Peşə hazırlığı və peşəyönümü tədbirlərə nə qədər şəxs cəlb edilib?

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-iyun aylarında 61 230 nəfər şəxsi peşə hazırlığı, əlavə təhsil kurslarına və  peşəyönümü tədbirlərinə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqabət qabiliyyətinə malik olması üçün görülən işlərin davamı olaraq, son 6 ayda nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 286  nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda ənənəvi və modul tədris üsulları əsasında kompyuter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, qənnadçı, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr öyrədilib. 

 Qeyd olunan dövrdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər yeni peşələrə yiyələnməklə bərabər, burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Cari ilin birinci yarımilində gənclərin əmək bazarının tələbləri əsasında  düzgün peşə və ixtisas seçiminə köməklik göstərilməsi üçün əsasən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri də davam etdirilib. Bu tədbirlərə ümumilikdə  58 824 nəfər gənc cəlb olunub. Onlara əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri haqqında ətraflı məlumatlar, peşəyönümü məsləhətləri verilib.

17.07.2017 11:00 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo