İməciliklər ətraf mühitə xüsusi töhfə veir

Səbail rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı mütəmadi olaraq genişmiqyaslı iməclik tədbirləri həyata keçirilir. İməcliklər  Səbail rayonunun idarə və təşkilatları, təsərrüfat xidmətləri, təhsil müəssisələrinin kollektivlərinin çoxsaylı nümayəndələrinin iştirakı ilə hər il müxtəlif aylarda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin cənub-qərb giriş yolu olan, “Şıx” yaşayış sahəsində, Salyan yolu boyunca həyata keçirilir. 

İlin əvvəlindən sözügedən ərazilərdə təmizləmə işləri aparılır, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilir, “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri görülür, ehtiyac varsa yeni torpaq qatı salınır, sahələrə yaşıl ot qatı salınır, yeni ağaclar, dekorativ kollar əkilir, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılır və yenilənir. 

Keçən əsrin 70-ci illərində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı”nın ərazisində yaradılan velopark məqsədi ilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilib. İməclik zamanı əkilmiş ağaclara qulluq göstərilir, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilir. Hər il davamlı olaraq Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, Səbaildə yaşıllıqların artırılması, ərazinin gözəlləşdirilməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyətinin Ulu öndərin xatirəsinin yad olunmasına bir töhfə kimi qiymətləndirilir. Böyük bayram əhval-ruhiyyəsi ilə keçirilən iməciliklərin davamlı olması, yay aylarında rayon ərazisində əkilmiş ağaclara qulluq olunması və mütəmadi olaraq suvarılması nəzərdə tutulub.

İməcliklərin əsas məqsədi ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. İməcliklərə rayonun idarə və təşkilatlarının əməkdaşlarından əlavə ali və orta məktəblərin  kollektivləri də cəlb edilir. 

İməcliklər adətən səhər tezdən start götürür və ağacəkmə kampaniyasında çox böyük fəallıq nəzərə çarpır. Abadlaşdırılan ərazilərdə əvvəlcədən təmizləmə işləri görülür, torpağa mineral gübrələr səpilib. Burada yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunur, böyük miqdarda dekorativ ağac və gül kolları alınır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilir.

Rayon İcra Hakimiyyətinin başçısı bu cür aksiyalarda şəxsən iştirak edərək ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı xüsusi tapşırıq və tövsiyələrini verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla Əliyevanın layihəsi əsasında ölkəmizdə start götürmüş “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində respublika miqyasında xeyli ağac və gül kolları əkilib. Səbail rayon ictimaiyyəti nümayəndələri bu nəcib təşəbbüsə ilk qoşulanlardan olublar. “Yaşıl Marafon”un start verilmiş ikinci mərhələsi çərçivəsində Səbail rayonunda geniş miqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiya Abbasqulu Abbaszadə küçəsi və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazini əhatə edib.

Bu aksiyaya Səbail rayonunun müharibə və əmək veteranları da qoşulublar. Yaşlarının ahıl vaxtı olmasına baxmayaraq veteranlar rayon rəhbərliyi ilə birlikdə Bayıl yaşayış sahəsində yerləşən Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda ağac əkmiş, II Dünya Müharibəsində Qələbənin 70 illik yubileyi ərəfəsində rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə öz töhfələrini veriblər. 

Səbail rayonunda “İlk Avropa Oyunları”, “VI İslam Həmrəylik Oyunları”, eləcə də Formula-1 yarışları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsi məqsədi ilə ətraf mühitin yaşıllaşdırılması təşəbbüsləri gerçəkləşdirilib. Bu paytaxtın gözəlləşməsindən də əlavə ətraf aləmin qorunması, təmiz ərazidə və sağlam havada sakinlərin məskunlaşmağı deməkdir.


L.Hüseynzadə


Bu məqalə “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin çirkləndirilməməsi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

 

19.06.2017 15:49 / Baxılıb: 302 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2017
    18.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo