Həmsədrlərə qrammatik təklif...

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti  sıradan səfəri sona çatdı. Bu səfər sözünün qarşısında təəssüf ki, sıradan sözündən başqa hansısa söz yerinə düşmür, ya da uyğun gəlmir. Ona görə sıradan ki, bu səfərlərin bir nəticəsi yoxdur.

İllər keçir, diplomatların siması dəyişir, yeni həmsədrlər təyin edilir, lakin heç bir keyfiyyət dəyişikliyinin şahid olmuruq. Səsləndirdikləri bəyanatlardan adamda elə təəssürat yaranır ki, diplomatların hər üçü eyni insandır, sadəcə xarici görünüşlərində fərq var. “Münaqişənin hərbi yolla həlli yoxdur”, “Qarabağda sülh əldə edilməsinin vaxtı çatıb” və başqa bu kimi qəlibləşmiş sitatlar.

Həmsədrlərin son səfəri nə ilə yadda qaldı, sülhə doğru hər hansı addım atıldı və ya təşəbbüs edildimi? Bu sualın cavabı hər kəsə aydındır.

Onların regiona səfəri ərəfəsində Dağlıq Qarabağda vəziyyət daha da gərginləşdi, ötən həftə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması, Azərbaycan ordusunun itki verməsi, düşmənin cavab atəşi ilə susdurulması, qarşı tərəfdən 5 nəfərin ölməsi kimi hadisələrlə yadda qaldı. Məsələnin ən gülməli tərəfi də Ermənistan və işğal edilmiş Azərbaycan ərazilərindəki seperatçı rejimin səsləndirdiyi hədə-qorxu dolu mesajlar idi.

Və ən maraqlısı odur ki, diplomatlar heç bir səmərəli nəticəsi olmayan səfərin yekunlarına dair bəyanat yaydı. Ermənistanın news.am saytı bəyanatdan belə başlıq çıxarıb ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişə zonasında gələcək eskalasiyalardan çəkinmək üçün Azərbaycan rəhbərliyinə müraciət etdi. Əslində olan isə budur ki, həmsədrlər tək Azərbaycan yox, Ermənistana və Dağlıq Qarabağdakı seperatçı rejimə də eyni müraciəti edib.

Bu məsələnin bir tərəfi. Digər tərəfdən isə görəsən aparılan danışıqlar prosesi Minsk qrupunun özünə inandırıcı gəlir? Hər dəfə regiona səfərdən sonra təxminən eyni kontekstdə bəyanat verib gedirlər. Bəs dəyişən nədir? Bu barədə diplomatlar özlərinə sual veriblər heç? Deyirlər ki, münaqişənin hərbi yolla həlli yoxdur və bunu demək olar ki, hər kəs qəbul edir. Əgər hərbi yolla həll mümkün deyilsə, beynəlxalq hüququn aliliyi niyə təmin edilmir? Vasitəçilər beynəlxalq hüquq prinsiplərinin yerinə yetirilməsi üçün çalışmalı deyilmi? Daha doğrusu onların səlahiyyətində olan məsələ budur, alternativi də yoxdur. 

Başqa sözlə, hər kəsin öz vəzifəsi var: sürücünün, dülgərin, bağbanın, müəllimin, mühəndisin, həkimin, jurnalistin və əlbəttə ki, diplomatların da. Yəni sürücünün missiyası sərnişinləri lazım olan vaxtda, lazım olan məkana çatdırmaqdır, bağbanın vəzifəsi bitkilərə qulluq edib onların meyvəsini görməkdir və s. bu siyahını genişləndirmək olar. Lakin uzun sözün qısası, söhbət təcrübəli, ABŞ, Rusiya kimi supergüclərin, eləcə də onlardan heç də geri  qalmayan Fransanın yüksək təhsilli diplomatlarından gedir. Onlara öz vəzifələrini xatırlatmaq absurddur bəlkə də. Həmsədrlər açıq şəkildə bəyan edir ki, münaqişənin həlli tərəflərin siyasi iradəsindən, kompromisə hazır olmasından  asılıdır. Bu bir qədər düzgün ifadə edilmiş cümlə olsa da, natamamdır. Belə ki, cümlədəki “tərəflər” cəm yox, tək halda olmalıdır. Onların hər üçünün  anlaşıb - danışdığı  bir  dil  var, o da ingilis dilidir. İngilis dilində də, ismin cəm və  tək halı olduğu üçün mənim təklifimi anlamaq elə də çətin olmayacaq.  Həmsədrlərə təklif edərdim ki, gələcək bəyanatlarına “işğalçı tərəf siyasi iradə göstərməlidir” cümləsini daxil etsinlər. Bəlkə bu yolla onlar da diplomat kimi uğur qazana bildi. Bu təklifim diplomatların fəaliyyətinə dəstək vermək məqsədi daşıyır, yəni xüsusi bir niyyətim yoxdur. Düşünürəm ki, belə daha məntiqə uyğun olar və zəhmətkeş diplomatların bu qədər əziyyət çəkib hazırladıqları səfərlər, bəyanatlar heç olmazsa az insanı qıcıqlandırar.


Leyla MƏHƏRRƏMOVA

20.06.2017 12:30 / Baxılıb: 845 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo