Alxanlıda ermənilərin öldürdüyü 2 yaşlı Zəhra və onun nənəsinin 7 mərasimi keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın yeddi mərasimi keçirilib.

Azadinform xəbər verir ki, yas mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun bütün idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, sadə insanlar, o cümlədən müxtəlif rayon və şəhərlərindən olan insanlar, həmçinin respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi şəxsləri iştirak edib. Dörd mindən artıq insanın iştirak etdiyi mərasimdə azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məzarları başında yad edilib, ruhlarına dualar oxunub.

Minlərlə insanın iştirak etdiyi yeddi mərasimdə Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndində dinc əhalini mütəmadi olaraq atəşə tutması, qadınları və azyaşlı uşaqları hədəf alması lənətlənib, düşmənin Alxanlıda törətdiyi hadisənin cavabsız qalmadığı vurğulanıb. Bildirilib ki, Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisəyə ordumuz tərəfindən layiqli cavab verilib, Sahibə Quliyevanın və azyaşlı Zəhranın qisası alınıb. Qeyd olunub ki, Ermənistanın Alxanlıda dinc sakinləri, xüsusilə azyaşlı uşağı qanına qəltan etməsi bütün dünyaya çatdırılıb, düşmənin insanlığa sığmayan hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən pislənilib və qınanılıb. 

Alxanlı kənd sakinləri bir daha düşmənin bu cür hərəkətlərindən qorxmadıqlarını, öz evlərini tərk etmədiklərini, Ali Baş Komandan, Prezident İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.

12.07.2017 10:00 / Baxılıb: 709 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo