Agdaban.az saytının təqdimatı olub

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil etdiyi "Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.Agdaban.az (en.Agdaban.az) informasiya mərkəzinin yaradılması” layihəsi həyata keçirilib. 

Azadinform xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd aprel ayında baş verən bu dəhşətli olay barədə gəncləri məlumatlandırmaqdan ibarətdir.

Azərbaycan Dəmir Yolları QSC-də keçirilən tədbiri giriş sözü ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirov açaraq tarix boyu erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb. H.Misirov təmsil etdiyi QHT-nin bu istiqamətdə illərdir təbliğat işinin aparıldığını deyib: "Bizim təşkilatın sədri, dəyərli ziyalımız Qənbər Qurbanovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq neçə illərdir ki, bu soyqırım haqqında silsilə tədbirlər reallaşdırılır"

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Ağdaban soyqırımının insanlığa, bəşəriyyətə qarşı törədilən etnik təmizləmə cinayəti olduğunu deyib: "Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir. Kəndin 460 nəfər əhalisi vardı. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalıb. Kənd bir gecədə tamamilə yandırılıb, kəndin 779 sakininə işgəncələr verilib. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetiriliblər. Təəssüflə qeyd etmək lazımdır ki, xalqımızın başına gətirilən digər müsibətlər kimi bu faciəyə də dünya miqyasında hüquqi qiymət verilməyib. İkili standartlardan doğan bu yanaşmaya daha çevik və interaktiv təbliğatla qalib gəlmək mümkündür. Dünya bilməlidir ki, Aprel ayında ermənilərə qarşı deyil, Azərbaycanlılara qarşı dəhşətli soyqırım törədilib. Çox təəssüf ki, bu soyqırım haqqında bir dənə də olsun informasiya resurs mərkəzi yaradılmayıbdır. Biz də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq bu sahədə ciddi təcrübəmiz var. Ümid edirəm tez bir zamanda saytımızın faydasını hiss edəcəyik. Biz eyni zamanda saytımızın ingilis dili versiyasının xaricdə təqdimatını da hazırlamışıq". Daha sonra AMEA-nın əməkdaşı, gənc alim Cahid İsmayıloğlu çıxış edərək erməni terrorçuları tərəfindən xalqımızın başına gətirilən müsibətlər barədə ölkə gənclərinin maarifləndirilməsinin vacibliyindən danışıb. 

AZXEBER.com saytının baş direktoru Əfsələddin Ağalarov isə çıxış edərək Ağdaban soyqırımı ilə bağlı mediada ciddi təbliğat işlərinin aparılmasının vacibliyini bildirib. 

AFN.az saytının baş redaktoru Səbuhi Qafarov çıxışında cəmiyyət olaraq həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-nin layihə departamentinin rəhbəri Həqiqət Şükürova Ağdaban həqiqətlərinin orta məktəb şagirdləri arasında təbliğinin vacib olduğunu dedi. 

Sonda tədbir iştirakçıları Ağdaban sıyqırımına aid lentə alınan qısametrajlı sənədli filmə baxıblar.

Qeyd edək ki, Ağdaban soyqırımı – 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır.

29.06.2017 17:40 / Baxılıb: 114 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo