Azərbaycanı 48 saat ərzində tərk etmə ilə bağlı 5400-ə yaxın qərar qəbul olunub

Şərəf Əliqızı/AZADİNFORM. Dövlət Miqrasiya Xidmətində (DMX) bu ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Xidmətdən Azadinform-a verilən məlumata görə, müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının 6 ay ərzində kifayət qədər artmasına səbəb olub.

F.Nəbiyev qeyd edib ki, 2017-ci ilin birinci yarısında 1.199.770 halda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955.279 halda 529.924 olub.

Diqqətə çatdırılıb ki, 6 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib ki, bu da ötəni ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Bu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5.391 qərar qəbul olunub.

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycanın vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 45.099 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb və müvafiq qərar qəbul edilib.

2017-ci ilin 6 ayı ərzində Xidmətin Çağrı mərkəzinə 46.992 zəng daxil olub.

17.07.2017 14:30 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo