ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin yenidən təşkili haqqında imzaladığı 16 iyun 2017-ci il tarixli Sərəncamı ilə bağlı universitet rektoratının genişləndirilmiş iclası keçirilib. 

ADU-dan Azadinform-a verilən məlumata görə, media nümayəndələrinin də iştirak etdiyi iclasın gündəliyini iştirakçıların diqqətinə çatdıran rektor, AMEA-nın həqiqi üzvü Kamal Abdulla öncə universitet ilə bağlı belə bir sərəncamın imzalanmasına və bununla ADU-ya göstərilən böyük etimada görə ölkə Prezidenti İlham Əliyevə universitetin kollektivi və öz adından təşəkkürünü bildirib. Bu sərəncamı Dillər Universitetinə verilən böyük önəm kimi xarakterizə edən rektor qeyd edib ki, sərəncamın tələbinə əsasən universitetin nizamnaməsi yenidən hazırlanacaq, mövcud istiqamətlər genişləndiriləcək və fəaliyyətə uyğun olaraq yeni istiqamətlər yaradılacaq.  ADU sərəncamdan irəli gələn məsələlərin həllinə adekvat olmaq üçün daha səylə çalışacaq və publik hüquqi şəxs olaraq əldə etdiyi geniş imkanlardan daha səmərəli istifadə edəcək. Universitetin yeni hüquqi statusu ADU-nun bütün potensialını ortaya qoymağa, daha peşəkar və faydalı kadrlar hazırlamağa və müxtəlif sahələrin həmahəng inkişafına nail olaraq mütərəqqi dünya təhsil sisteminə sürətlə inteqrasiya etməyə kömək edəcək. 

Daha sonra çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ölkə Prezidentinin imzaladığı sərəncamın universitetin beynəlxalq arenaya daha rahat çıxması, müstəqil idarəçiliyə başlaması, idarəetmədə səmərəliliyi artırması, hesabatlılıq və maliyyə-təsərrüfat fəaliyyətini daha effektiv qurması baxımından çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Digər çıxış edənlər də universitetə göstərdiyi yüksək etdimada görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini çatdırıblar və universitetin bundan sonrakı fəaliyyətinin səmərəli təşkili üçün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2015-ci ildə qəbul olunmasına baxmayaraq, artıq bir sıra qurumlar qeyd edilən hüquqi statusda fəaliyyət göstərməyə başlayıb. Universitetin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi də ilk  belə hal deyil. ADU-dan öncə Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Fərmanı ilə Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi təsdiqlənib və bu universitet yeni hüquqi statusda öz fəaliyyətinə başlayıb.

Ölkə Prezidentinin bu təşəbbüsü ölkəmizdə ali təhsil sisteminin daha da təkmilləşdirilməsinə, müasirləşdirilməsinə və dünya təhsil sisteminə daha sürətlə inteqrasiya olunmasına böyük təkan verəcək.

Əsas dünya dilləri üzrə peşəkar kadr hazırlığını həyata keçirən ADU bir müddət sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərməklə öz profilini daha da genişləndirəcək, yeni dillərin və mədəniyyətlərin təkcə ölkəmizdən olan tələbələrə deyil, xarici ölkələrdən də bu universiteti seçən tələbələrə daha keyfiyyətli öyrədilməsi təmin ediləcək. Həmçinin universitetin qəbul ediləcək yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq xarici universitetlər, akademiyalar və s. ilə daha sıx əlaqələr qurulmaqla təhsilin keyfiyyəti yüksələcək, bakalavriatura, magistratura və doktorantura təhsili üzrə universitetin verdiyi diplomların beynəlxalq səviyyədə qəbul arealı daha da genişləndiriləcək.


19.06.2017 17:50 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo