Xalqın iradəsinə qalib gəlmək hələ indiyədək heç kimə müəssər olmayıb

Samir Soltanov/AZADİNFORM. Bu gün Bakıda ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunmuş "15 iyul dastanı" adlı tədbir keçirilir. 

Azadinform xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər dövlət rəsmiləri iştirak edirlər. 

Əvvəlcə "15 iyul" şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Sonra hər iki ölkənin dövlət himni səsləndirilib və TRT kanalının hadisədən lentə aldığı kadrlar yayımlanıb. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Türkiyədə ötən il 15 iyulda yaşananların çox ağır hadisə olduğunu söyləyib: "Tədbirdə yayımlanan görüntülərdə o müdhiş gecəni izlədik. Kim də bilməsə, Azərbaycan xalqı bu hadisələrin nə olduğunu yaxşı bilir. Çünki biz özümüz də 1993-cü ildə və ondan əvvəlki illərdə belə hadisələrin şahidi olmuşuq. Azərbaycanda 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri olub. Hər iki halda Azərbaycanda da belə xain qüvvələr şəxsi ambisiyalarını xalqın iradəsindən üstün tutaraq dövlətə, dövlətçiliyə əl uzatdılar, silah işlətdilər və Azərbaycanda qanuni hakimiyyəti devirməyə cəhd etdilər. Ancaq onların nəyə nail olduqlarını burada oturanlar çox yaxşı bilir". 

Ə.Həsənov qeyd edib ki, həm Azərbaycanın yaşadığı olaylar, həm də Türkiyədə 1 il əvvəl yaşanan hadisələr bir neçə ciddi həqiqəti ortaya çıxardı: "Bu həqiqəti siyasətlə məşğul olan və hakimiyyət iddiası ilə yaşayan insan bilməlidir: birincisi odur ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz və xalqın iradəsi ölkədəki bütün iradələrdən üstündür və ona qalib gəlmək hələ indiyədək heç kimə müəssər olmayıb və yəqin ki, bundan sonra da olmayacaq". 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək 15 iyul hadisələri zamanı 250-yə yaxın insanın həlak olduğunu xatırladaraq dövlət çevrilişi cəhdinin ağır nəticələrindən danışıb. Bildirib ki, həmin gün xalqımız Vətən, dövlətçilik uğrunda mübarizə apardı. 

Azərbaycanda da 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin olduğunu xatırladan səfir xalqımızın dəstəyi, ulu öndər Heydər Əliyevin liderliyi ilə bu cəhdlərin qarşısının alındığını vurğulayaraq deyib: "Əsl həqiqətlər bax belə zamanda ortaya çıxar və həqiqi liderlər yenilməz iradə nümayiş etdirirlər. Türkiyə xalqı çox xoşbəxtdir ki, Prezident Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli lideri var. Xalq öz liderinin ətrafında sıx birləşərək 15 iyul çevriliş cəhdinin qarşısını aldı". 

Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğana məktubunun qardaşlıq dəstəyinin göstəricisi olduğunu vurğulayan diplomat bildirib: "Azərbaycan FETÖ ilə mübarizədə ilk andan bizə fəal dəstək verməyə başladı. Prezident İlham Əliyev dövlət çevrilişi cəhdindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana ilk zəng edən dövlət başçılarından biridir. Bu, dəstək bizim üçün çox mühüm əhəmiyyət kəsb edir”. 

15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar Azərbaycanda da çoxsaylı anım mərasimlərinin keçirildiyini vurğulayan Erkan Özoral göstərilən yüksək dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirib. 

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov qardaş Türkiyədə 15 iyul hadisələri zamanı Prezident İlham Əliyevin, Azərbaycan xalqının ilk saatlardan qardaş ölkə ilə yüksək həmrəylik nümayiş etdirdiklərini bildirib. 15 iyul hadisələrinin səbəblərinin geniş tədqiq olunduğunu vurğulayan Ə.Əmiraslanov qeyd edib ki, bu çevrilişin qarşısının alınmasının əsas səbəbi türk xalqının mətinliyi, demokratiyaya və dövlətçiliyə sadiqliyi, Vətəninə, millətinə, Prezidentinə yüksək məhəbbətidir. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həmin hadisələr zamanı əsl liderlik nümayiş etdirdiyini, xalqı səfərbər edərək dövlət çevrilişi cəhdinin qarşısını aldığını vurğulayan Ə.Əmiraslanov dostluq qrupunun üzvlərinin də ilk saatlardan qardaş ölkəyə fəal dəstəyini xüsusi qeyd edib.

14.07.2017 18:20 / Baxılıb: 267 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.07.2017
22.07.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo