Həmsədrlər regiona səfərləri ilə bağlı BƏYANAT YAYDI

Leyla Məhərrəmova / AZADİNFORM. ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iyunda regiona səfər edib.

Səfərin əsas məqsədi Moskvada XİN rəhbərlərinin keçirdiyi 3 tərəfli görüşdən sonra Dağlıq Qarabağ sülh prosesi ilə bağlı atılacaq addımlara münaqişə tərəflərinin münasibətini, eləcə də ümumi vəziyyəti müzakirə etmək olub. Azadinform xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, həmsədrlər iyunun 10-da Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan və iyunun 19-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Hər iki paytaxtda onlar XİN rəhbərləri və müdafiə nazirləri ilə görüş keçiriblər.

Həmçinin diplomatlar iyunun 12-də Dağlıq Qarabağa səfər edərək de-fakto rəhbərliklə görüşüb Dağlıq Qarabağ ətrafındakı ərazilər Zəngilan, Qubadlı, Laçın, Kəlbəcərə səfər ediblər. Bakıda isə Dağlıq Qarabağın Azərbaycanlı icmasının üzvləri ilə görüşüblər. Bakıdakı danışıqlar zamanı diplomatlar Azərbaycana səfərləri ərəfəsində təmas xəttində atəşkəs rejiminin pozulması ilə əlaqədar olaraq itkilərin olmasından narahatlıq ifadə ediblər. Onlar Azərbaycan rəhbərliyinə gələcək eskalasiyadan çəkinmək üçün müraciət edib. Həmçinin Ermənistan rəhbərliyinə və Dağlıq Qarabağdakı de-fakto rəhbərliyə eyni mesajı veriblər. Həmsədrlər tərəfləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyi azalda biləcək ölçülər barədə düşünməyə təşviq ediblər.

Hər iki paytaxtda həmsədrlər tərəfləri danışıqlar prosesi ilə yaxşı niyyətlə, siyasi iradəylə məşğul olmağa çağırıblar. Bildiriblər ki, regiona davamlı sülh gətirməyin yeganə yolu budur. Prezidentlər də ziddiyətli məsələlərin həlli üçün kompromis tapmaqdan ötrü siyasi dialoqu davam etdirməyə niyyətli olduqlarını deyiblər. Qeyd edək ki, həmsədrlər iyulun 3-də Vyanaya səfər edərək Minsk qrupu üzvlərini məlumatlandıracaq. Onlar tezliklə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə də görüşməyi planlaşdırır.

19.06.2017 17:45 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo