Məktəbliləri narkomaniyadan necə uzaqlaşdırmaq olar?

Narkotik maddələrin müntəzəm surətdə orqanizmə yeridilməsi insanda fiziki və psixi funksiyaların pozulmasına gətirib çıxarır. Çünki narkotiklərin qəbulu orqanizmin bütün üzvlərini zədələyir və onun dağılmasına səbəb olur. Gənclər çox vaxt təcrübəsiz olduqlarına görə alkoqolizmə və narkomaniyaya düçar olurlar. Bu bəlaların məhvedici nəticələrinin gənclərə vaxtında başa salınması, onların mənəvi cəhətdən düzgün tərbiyəsi belə neqativ halların aradan qaldırılmasına nə qədər böyük kömək göstərə bilərdi. 

Bu sahədə maarifləndirmə şərtdir. Kitabxanaçılar da burada fəal iştirak etməli, maarifləndirmə işlərinə kömək göstərməlidir. Yeniyetmələri mənəvi cəhətdən yoxsullaşmağa qoymamaq, onları cəmiyyət üçün layiqli şəxsiyyətlər kimi yetişdirmək kitabxanaçıların qarşısında duran ən ümdə vəzifələrdən biri olmalıdır. Yeniyetmə bilməlidir ki, narkoman cəmiyyət üçün qiymətini itirmiş bir varlıqdır. Narkomaniya ürək-damar sistemində, qaraciyərdə geri dönməyən proseslər törədir. Narkomaniyaya tutulmuş orqanizm tədricən dağılır, bu nəhayət ölümlə nəticələnir. Bütün bunları nəzərə alaraq, narkomaniyanın müalicəsinə tez başlamaq lazımdır. Çünki pozulmuş funksiyaların bərpası gecikdirilərsə, müalicə çətinləşə bilər. Düşünmək lazımdır ki, gələcək bu gündən sağlam nəsil gözləyir. 

Image result for gənclər narkoman

Narkomaniya xəstəliyinə yoluxanlara diqqət və mərhəmətimizi bir an belə əsirgəməməli, onların dözülməz ağrı və iztirablarına biganə qalmamalı, sarsıntılarını aradan qaldırmalı, onları sağlam həyata qaytarmaq üçün əlimizdən gələni etməliyik. Bu məqsədlə yeni müalicə üsulları aranmalı, tibbi axtarışlar davam etdirilməli, mövcud mübarizə vasitələrindən geniş istifadə olunmalıdır. Məktəbliləri bu pis vərdişlərdən uzaqlaşdırmaq üçün onların arasında məsələn, “Narkomaniyaya yox deyek!” mövzusunda inşa müsabiqəsinin keçirilməsi yaxşı nəticələr verə bilər. Mövzunu işləyərkən uşaqlar müvafiq ədəbiyyatı oxuyub, internetdən lazımi informasiyanı almış olacaqlar. Bu da istər-istəməz onlara narkomaniya və alkoqolizmin pis vərdişləri ilə bağlı məlumatlanmasına səbəb olacaq. Nəticələr yoxlanıldıqdan sonra ilk üç yerin sahibi mükafatlandırılarsa bu uşaqların öz hüquqlarını öyrənmək həvəsini daha da artırar. 

Həmçinin eyni adda rəsm müsabiqəsinin keçirilməsi də yaxşı nəticələr verər. Məktəblərdə valideynlərlə görüşün təşkil edilməsi də bu sahədə böyük irəliləyişlərə səbəb olar. Valideynlər uşaqların və onların fiziki əqli inkişafının qayğısına qalmağa və onları vətənin layiqli vətəndaşı kimi böyütməyə borcludurlar. Valideynlər öz hüquq və vəzifələrini uşaqlarına aşılamalı və onları düzgün istiqamətləndirməlidirlər. 

Məktəblilərlə “Narkomaniyaya yox deyək!?” adlı disputun keçirilməsinin də nəticələri yaxşı olar. Belə ki, uşaqlarla bu barədə söhbətin aparılması onların bu sahədə maariflənməsinə kömək edə bilər. Tədbirə hər hansı bir uşaq hüquqları təşkilatının nümayəndəsini dəvət edərək uşaqları maraqlandıran sualların cavablandırılmasına şərait yaratmaq da məqsədə uyğundur. Uşaqlarla bu mövzuda danışarkən slaydlardan istifadə olunması, narkomaniyanın fəsadlarının daha yaxşı başa düşmələrinə yardımçı olar. Bu məqsədlə müvafiq slaydları da onlara təqdim etmək olar. Çünki bu, uşaqların marağını daha tez cəlb edəcək bir vasitədir.

Narkomaniya ilə bərabər məktəblilərə alkoqolizm və papirosun da insan orqanizminə vurduğu ziyanlardan danışmaq lazımdır. Narkomaniya və alkoqolizmin pis vərdişlərini özündə əks etdirən İsmayıl Qarayevin “Məni tanıdınmı?” kimi əsərlərinin oxuculara tövsiyə olunması məqsədəuyğun sayılar. Belə ki, bu əsərlərin hər birində insanların acınacaqlı vəziyyəti, bir parça çörək uğrunda qatlaşdıqları iztirab, təhsil ala bilməmələri hazırkı dövr üçün də müəyyən qədər xarakterikdir. 

Məlumdur ki, kitab müzakirələri və oxucu konfransları uşaq kitabxanaları üçün kitab təbliğində böyük əhəmiyyət daşıyır. Bunlar məktəbli oxucuların formalaşmasına, dünyagörüşlərinə və əxlaq tərbiyəsinə böyük təsir göstərir. Alkoqolizm, QİÇS və narkomaniya ilə mübarizəyə həsr edilmiş mövzularda olan tədbirlərin keçirilməsi də yerinə düşər. Belə zəhərli, pis vərdişlərdən uzaq olmanın ən asan yolu uşaqlarımızı idmana həvəsləndirmək, boş vaxtlarını idmanla bağlı əyləncəli oyunlarla keçirməsinə çalışmalıyıq.

Qeyd etmək lazımdır ki, narkomaniyaya qarşı mübarizəyə dair ədəbiyyatın mövzusu oxucuların yaş, bilik səviyyəsi, dünyagörüşünə bu və ya digər kitabın məzmununu müstəqil surətdə başa düşmək, onu təhlil etmək və müəyyən əməli nəticələr çıxara bilmək bacarıqlarına uyğun olmalıdır. Məhz buna görə də oxucular üçün keçirilən kitab müzakirələri və oxucu konfranslarının daha canlı və maraqlı olmasına çalışmaq lazımdır. Düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik, yaxud pis tərbiyə yetkinlik yaşına çatmayanlarda mənfi hislərin yaranmasına səbəb olar. Gənclərin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması vəzifəsi hər bir təhsil-tərbiyə müəssisəsi, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul vəzifədir.


Ləman

Bu məqalə “İntellekt Araşdırmaları Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Gənclərin narkotika aludəçiliyindən çəkindirilməsi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

13.07.2017 17:55 / Baxılıb: 494 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.07.2017
    20.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo