Prezidentin köməkçisi: "Əksər beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb"

Elçin Bayramlı/ZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda keçirdiyi 5 günlük elmi maarifləndirmə və təbliğat kursları başa çatıb.

Kurslarda tarixçi alimlər, mövzu üzrə mütəxəssislər, Dövlət İdarəçilik Akademiyasının müəllimləri iştirakçı jurnalistlərə Ermənistanın Azərbaycana ərazi iddiaları, işğal və soyqırım prosesləri ilə bağlı tarixi sənədlər əsasında geniş məlumatlar verib. 

Seminarın sonuncu günü Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993) mövzusunda mühazirə deyib. Professor qeyd edib ki, ermənilər tərəfindən 1988-1994-cü illərdə mülki əhaliyə qarşı 373 terror aktı törədilib. Onun sözlərinə görə, hazırda Ermənistan rəhbərliyində olan şəxslərin çoxu Azərbaycan ərazilərinin işğalında iştirak edib və bunu öz yazılarında və çıxışlarında dəfələrlə etiraf ediblər".

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan dövlətinin siyasəti" mövzusunda çıxış edib. Professor bildirib ki, erməni faktoru böyük imperiyaların əlində hər zaman siyasi alət, silah olub, onlar bu silahdan zaman-zaman öz siyasətlərini reallaşdırmaq, öz geosiyasi hədəflərinə çatmaq üçün istifadə ediblər: "Çox təəssüf ki, onların istifadə etdiyi bu silah və onun acı nəticələri Azərbaycan xalqının fəlakətə düçar olması ilə nəticələnib".

Ə. Həsənov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılır: "Dünyanın elə bir ölkəsi, regionu yoxdur ki, biz ora Qarabağ həqiqətlərini, münaqişənin təfsilatını, o cümlədən 200 ildən artıqdır ki Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsas məsələlərini çatdırmayaq. Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti ötən müddətdə, xüsusən son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, hücum diplomatiyası həyata keçirib. Nəticə nədən ibarətdir? Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Bu baxımdan ilk növbədə İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istəyirəm. Bu təşkilat demək olar ki, bütün sammitlərində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb, Azərbaycanın ərazilərinin işğal olunduğu faktını qeyd edib və ermənilərin Azərbaycan torpaqlarından tezliklə çəkilməsini tələb edib. Qoşulmama Hərəkatı da birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlü çərçivəsində dəstəkləyib. Avropa Şurası, ATƏT, Avropa Parlamenti, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıb, ermənilərin torpaqlarımızdan çıxarılmasını qeyd edib.

Bilirsiniz ki, 1992-ci ildə işğal baş verərkən həmin ildən 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb və bu qətnamələr beynəlxalq hüququn əsas sənədləri kimi bu gün ortadadır.

Təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı vəziyyətində hələ ki, ermənilərə işğal etdikləri torpaqlardan geri çəkilmək üçün ciddi təzyiq göstərən beynəlxalq təşkilat və ölkə yoxdur".

Prezidentin köməkçisi Azərbaycanın Ermənistanı tanımayan, onunla diplomatik münasibətlər qurmayan dostları olduğunu da xatırladıb: "Onlardan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin adını çəkmək olar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlara mövqeyimizi qəbul etdirə bilmişik. Dünyanın bir çox dövləti, çoxsaylı vilayətlər, ştatlar, başqa hüquqi qurumlar Xocalı soyqırımını tanıyıb. Biz bu siyasətimizi davam etdirəcəyik. O vaxta kimi davam etdirəcəyik ki, ermənilər qeyri-konstruktiv mövqelərindən əl çəkməyəcək, işğal siyasətindən imtina etməyəcək, Azərbaycan torpaqlarını işğaldan azad etməyəcəklər. Yalnız işğal altında olan torpaqlar azad olunandan, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıdandan, münaqişə bölgəsində tam sülh, sabitlik yaranandan sonra biz Ermənistanla münasibətlər qura bilərik. Hazırda Azərbaycanın Ermənistan istisna olmaqla, bütün bölgə və dünya dövlətləri ilə çox yaxşı münasibətləri var. Bu tərəfdaşlıq münasibətlərindən istifadə edib, dövlətimizi inkişaf etdiririk".

Sonra kurs iştirakçılarına sertifikatlar və Dağlıq Qarabağ münaqişəsinə aid kitablar, disklər təqdim edilib.

19.06.2017 15:58 / Baxılıb: 195 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.10.2017
18.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo