"Türkiyə Azərbaycanın neft və qaz layihələrindən 8 milyard dollar qazanıb"

“Türkiyə dövləti və şirkətləri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, Trans-Anadolu qaz boru kəməri (TANAP), “Şahdəniz” layihələrinin icrasından 8 mlrd. ABŞ dollarından çox gəlir əldə edib”.

Məlumata görə, bunu BP şirkətinin qlobal emal və marketinq üzrə icraçı direktoru Tufan Erginbilgiç bildirib.

Onun sözlərinə görə, bu layihələrdən Türkiyə daha 15 mlrd. dollar qazanacaq: “Dünya neft hasilatının 1%-i BTC ilə, 2,5%-i Türkiyə boğazları ilə daşınır. Türkiyə bizim üçün önəmlidir. Təkcə TANAP layihəsi Türkiyəyə inamımızı göstərir. Bu layihədə BP şirkəti 12% paya malikdir”.

O qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun irəliləyir və gələn il “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz Türkiyəyə nəql olunacaq: “Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər tamamlandığında Xəzər qazı ilk dəfə olaraq Avropaya nəql olunacaq. Burada Türkiyənin rolu çox önəmlidir. Türkiyə BP şirkəti üçün çox vacib və strateji iş ortağıdır. Həm BTC, həm də “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihələrində Türkiyənin TPAO və "BOTAŞ" şirkətləri ilə çalışırıq. BP şirkətinin qiymətləndirmələrinə görə, BTC, TANAP və “Şahdəniz” layihələrinin Türkiyəyə ümumi töhfəsi 8 mlrd. dollardan çoxdur. Bura investisiya, ödənilən paylar da daxildir”.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. TPAO şirkəti 6,53% payla BTC-də səhmdarlardan biridir.

"Şahdəniz" qaz-kondensat yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur. Hazırda yatağın işlənməsinin I mərhələsi çərçivəsində Türkiyəyə ildə 6 mlrd. kubmetrdən çox qaz nəql edilir. “Şahdəniz" konsorsiumda TPAO 19% paya mailkdir.

TANAP Xəzər dənizin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP-da Türkiyənin "BOTAŞ" şirkəti 30% paya malikdir. (report)

17.07.2017 13:42 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo