Narkotikanın insan şüuruna təsiri

Narkomaniya bir xəstəlikdir. Bu xəstəliyin yaranmasının müəyyən səbəbləri var. Heç şübhəsiz ki, bu səbəblərin başında mənəvi boşluq gəlir. Bəli, bu xəstəliyin yaranma səbəblərindən ən önəmlisi mənəvi boşluqdur. Gənclərimizin  dini və milli mənəvi dəyərlərimizdən uzaq qalmasıdır. Bu gün gənclər təhsildən, dini dəyərlərimizin öyrənilməsindən çox əyləncəyə daha çox vaxt ayırırlar. Əyləncə də həddindən artıq olanda siqaret, spirtli içki kimi zərərli vərdişlərə meyllənirlər. Bu vərdişlər inkişaf etdikcə narkotik vasitələrdən istifadəyə keçir. 

Narkotikadan cəmi bir dəfə istifadə etmək isə narkomaniyaya yol açmaq deməkdir. Acınacaqlı hal odur ki, son dövrlər orta məktəblərdə və universitetlərdə də narkomaniyaya qurşananların sayı artmaqdadır. Bunun üçün gənclərin narkotik vasitələrə qurşanmasının qarşısını almaq üçün cəzbedici təbliğat formalarından istifadə olunmalıdır.

Narkotika aludəçiləri, çirkin işlərin satışı ilə məşğul olanlar demək olar ki, Azərbaycanın hər bir güşəsində, kənd və şəhərində, hətta kiçik qəsəbəsində belə mövcuddur. Belələrini tanımaq üçün xüsusi dindirmə mexanizminə ehtiyac da yoxdur, ilkin göstərici elə onların özüdür. Geyimlərindən duruşuna, hətta yol getmələrinə qədər aludəçilər öz kimlikləri haqqında məlumat yayırlar. Belə şəxsləri Azərbaycanın istənilən güşəsində görmək olar. Bunun nəticəsidir ki, narkotik maddələrdən istifadə edən şəxslər tez bir zamanda məsuliyyətə cəlb edilirlər.

Narkomaniya dünyada özü ilə heç bir rəqabət aparılmayacaq dərəcədə gəlir götürən böyük biznes vasitəsidir. Çox cüzi miqdarının gətirdiyi böyük pulların başqa gəlir vasitələrindən fərqi ondadır ki, onun aludəçiləri gün ərzində bir dəfə qida qəbul etdikləri halda bir neçə dəfə narkotik maddə qəbul etməsələr yaşaya bilmirlər. Bunun üçün də bu kiçik maddə, öz aludəçilərini özünə elə bağlayır ki, onlar hansı vasitə ilə olursa olsun mütləq narkotikanı əldə etməlidirlər. Bunun üçün soyğunçuluq, oğurluq, hətta adam öldürmək belə narkomanı qorxutmur. Çünkü o, “keyf”də  olduğundan öz əməllərinə cavabdehlik daşımır. O, kimi isə hədələyərkən marağında yalnız tez bir zamanda əldə edəcəyi narkotikadan başqa bir şey olmadığı üçün hər bir addımı atmağa hazırdır. Belə aludəçilik qəti mütilik yaradır ki, bu da narkotikanı böyük gəlir mərkəzinə çevirir. Təbii ki, belə olan halda narkotika aludəçisi bu vasitəni əldə etmək məcburiyyətindədir. Bunun üçün onun Kolumbiya getmə imkanı da yoxdur. Bu baxımdan bu istəklər daxili imkanlar hesabına gerçəkləşməsi məcburiyyətini ortaya qoyur. Elə problemin başlanğıcı da buradan meydana gəlir. 

Narkotika şüura təsir göstərən maddədir. Buna görə də insanda aludəçilik yaradır. Lakin bu aludəçilik heç də həll olmayan problem deyil. Çox zaman məcburi həbsə məruz qalan aludəçilər ilk həbsxana həyatında narkotik maddələr üçün lazım olan məbləği əldə edə bilmədikləri üçün həbsdə olduqları müddətdə narkotikanı tərgidirlər. Əlbəttə, insan özünə gələcək hər hansı bir iş üçün ümid verərək dözüm nümayiş etdirə bilər, lakin bu bir həqiqətdir ki, bir neçə il aludəçi insan narkotikadan kənar qala bilirsə və ya bunu əldə edə bilməməzliyi onun şüurunda narkotikadan uzaq qalma siqnalı ilə onu susdurursa demək cəmiyyətə döndüyü zamanda da mövcud şərait yaranarsa bu onun yenidən narkotik düşkünü olma ehtimalını sıfıra bərabər edər. Şüura görə düşkün olan şüura görə də bundan çəkinə bilər. 

Bu bəla hər il yüzlərlə ailənin dağılmasına səbəb olur, neçə-neçə şikəst doğulan uşaqların anormal doğuşu üçün zəmin yaradır, soyğunçuluq, oğurluq faktları, qətillərə rəvac verərək aludəçiləri özlərindən asılı olmayan əməllərə sürükləyir. Sağlam gələcək haqqında danışılan söhbətlərə hər gün daha çox ziyan vuran narkotika qorxunc kabus olaraq hər dörd evdən birində kök salmışdır. 

Narkomaniya tədricən artan miqdarda narkotik maddələrdən daimi istifadəyə aludəçilik və nəticədə onlardan ciddi psixi və fiziki asılılığa düşməklə səciyyələnən xəstəlikdir. Narkotikdən istifadə etmənin təhrikedici motivlərindən ən əsası – narkotik maddə qəbulu zamanı yaşanan xoş hissləri təkrar duymaq arzusudur. Maraq, həmyaşıdlarının dilə tutmaları, narkotik maddələrin zərərli nəticələrini başa düşməmək, kimisə təqlid etmə, həzz almaq cəhdi, asudə vaxtdan səmərəli istifadə edə bilməmək, yalan romantika, “sirli” bir şeyə qoşulmaq istəyi, sağlam maraqların və həyat məqsədinin olmaması, gündəlik problemlərdən uzaqlaşmaq istəyi, valideynlərin məşğul olması və nəticədə uşaqlara az diqqət yetirilməsi yeniyetmələri narkotik, yaxud toksiki maddələr qəbul etməyə sövq edən səbəblərdəndir. 

Narkomanlığa və digər zərərli vərdişlərə aludə olmamış, lakin belə ehtimalı olan yeniyetmələrin risk qruplarını psixoloji işlərlə üzə çıxarmaq lazımdır. Ailələrin sosial-iqtisadi vəziyyətinin aşağı düşməsi nəticəsində yeniyetmələrdə addiktiv davranışın artması, cinsi tərbiyə işinin lazımi səviyyədə aparılmaması, son zamanların bəlasına çevrilən QİÇS xəstəliyi haqda informasiyanın məhdudluğu ilə əlaqədar treninq zamanı bu problemin işıqlandırılması vacibdir. Elmi cəhətdən əsaslandırılmış, praktikada özünü doğruldan qabaqlayıcı tədbirlərlə yeniyetmələri bu işdən çəkindirmək, təhrikedici vəziyyətlərə, stresə, əlacsız vəziyyətə düşən, münaqişəli situasiyada yaşayan, həmyaşıdlarının təsirinə məruz qalan yeniyetmələrdə sui-qəsd hallarının artması ilə əlaqədar profilaktik işin ön plana keçməsinə tələbatın artmasını göstərmək lazımdır. 


Ləman

Bu məqalə “İntellekt Araşdırmaları Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Gənclərin narkotika aludəçiliyindən çəkindirilməsi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Related image

19.06.2017 15:30 / Baxılıb: 302 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo