Bunu içən heyvani hal yaşayır - Energetik içkilərlə bağlə şok iddialar

Havaların isindiyi bir vaxtda xüsusilə sərinləşdirici içkilərə tələbat artıb. Reklamlara inansaq, bu içkilərin içərisindəki xüsusi bir növ sərinləşdirməklə bərabər, insanı həm də "qanadlandırır”. 
Modern.az xəbər verir ki, "Red Bull” adı ilə bazara çıxarılan içkinin enerji bərpa etdiyi və alkoqolsuz olduğu bildirilir. "Red Bull” hazırda "GmbH” şirkəti tərəfindən istehsal olunaraq 140-dan çox ölkəyə idxal edilir. "Red Bull” Tailandda istehsal olunan enerji içkisi vasitəsi ilə meydana gəlib, sözün tay dilindən hərfi tərcüməsi "Krating Daeng”dir.  
"Red Bull Energy Drink”in əsası ilk dəfə avstriyalı Ditrix Mateşiç və Çaleo İovidya tərəfindən qoyulub. Onların hər biri  500.000 dollar investisiya ayırmaqla yeni yaranmış şirkətdən 49 faiz mənfəət əldə ediblər. Qalan 2 faiz mənfəət isə Mateşiçin şirkətə rəhbərlik etməsi şərti ilə oğlu Çaleo Şalemə ötürülüb. Və beləliklə, məhsul ilk dəfə olaraq 1987-ci ildə qazlı içki görünüşündə bazara çıxarılıb. Sahibkarların sənaye məqsədilə istifadə etməyə qərar verdiyi "Red Bull”  hazırda energetik içki bazarının 70 faizini əhatə edir. 
"Red Bull”un tərkibində su, taurin, arginin, kofein, B qrupu vitaminləri, şəkər, qlükoza, aspartam, natrium sitrat, heksoza maddələri var. Bu içkinin bazara daxil olmasından sonra "Pitbull”, "Rox”, "Hell”, "Jaquar”, "Blue”, "Reo Line”, "Monster” kimi yeni eneregtik içkilər istehsal olunmağa başladı.
 
 
Energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır. 
Mütəxəssislərin bildirdiyinə görə, sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz. Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür. Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz. Çünki kfein qan təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir. 
"Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov sayta deyib ki, energetik içkilər gənclərimizi bəlaya sürükləyir: "Energetik içkilər narkotikin bir növüdür. Bu içkidə heç bir enerjidən söhbət getmir. İçkilərdən istifadə zamanı beyin-qan dövranı sürətlə işləyir, orqanizmdə qan təzyiqi qalxır və bədəndəki enerji istifadə olunmağa başlayır. 3-4 saat sonra insan həmin enerjini bərpa etmək üçün mütləq ya yatmalı, ya da istirahət etməlidir. Energetik içkilərin tərkibindəki maddələrin böyük əksəriyyəti insan orqanizminə zərərlidir. Əbəs deyil ki, Avropanın bəzi ölkələrində energetik içkilərə qadağa da qoyulub. Bəzi ölkələrdə isə yalnız apteklərdə satılır. Çindəki super marketlərin çoxunda bu içkilər tamamilə yığışdırılıb. Energetik içkidən 2-3 banka arxa-arxaya içdikdə insan sanki havalanır, göyə qalxır. 3 banka energetik içki 1 litr arağa bərabərdir”.
 
 
Mütəxəssisin sözlərinə görə, içkidən istifadə zamanı insanın fikirləri dağılır, özünü güclü hesab edir: "Əgər avtomobili 80km/sürətlə idarə edirsə, ona elə gəlir ki, 20-30 km/sürətlə gedir. Eyni zamanda energetik içkilər sonsuzluq xəstəliyi yarada bilər. Rusiya mətbuatında dəfələrlə imtahanlardan əvvəl energetik içkilərin içilməsi tövsiyə olunur. Guya bu, abituriyenti daha zəkalı, daha sürətli edir. Reallıq göstərir ki, bu içkilərdən istifadə edən gənclər ya özlərini yüksək mərtəbədən atıblar, ya da başlarına hansısa fəlakətlər gəlib”. 
D.Məmmədov bildirir ki, energetik içkilərin adları əsasən heyvan adlarından götürülüb: "Energetik içkilərin adına baxsaq, görərik ki, onların adı heyvan adıdır. "Hell” "Cəhənnəm” deməkdir. Hətta bankanın üzərində də şeytanı əks etdirən şəkil vurulub. Əgər şeytanın şəkli də vurulubsa, bunun reklamının aparılması, mağaza və marketlərin şüşələrinə vurulması nə deməkdir?! Heyvan adı verilən içkilər o deməkdir ki, bunu içən heyvani hal yaşayır. Bütün bunları Avropadan Azərbaycana gənclərimizin beyinlərini xarab eləmək üçün xüsusi insanlar yeridiblər. Yeridiblər ki, gənclərimizin başı xarab olsun. Bu içkiyə müraciət edənlər əsasən, 12, 14, 16 yaşlı uşaqlardır. Əslində isə bu içki yaşı 18-dən yuxarı olanlar üçün satılmalıdır. Yaşlı kişilərə, hamilə qadınların energetik içkidən istifadə etməsi olmaz. Bu həm narkotikə, həm də sonsuzluğa yol açır. 
Hesab edirəm ki, respublikamızda energetik içkilərin bu qədər geniş yayılmasının səbəbi həkimlərdir. Çünki bizim həkimlər nə yemək, nə içmək lazımdır kimi maarifləndirici məlumatlar vermirlər. Əgər biz gənclərimizin sağlam olmasını arzulayır və ərzaq təhlükəsizliyi haqqında proqramı fikirləşiriksə, insan orqanizmi üçün zərərli olan malların sərbəst satışına qadağa qoyulmalıdır”.
19.06.2017 17:25 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    29.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo