Raymonds Veyonis: Azərbaycan-Aİ əlaqələri Şərq tərəfdaşlığı sammitində konkret formasını tapacaq

Adəm Abbaslı/AZADİNFORM. “Latviya bu iki tərəf arasında – Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin”.

Azadinform xəbər verir ki, bunu Riqada Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata açıqlama verən Latviya prezidenti Raymonds Veyonis deyib.

“Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir. Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər”, - deyə o vurğulayıb.

Latviya prezidenti Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirdiyini bildirib: “Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək. Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir. Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək”.

17.07.2017 16:40 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo