Prezident: Bütün qurumlara və iş adamlarına dərs olacaq ki, ağacı kəsirsənsə, cəzan cərimə ilə bitməyəcək

Adəm Abbaslı/AZADİNFORM. “Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb”.

Azadinform xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşü zamanı deyib.

O bildirib ki, yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. “Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi var və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək”.

15.07.2017 13:45 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo