Dövlətin dəstəyi olmadan mediada köklü və dinamik inkişaf mümkün deyil

Rəfail Becanov: “Jurnalistin xəbərdən kənar həyatı olmur”

 

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov bu günlərdə ad günü qeyd edib. 142 yaşlı Azərbaycan Mətbuatının 23 ilinə öz töhfəsini vermiş jurnalistlə söhbətləşən “Ağ yol” onun bu sahədəki yoluna nəzər salmaq istəyib. Jurnalistika həyatından danışan baş redaktorla müsahibədə mətbuatımızın dünəni, bu günü, problemləri mövzusunda bir xeyli məsələlərə toxunulub. Azadinform həmin müsahibəni təqdim edir:


- Rəfail müəllim, xoş gördük. Müsahibəmiz elə bir zamana təsadüf edir ki, həm də sizin doğum gününüzdür. Təbrik edirik, uğurlar arzulayırıq. Jurnalist olmaq çətindirmi?


- Təşəkkür edirəm, çox minnətdaram. Xüsusi olaraq ad günü qeyd etmirəm. Amma istəsək də, istəməsək də təbriklər olur, yığcam çərçivədə qeyd edirik. Doğum günü cavan yaşlarda bir başqa təəssürat yaradır. Sonradan isə başqa... Hər yaşın öz müdrikliyi var. 25-30 yaşında düşündüklərimizlə, hadisələrə yanaşmamızla indiki arasında böyük fərq var. Məncə, bu yaşın gətirdiyi təcrübədir. Sizə də təşəkkür edirəm ki, diqqət ayırmısınız. 


- Bir ömür jurnalistikada 23 il az deyil ...


- Jurnalistlikdən başqa da həyatımız, fəaliyyətimiz olub. Amma ən maraqlısı mənə görə jurnalistikadır. Çünki jurnalistin xəbərdən kənar həyatı olmur. İşdə də, evdə də, maşında da, istirahət edən də, az qala yatanda da informasiya ilə olursan. Yorulursan, amma zövq alırsan. Bəzən haqlı-haqsız tənqid olunursan, sənə irad tuturlar, düşünməyə məcbur olursan. Haqlıdır, ya haqsız? Jurnalistlərin qəribə həyatı var. Taksi sürücüsündən müğənniyə qədər hər kəs sənə nəsə öyrətməyə çalışır. Biri peşə etikası, peşə borcu, biri yazının yazılmasını, biri xəbərə yanaşmanı. Hər kəs öz düşüncəsini sənə öyrətmək istəyir. Düşünürsən ki, sən müğənniyə notlardan, rəqqasa oyun havasından, çobana qoyun saxlamaqdan danışmırsan, amma sənə hər kəs nəsə öyrətmək istəyir. Ona görə də hesab edirəm ki, jurnalist olmaq çətindir, səbir və dözüm lazımdır. 

Əsas şərt isə məsuliyyətdir. Jurnalist hər sözə görə məsuliyyət daşıyır. Sənin bir cümlənin təsirindən nələrsə dəyişə bilərsə, demək məsuliyyətin də böyükdür. 23 ildə yorulmadan daha çox öyrəndik, arada da öyrətdik. Əsas budur. Jurnalistikanın fərqli cəhətlərindən biri də yenilikdir. Saatbasat, anbaan yenilik içində olursan, yeni bir xəbərin daşıyıcısına çevrilirsən. Ona görə də darıxdırıcı peşə deyil.

Jurnalist olmağımda həm özümün, həm də talenin rolu var. 16 yaşım olanda “Azərbaycan müəllimi” qəzetinin zona müxbiri, şair Cavad Cavadlı məktəbimizə gəlmişdi və pasportumu o təqdim etdi mənə. O vaxtdan bir maraq yarandı. Sonra da ictimai-siyasi proseslər, Milli Azadlıq Hərəkatına qoşulmağım jurnalistikaya, qəzetçiliyə gətirdi məni. “Cümhuriyyət”lə başlayan jurnalist ömrü “Cümhuriyyət”lə də davam edir...


- Milli mətbuatımızın dünəni ilə bu gününü necə müqayisə edərdiniz? 


- Milli mətbuatımızın 142 yaşı var. Amma müasir mətbuatımız gəncdir. Müstəqilliyimiz qədər yaşı var. Dünəni də, bu günü də, gələcəyi də şərəfli olan bir tarixdir. Sadəcə texnologiyaların, inkişafın, yanaşmanın fərqi var. Sovetlər zamanı mətbuatın rolu dəyişdirilmişdi. Qəzetlər, jurnallar təbliğat-təşviqat funksiyası daşıyırdı. Müstəqillik dövründə isə mətbuat xəbər daşıyıcısına çevrildi. Texnologiyalar, xəbərə yanaşma dəyişdi, inkişaf etdi, yeni oxucu auditoriyası formalaşdı. O auditoriya ki, onlar medianı təbliğatçı kimi deyil, xəbər ötürücüsü kimi qəbul etdi.

Təbii ki, günü-gündən də mediamız dəyişir, inkişaf edir. 90-cı illərin sonuna kimi “Qlavlit” deyilən bir idarə vardı. Qəzetlər ancaq onlar icazə verəndən sonra çap oluna bilərdi. Yazı yazmaq, qəzeti çapa hazırlamaq nə qədər ağır əməyin bəhrəsi olsa da, senzuradan keçirmək daha ağır idi. Bəzən gecə 12-yə kimi o idarədə qalırdıq. Bir növ “Qlavlit”in daimi sakinlərinə çevrilmişdik. Bir sözün, cümlənin mübahisəsi saatlarla çəkirdi, gecə saat 3-də, 4-də qəzeti çapa verə bilirdik. 1998-ci ildə mərhum prezident Heydər Əliyevin Fərmanı ilə hamımızın “Qlavlit” dediyimiz bu senzura idarəsi ləğv edildi və rahat nəfəs almağa başladıq. Məncə, mediamız onda tam müstəqil oldu. 


- Bəs indi?


- İndi zaman dəyişib. Texnologiyalar inkişaf edib. Biz xəbəri tapmayanda xəbər bizi tapır. Norton deyilən bir proqram vardı, yazıları onda yığırdıq. İndi kimə desən ki, biz nortonda yazırdıq, ya gülərlər, ya da deyərlər o nədir. Yaxud biz mətbəələrə borclu qala-qala, günümüzü yola verərək qəzet buraxırdıq. İndi qəzetlər üçün bir təminat var. Dövlət yardım edir. Mənə elə gəlir ki, indi qəzetçi olmaq, qəzet buraxmaq daha asandır. Xüsusən KİVDF-nin yaranmasından sonra. Qəzetlərə maliyyə yardımın ayrılması çap mediasını ayaqda saxladı. İnternet mediası ilə rəqabət üçün şans, stimul və dayaq verdi, yoxsa çap mediası indi sıradan çıxmışdı. Bilirsiniz bu nə deməkdir? Bu, birbaşa dövlətin qəzetləri saxlaması, qoruması deməkdir. Prezident İlham Əliyev KİV-i belə xilas edib. Bu faktdır. Çap mediası ayaqda olduğuna, bu günki fəaliyyətinə görə prezidentə minnətdar olmalıdır. Ola bilsin ki, kimlərsə deyəcək yox belə deyil. Amma həqiqət budur. İnternet media çap mediasını üstələyir və bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Hələ 5 il bundan öncə ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “Nyu-York Tayms” deyirdi ki, tirajımız 2 milyon azalacaq, internet media oxucularımızı əlimizdən alır. Təbii prosesdir. Azərbaycan oxucusunun böyük əksəriyyəti internet medianı izləyir, çap mediasından uzaq düşür. Bunun da obyektiv və subyektiv səbəbləri var. Xəbər operativlik tələb edir. Operativ xəbəri isə internet media çatdırır. Reallıq budur ki, çap mediası operativlik baxımından internet mediaya uduzur. Ona görə də dövlət tərəfindən edilən yardımlar çap mediasını sıradan çıxmağa qoymadı. Hesab edirəm ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi, şəxsən cənab Əli Həsənov çap mediasını gözləyən təhlükəni öncədən düzgün proqnozlaşdırmışdı. Nəticədə medianın qorunub saxlanması üçün KİVDF-nin yaradılması ideyası meydana gəldi. 

Hazırda internet medianın da inkişafı üçün müəyyən təkliflər səsləndirilir. İnanırıq və əminik ki, bu da olacaq. Dövlətin dəstəyi olmadan hansısa sahədə köklü və dinamik inkişaf mümkün deyil. Daha ciddi uğurlar üçün medianın dövlətin dəstəyinə ehtiyacı var və media bu gün həmin dəstəyi hiss edir.


- Hətta jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün də addımlar atılır...


- Nəinki addımlar atılır, artıq nə zamansa arzu olanlar gerçəyə çevrilir. İkinci dəfə jurnalistlər evlə təmin olunacaqlar. 2013-cü ilin iyulun 22-də - Milli Mətbuat Günündə 150 nəfərdən çox jurnalist mənzillə təmin edildi. Bu gün isə 256 mənzillik ikinci bina artıq öz jurnalist sakinlərini gözləyir. Bu il Milli Mətbuat Günündə də cənab Prezidentin Sərəncamı ilə 256 jurnalist evlə təmin olunacaq. Üçüncü bina da tikiləcək. Bütün bunlar jurnalistlərə dövlət qayğısıdır. 

Qeyd etmək istərdim ki, jurnalistlərə qayğı bununla bitmir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da hər zaman dəstəyini jurnalistlər hiss edib. Şəxsən xanım Əliyevaya edilən hər hansı müraciət cavabsız buraxılmayıb.  

Mənə görə, jurnalistlər ölkənin dəstəyə ehtiyacı olan təbəqələrindən biridir. Dövlət də öz vətəndaşlarına sahib çıxmalıdır və çıxır. 50 il də işləsək jurnalistlərin gəlirləri ilə Bakıda ev sahibi olmaq çətin məsələdir. Ona görə də dövlətin bu qayğısı əvəzolunmazdır.


- Ölkədə söz və mətbuat azadlığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzən beynəlxalq təşkilatlar Azərbaycanda söz və mətbuat azadlığına qarşı təhlükə olduğunu bəyan edirlər...


- Bilirsiniz bu mübahisəli mövzudur. Kiminsə iddiası məsələnin belə olduğuna dəlalət etmir. Azərbaycanda internet də, sosial şəbəkələr də, media da azaddır. Kim nə istəyirsə, mübaliğəli desək, “fazlasıyla” yazır, yayır. Ölkədə müstəqil medianın, alternativ fikrin yayılmasına məhdudiyyət yoxdur. Mən şəxsən bunu alternativ fikri yayan media orqanlarının rəhbəri kimi deyirəm. Rəhbərlik etdiyim “Cümhuriyyət” qəzeti, “Cebhe.info” Xəbər Portalında alternativ fikir cəmiyyətə çatdırılır və hər hansı basqı, təqib hiss etmirik. Heç gözləmirik də. 

Mənim qənaətimcə, ölkədə özünü media elan etmiş, əslində mediaya aidiyyəti olmayan bəzi qruplara qarşı hüquq-mühafizə orqanlarının qanun çərçivəsində gördüyü tədbirlər var. Yəni, böhtançı və reket mətbuata qarşı qanun çərçivəsində tədbirlər görülür, onlar haqqında müvafiq ölçülər götürülür. Bunu müstəqil mediaya, alternativ fikrə qarşı basqı, təzyiq kimi qələmə vermək düz deyil. Bir daha təkrar edirəm ki, əsas alternativ fikir daşıyıcılarından biri bizik və biz onu hiss etmirik. Ona görə də hesab edirəm ki, bu kimi fikirlərin əsası yoxdur.  


- Mətbuatın problemləri haqqında nə deyərdiniz? 


- Təbii ki, problemlər var və olacaq. Başlıcası onun aradan qaldırılması üçün dövlətin qayğısı, ayrı-ayrı adamların səyi var. Yuxarıda dediyimiz kimi prezident İlham Əliyevin KİVDF-nin yaradılması ilə bağlı Sərəncamı çap mediasının inkişafına stimul verdi. Bu gün hörmətli Əli Həsənovun rəhbərliyi ilə Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsi vətəndaş cəmiyyətinin əsas strukturlarından biri olan medianın inkişafı üçün müxtəlif təklif və konsepsiyalarıa çıxış edir. Medianın mövcud problemlərinin də həll olunacağına nikbin yanaşıram.

Lakin bunların da həll olunmasına müəyyən qədər zaman lazımdır. Normal, kreativ və prinsipcə problemləri həll edən təkliflər hazırlanıb, Prezident Administrasiyasına, KİVDF-yə, Mətbuat Şurasına təqdim olunarsa, bu təkliflərə həssas yanaşılacağına və mətbuatın xeyrinə mühüm qərarlar qəbul ediləcəyinə əminəm. 

Mətbuatın ən ciddi problemlərindən biri reklam bazarının olmamasıdır. Bununla bağlı media rəhbərləri Mətbuat Şurası və KİVDF ilə birgə təkliflər paketi hazırlayıb təqdim etsə, çox yaxşı olar. Məsələn, mən təklif edərdim ki, mətbuat üçün vahid reklam bazası yaradılsın və reklamlar qəzetlərin dövriliyinə, tirajına, oxucu auditoriyasına, internet medianın oxucu sayına uyğun olaraq mediaya verilsin. Çünki fərdi şəkildə reklam əldə etmək çətindir. Sahibkarlar, şirkətlər bəzən mətbuata reklam verməyə ehtiyat edirlər. Yaxud çap mediası ilə bağlı mətbəələrə güzəştlər tətbiq edilə bilər. Tutaq ki, qəzet çap edən mətbəələr əlavə dəyər vergisindən azad edilməlidir. Ölkəyə gətirilən qəzet kağızına güşətli şərtlər tətbiq olunarsa, bu mətbuatın problemlərinin aradan qaldırılmasında mühüm rol oynayar. 

Ümidvaram ki, bunlar da olacaq.


- Rəfail bəy, maraqlı müsahibəyə görə təşəkkür edirik.


- Mən də göstərdiyiniz diqqətə sizə təşəkkür edirəm. 

4.07.2017 15:45 / Baxılıb: 398 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.07.2017
    20.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo