Avropa təhsilinə sürətli inteqrasiya...

Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Müstəqil Azərbaycanın mədəniyyətini yalnız həqiqi bilik əldə etmiş insanlar inkişaf etdirə bilərlər. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında sabit inkişafa nail olduğu kimi, təhsil sistemimiz müstəqil dövlətçilik prinsipləri əsasında tərəqqi etməyə başladı. Əsas məqsəd milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanan, beynəlxalq standartlara, xüsusən Qərb standartlarına uyğun milli təhsil sisteminin yaradılmasıdır. Cəmiyyət və dövlətin taleyi həm də təhsil sisteminin necə qurulmasından, təhsil mexanizminin necə gerçəkləşməsindən asılıdır. Müstəqil respublikada təhsil sistemi, onun inkişaf parametrləri beynəlxalq standartlarla təkmilləşdirilməlidir.

İndi intellektual dünyadır, elmi-texniki tərəqqini səviyyəsində inkişaf etdirmək üçün, şübhəsiz ki, yüksək təhsilə, elmə nail olmalıyıq. On minə yaxın təhsil müəssisəsini, iki milyondan çox təhsil alanı, iki yüz mindən çox təhsil verəni, dövlət büdcəsinin beşdən birini əhatə edən təhsil çox geniş və mürəkkəb sistemdir. Müstəqil dövlətin təhsil siyasəti dünyanın inkişaf etmiş ölkələrin təhsil sisteminə yaxınlaşdırmaq bu günün ən vacib və zəruri vəzifəsidir. Təhsil hər bir ölkənin inkişafında başlıca rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsini əgər gözdən keçirsək görərik ki, məhz o ölkələrdə inkişaf var ki, orada elm, bilik, təhsil yüksək səviyyədədir. Bizim böyük təbii sərvətlərimiz, çox əlverişli coğrafi mövqeyimiz var. Bütün məktəblərdə ən müasir tədris prosesi tətbiq olunur, məktəblərin maddi-texniki bazası möhkəmlənir.

Xalq təsərrüfatnın başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri özünü bir qədər gec biruzə verir və həmin nöqsanın düzəldilməsinə də çox zaman lazım gəlir. Təhsilin forma və məzmunca yetkinləşdirilməsi, təlim-tərbiyə işinin təkmilləşdirilməsi XXI əsrin gənc nəslinin yüksək səviyyədə formalaşdırılmasını təmin etməlidir. Yeni əsrdə dünyada təhsilin keyfiyyətcə yüksəlişinə nail olunacaq, cəmiyyətin tərəqqisində təhsilin müstəsna rolu yüksələcək, bəşər sivilizasiyasında ən çox maraq doğuran qlobal bir məsələyə diqqət güclənəcək. Ölkəmizdə təhsilin məzmunca yaxşılaşdırılması, gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsi cəmiyyətin qarşısında duran mühüm vəzifələrindən biridir. 

Azərbaycan təhsili güclü maddi-texniki bazaya, kadr potensialına malikdir. Bu sahələrdə əldə olunmuş nailiyyətlər dünyanın sivil ölkələri ilə müqayisə olunmağa layiqdir. Artıq ölkəmiz getdikcə Avropa təhsilinə daha sürətlə inteqrasiya olunur. Bu gün Azərbaycan təhsili, mədəniyyəti dünya sivilizasiyasına tam cavab verən səviyyədədir. 

Əsrin əvvəllərində milli tərəqqinin və dövlətçilik təfəkkürünün formalaşması yalnız onu xalqın maariflənməsində görən Azərbaycan ziyalıları maarifçilk hərəkatına, dünyəvi təhsilə üstünlük verdilər. Milli və ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında beynəlxalq təhsil standartları sahəsində islahatlar aparılır. Məzmun, mahiyyətcə milli dövlətçiliyimizə, ideologiyamıza və mentalitetimizə əsaslanan Azərbaycan təhsil sistemi qurulur. 

Azərbaycan xalqı təhsilin mahiyyətini milli təfəkkür, mentalitet və ideoloji prinsip səviyyəsində dərk edərək düzgün qiymətləndirib. Əldə etdiyimiz ən böyük nailiyyət xalqda təhsilə münasibətin, milli mentalitetin aparıcı amilinə çevrilməsi sayıla bilər.

Digər sahələrin inkişafı da təhsildən asılıdır. Keçmiş SSRİ təhsil sistemində olan çatışmazlıqların aradan qaldırılması, elmdə inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiya baxımından təcrübələrin öyrənilməsi təklifi olduqca müsbət haldır.Dövlətin strateji sahələrindən biri kimi təhsilimiz ümumbəşəri və milli dəyərlərimiz əsasında formalaşmaqdadır. Azərbaycanda təhsil sahəsində çox böyük işlər görülmüşdür, amma bütün bu uğurlar fonunda mütləq müstəqil Azərbaycanımızın yeni təhsil qanunu olmasına böyük ehtiyac duyulurdu. Yeni təhsil qanunu dünya standartlarına cavab verir, dövlətin və millətin ideologiyası ilə bağlıdır, müstəqil dövlət quruculuğumuzun ən əsas prinsipləri ilə çulğaşır. Biz açıq cəmiyyətə doğru gedirik, burada demokratik xətt təhsil sistemində aydın nəzərə çarpmalıdır.

Hər bir yeni yaradılan dövlətin, müstəqillik qazanmış  bir respublikanın ən ümdə vəzifələrindən biri öz milli təhsil sisteminin yaradılmasına, bu sistemin sivil dövlətlərin təhsili səviyyəsinə yüksəldilməsinə nail olmaqdır. Müstəqillik əldə etdiyimiz dövrdən bəri yeni təhsil sisteminin təşkili, onun inkişafı dövlətçilik siyasətinin ən önəmli uğurlarından hesab edilməlidir.Təhsil islahatımızda yeni prinsiplərə, tələblərə tezliklə sirayət olunmalı, humanistləşdirmə, diferensiallaşdırma və fərdiləşdirmə yolları ilə pedaqoji təfəkkürü formalaşdırıb uğurlar, nailiyyətlər əldə edə bilərik.

Ümumtəhsil məktəblərində təlim-tərbiyə sahəsində qazanılmış müvəffəqiyyətlərin böyük bir hissəsi işin düzgün təşkilindən asılıdır. Təhsil islahatları sahəsində əzəmətli vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün respublikanın bütün pedaqoji kollektivləri qarşılarına qoyduqları mühüm vəzifələri layiqincə yerinə yetirməyə borcludurlar. 

Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı irəlidə gedən xalqların arxasınca gedərək bəşəriyyətin əldə etdiyi elmi, texniki nailiyyətlərdən istifadə etməyə çalışıbdır. Bunun üçün də birinci növbədə öz milli təhsilini yaradıb... Bu, XX əsrdə bizim əldə etdiyimiz ən böyük nailiyyətdir. Çünki əgər xalqımız təhsillənməsəydi, savadlanmasaydı, nəhayət Azərbaycanın özünün milli ali təhsil müəssisələri, institutları, universitetləri yaranmasaydı, indi biz müstəqil olaraq bu cür böyük imkanlara malik ola bilməzdik...”  

Hər bir xalqın, dövlətin inkişafında təhsilin xüsusi əhəmiyyəti var. Təhsilin inkişafına kömək etmək isə hər bir vətəndaşın  borcudur. Azərbaycanın təhsil sistemində problemlər mövcuddur. Əlbəttə, bu problemlər bu günün, dünənin problemləri deyildir. Bu probmelərin bir neçə obyektiv, subyektiv səbəbləri var. Azərbaycan 200 ildən çox bir dövr ərzində başqa bir ölkənin tabeliyində, onun təsir dairəsində olmuşdur. 

Bu gün isə Azərbaycan məktəblərində xalqımız milli ruhda tərbiyə almasına güclü diqqət yetirilir. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq ümumtəhsil dövlət standartları təsdiq olunmuş, şagirdlərimizin təlim-tərbiyəsi, onların meyl və qəbul maraqları nəzərə alınmaqla, bitkin tərbiyə sistemi yaradılmışdır. Azərbaycanın gələcəyi olan uşaqların, gənclərin təlim-tərbiyəsi, mükəmməl dünyagörüşü, sağlam nəsil yetişdirmək önəmli məsələdir. Çünki təhsil sistemi cəmiyyətin özülünü təşkil edir, ümumdövlət əhəmiyyətli strateji sahədir.


İ.Əsgəroğlu

 

Bu məqalə “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Mənim məktəbim” - ümumtəhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb. 

12.07.2017 11:00 / Baxılıb: 717 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo