnalistlər üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının, həmçinin müxtəlif dövlət orqanlarının xətti ilə hər il çox sayda genişmiqyaslı müsabiqələr təşkil olunur və qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunur.

Bundan başqa, Azərbaycan mətbuatının, eləcə də dünya mətbuatının tarixində analoqu olmayan bir iş görülür. Dövlət başçısının sərəncamı əsasında mətbuat işçilərinin mənzil probleminin həlli məqsədilə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə 2013-cü ildə 156 mənzillik bina tikilib və milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlər mənzillə təmin olunub. 255 mənzillik növbəti binanın da bir neçə gündən sonra mətbuat günündə istifadəyə verilməsi gözlənilir. Ümumilikdə 411 nəfər jurnalist evlə təmin olunmuş olur. Artıq 3-cü binanın da təməlinin qoyulması gözlənilir ki,  bu da prosesin davamlı olacağını göstərir. Demək yüzlərlə mətbuat işçisi ən əsas sosial problemlərdən azad olacaq. Sosial problemi olmayan jurnalist isə daha effektiv işləyəcək.

Göründüyü kimi, Azərbaycanda söz azadlığı, plüralizm üçün dövlət tərəfindən lazimi şərait yaradılıb, həmçinin jurnalistlərin sosial problemlərinin həlli təmin edilir. İndi qalır vicdanla, məsuliyyətlə işləmək, vətənə, xalqa, dövlətə öz fəaliyyəti ilə fayda vermək. 

Jurnalistikanın əsas kriteriyaları obyektivlik, tərəfsizlik və peşəkarlıqdır. Bu ana vəzifələri yerinə yetirmək təbii ki, çətindir. Məhz bu üzdən jurnalistika fədakar insanlar tələb edir.

Media olmayan hadisəni göstərən “sehirli güzgü” ola bilməz və olmamalıdır. Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda məşhur tərifi var: “Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar ora baxaraq bütün hadisələri olduğu kimi görür”. 

Azərbaycana məhz belə media lazımdır.

Mətbuat gününüz mübarək!


Elçin Bayramlı

17.07.2017 16:46 / Baxılıb: 373 / Çap
 
    Bu bölmədə
    1.12.2017
    Muzeydə dərs
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo