İlham Əliyev ermənilərin haqsız olduğunu həmsədrlərə başa saldı

Adəm Abbaslı/AZADİNFORM. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Azadinform xəbər verir ki, dövlət başçısı həmsədrlərə ermənilərin təxribat xarakterli hərəkətlərini xatırladıb: “Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törədib və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab verib və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”.

Dövlətimizin başçısı, eyni zamanda, qeyd edib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Son vaxtlarda təmas xəttində nisbi sakitlik hökm sürdüyünü deyən Prezident İlham Əliyev bildirib ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir.

Prezident İlham Əliyevə bəyan etdiyi fikirlərinə görə minnətdarlığını bildirən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov qeyd edib ki, həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur. O deyib: “Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”.

Söhbət zamanı Fransadan olan həmsədr Stefan Viskonti, ABŞ-dan olan həmsədr Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik danışıqlar prosesi ilə bağlı fikirlərini ifadə ediblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

19.06.2017 15:10 / Baxılıb: 164 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo