ASGA sədri Ukraynanın ali medalı ilə təltif edildi

Samir Soltanov/AZADİNFORM. Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri, o cümlədən Azərbaycanın 2 ictimai xadimi 28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukrayna ərazi bütövlüyünün və milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə "Kraina” ÜUB tərəfindən Ümümukrayna statuslu "Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif ediliblər. 

Azadinform xəbər verir ki, mükafatçılar arasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Mübariz oğlu Abbasov Ukrayna xalqı qarşısında xidmətlərinə görə, o cümlədən Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda verdiyi dəstəyə görə Ukraynanın "Kraina” ÜUB-nin Sədri O.M.Sopovun əmri ilə Ümumukrayna statuslu "Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif edilib.


Səbuhi Abbasov kimdir?


Səbuhi Abbasov16 noyabr1985 - ci ildə Mingəçevirdə anadan olub. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsinin "Ukraynaşünaslıq” ixtisasına daxil olub. 2007-ci ildə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin "Regionşünaslıq" ixtisasına daxil olub, 2009-cu ildə fərqlənmə diplomu ilə bitirib. 

Universitet daxilində və xaricində keçirilən tədbirlərdə fəal iştirak edərək müxtəlif dərəcəli (I, II, III) diplomlarla təltif olunub, bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının (bundan sonra TGT) sədri, fakültə üzrə Tələbə Həmkarların sədri, Universitet üzrə Tələbə Gənclər Təşkilatının sədri vəzifələrini icra edib. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olub. 

Universitetdə təhsil alarkən ictimai əsaslarla "Tələbə dünyası” qəzetinin müxbiri, redaktoru və baş redaktoru vəzifələrini icra edib. 

2003-cü ilin dekabr ayından 2007-ci ilin iyul ayınadək "Elçi” qəzetində müxbir, redaktor vəzifələrində çalışıb. 

2004-2006-cı illərdə "Yeni Azərbaycan” qəzetində müxbir vəzifəsində 0.5 ştat vahidi müxbir vəzifəsində çalışıb. 

2007-ci ilin avqust ayından 2010-cu ilin aprel ayınadək 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və ayda 2 dəfə dərc edilən "Gələcəyin Səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 

2009-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsini icra edib. Həmin illərdə həm də Bakı Slavyan Universiteti Jurnalistika kafedrasında müəllim kimi çalışıb, "Beynəlxalq münaqişələrin həllində jurnalistikanın rolu” fənnini tədris edib. 

2011-ci ilin fevral ayından 2013-cü ilin aprel ayınadək 2009-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və cəmi 11 sayı işıq üzü görən "Polis dünyası” jurnalının baş redaktoru vəzifəsində çalışıb. 

2013-cü ilin may ayından XƏBƏR1.az saytının baş redaktoru vəzifəsində çalışır. XEBER1 MMC-yə daxil olan sayt fəaliyyətini bugün də davam etdirir. 

2014-cü ilin aprel ayından bu günə qədər isə 7NEWS.az saytının baş redaktoru vəzifəsində çalışır. Sayt fəaliyyətinin 2 ilinin tamamında, 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib. 

2016-cı ildə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv, qərəzsiz ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan və rus dillərində ShushaPost.az saytı təsis edib. Hal-hazırda da sayt öz fəaliyyətini davam etdirir. 

Bundan başqa S.Abbasov mütəmadi olaraq "Yeni Azərbaycan” , "Səs”, "Olaylar”, "Kaspi”, "Xalq qəzeti”ndə müxtəlif yazılarla çıxış edir. 2007-ci ildə Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin "Fəxri Məzun" diplomuna layiq görülüb. Bir çox xarici ölkələrdə (Türkiyə, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Polşa, Avstriya, Gürcüstan və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil edib. 

Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

30.06.2017 13:08 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo