İmkan verin o bayraqda qanı olanların üzünə açmağa qapım olsun...

“ - Bayram bavam rəhmətə gedib. Kəndə getməliyəm.

Niyə? Kənddə adam yoxdumu? Getməsən olmazmı?

- Olmaz. Yuətə o girib. Mən nətər getməyim?”

 

Qış günü qapıdan tələsik girən qardaşımı nə qədər dil töksək də yoldan saxlaya bilmədik. Özünü Bayram “bava”sına yetirmək üçün cibinin olan-qalanını da taksiyə verib kəndə yola düşdü.

Kənd adamları belə olur. Ölüsünü götürən, dirisini yola verənlərə minnət duyğusu canlarından çıxmır. 

Bayram babam atamın uzaq qohumlarından olub. Qardaşlarımın qoşa meyiti gələndə molladan əvvəl qollarını çirməyib, layla deyə-deyə onları yuyub, yaralarını gözünün yaşı ilə oxşayıb. Suyu da indi onun yasına tələsən qardaşım töküb. Beləcə Bayram bavam bizim başımıza tac olub. (Kənddə tanıyan-bilən görməsin deyə gəlib şəhərdə usta işləyən qardaşım işlədiyi şirkətlə müqavilə bağlamağı rədd edib, “biz bir-birimizə söz vermişik” deyə iki il o şirkətin işini gördü və axırda bir qəpik maaş almadan geri qayıtdı. Sözü sənəddən üstün tutan, yonulmamış kənd adamının daşı şəhərdəki iş adamlarının başına ağır gəldi). 

Bilirəm, bu yazını oxuyanda bir aləm sual çıxacaq ortaya. O meyitlər niyə kənddə yuyulurdu, sizin məscidiniz yoxdurmu? Şəhid niyə kənddə dəfn edilirdi? Əslində hamısının cavabı var, sadəcə mən indi o havada deyiləm. Bu gün sizə gündəmin zehnimizi iyləndirən kəndçi - şəhərli söhbətlərindən, rus dili, Azərbaycan dili çərənləmələrindən çox-çox uzaq olan bir mövzudan, vəfadan bəhs edəcəyəm.

Vəfa mənim gəldiyim o yerlərin yazılmamış qanunu, təməl daşıdır. Kimsənin ölüsü dirisi yiyəsiz qalmaz, Allah deyib hərə bir yandan əl atar, ac qarnı doyurarlar, bizim kənddə. Kim kimin qohumudur, kimin kimə qan bağı var, bəlli deyil. Əsas odur bir yerdənik, vəssalam. Dulu da sahiblidir, dəlisi də, ağıllısı da. Göydə Allah, yerdə özləri... Bir sözlə, ocaqdır kənd yeri. İstisi hamını isidər, tüstüsü də hamını boğar. O balaca yerdə hamı bir-birini tanıyır. Oxuyanları da çox sevərlər. Nə xoş halıma ki, mən, İsfəndiyar müəllimin anam dediyi balası da sevilənlərdəniydim.

İkinci təhsil ardınca Bakıya gəlmişdim və yavaş-yavaş yazılarım qəzetlərdə dərc olunurdu. Dədəm latın əlifbasını bilmirdi, yazılarımı müəllimlərimdən dinləyirdi. Onların dedikləri ömrünü uzadırdı sanki. (Kəndçi ağlım qələmimin pul qazanacağını kəsdirəmmədiyindən bəzən kənddən pul gec gələndə yazım dərc olunan qəzetləri almadığım da olmuşdu...) 

Yazmaq eşqi, dərc olunmaq, yeni axtarışlar, sözlərin sehri məni özünə çəkirdi. Beləcə illərlə təhsillə bərabər müxtəlif qəzetlərin tozunu uddum. Əlimdən nə gəldisə elədim, yazını həm yazdım, həm korrektə elədim, həm redaktəyə çalışdım. İstədim ki, məndən, qələmimdən nə çıxacaqsa duru çıxsın, saf çıxsın. Şablon mövzuların qəzet səhifələrini bəzədiyi vaxtlarda mən yeni nəsə eləməyə çalışdım. Ayaqlarım Zəlimxana apardı, Tağı müəllimə götürdü. Zəlimxanın Ənvər Paşaya, Tağı müəllimin Hüseyn Cavidə ağladığına şahid oldum. Alim Qasımovla bardaş oturub divanə məclisi qurdum, Fatih Kısaparmakla Azərbaycanı harayladım. Məhəmməd Əminin məzarı başında diz çökdüm. Neçə-neçə yerlərdən salam verdim ölkəmə. Nə gördüm yazdım, nə hiss elədim, yazdım. Yazdığım hər sətirin altına da imzamı atdım! 

Bu yazdıqlarımın kimə nə faydası oldu, bilmirəm, amma arxaya dönüb  baxanda dövlətimə, millətimə, vətəndaşıma heç xəyanət eləmədi nə daşıdığım soyad, nə əlimdə tutduğum qələm. Həyatımın ən çətin günlərində belə özümə sığışdırmadığım yollara baş vurmadım. Sevdiyim bir rəsminin dediyi kimi mən həmişə “ürəklə yazdım”. Vətənpərvərliyinə şübhə elədiyim heç kimi sözə tutmadım. Heç bir müsahibimin qarşısında gözüm kölgəli olmadı, heç kimi də dilindən asmadım. Yaxşı maaşa “get filan şairin, filan rəsminin gənclik günahlarından yaz, gətir” deyənlərin qapılarını üzünə çırpdım. Əvəzini çətin günlərlə ödədim və hələ də ödəməkdəyəm, amma bilirəm ki, adım keçəndə kimsə atama söymür! 

Bu məqama yaxşı qulaq verin. 23 il bundan əvvəl mənim ailəm dövlətçiliyin nə olduğunu bilməyən məmurlar ucbatından küsdü, qardaşlarıma verilən müavinəti rədd elədi, rüşvətlə veriləcək statusdan imtina etdi. Qapısına şəhid başına göndərilən ərzağı geri qaytardı. İstədi ki, biri süfrəsinə qonaq olsun, qarnını deyil, halını soruşsun, könlündən xəbər alsın, gözünün yaşına yaylıq uzatsın. Olmadı. O bayrağın kölgəsi bizim evimizə düşmədi ki, düşmədi. Atam ömrünün son gününə qədər gözlədi...

Vəfa dediyim o nəsnənin var olduğundandır ki, indi, illər sonra İsfəndiyar müəllimin qızının adı Azərbaycan Respublikası Prezidentinin şəxsi Fondundan tikilən binada ev gözləyən namizədlər siyahısındadır. Qismət olacaq, ya olmayacaq bilmirəm, amma o bayrağın kölgəsi İbrahimovlar ailəsinin üstünə düşdü! İllər sonra sevməkdən heç vaz keçmədiyimiz, xidmət eləməkdən şərəf duyduğumuz dövlətin sığalı çəkildi başımıza. 

Oxudum ki, biriləri bizim ümidimizi qaralamağa çalışmış, qələmindən, imzasından başqa heç nəyi olmayanları bir də dövlətdən ev almaqda suçlamış. Binəvalar bilməzlər ki, yalnız “atası” başqa olanlar öz atalarından nəsə ummazlar. Və onu da gördüm ki, balaca ölkəmdə böyük-böyük yazanlar varıymış və  gözəgörünməziymişlər. İndi cihad vaxtıdır deyib, hamısı üzə çıxıb, mübarizəyə atılıblar. Ağlıma Qarabağ müharibəsi vaxtı bir hərbi ekspertin televiziyada dediyi söz gəldi: “Müharibə bitməmiş qızlarınızı ərə verməyin!”. 

Ömründə bir dəfə Qarabağdan yazmayan, şəhidə hörmət etməyən, rusa, ingilisə, irana-turana işləməkdən başı indi ayılanlara mənim nəsə etməyə və deməyə həddim çatmaz. Amma...

Mən ədalətə və dövlətçiliyə inanan adamam. Bayrağıma, orduma, millətimə, Çocuq Mərcanlıya gedən o yola inanıram. Aprel döyüşlərində, istər mediada, istər də yerli əhalidə şahid olduğum o ruha inanıram. Əminəm ki, Azərbaycan adı çəkiləndə ürəyi titrəməyən adamlar bu lütfə layiq görülməyəcəklər. Bu torpağın üstündə yeriməyə haqq qazanmayanlar sıralarımızda olmayacaqlar. Biz əl-ələ tutub Qələbəyə doğru yürüyəcəyik! Mən o günə inanıram!

 

P.S: Bir istəyim var. Payıma nə düşsə üzü BAYRAĞa düşsün, səhərimi onunla açım, Günəşi onunla qarşılayım! Eyvanımıza hər səhər Günəş yerinə BAYRAQ doğsun, üçrəngli!

 

Və bir də imkan verin o bayraqda qanı olanların üzünə açmağa qapım olsun... 


Nigar İsfəndiyarqızı

23.06.2017 13:57 / Baxılıb: 2075 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo