Novxanı-Pirşağı avtomobil yolunda tikinti işləri yekunlaşır - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Abşeron yarımadasının şimal hissəsində, sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan işlər artıq yekunlaşır.

Sahil yolunun inşası zamanı bəzi ərazilərdə mövcud yolun eni böyüdülüb. Belə ki, avtomobil yolunun həm Novxanı,  həm də Pirşağı qəsəbələrindən keçən hissəsində yolun eni  3-4 m-dən 9 m-ə  qədər  genişləndirilib.

"Azəravtoyol"dan Azadinform-a verilən məlumata görə, bəzi ərazilərdə isə yol yeni tras üzrə inşa olunub. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri də köçürülüb.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7.5 m, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 m-dir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 m enində piyada səkiləri də tikilib, 50 min p/m səki daşı düzülüb.  Piyada səkinin hərəkət hissəsində asfaltlanma işləri görülüb.

Hazırda yolun son 2 km-lik hissəsinin asfaltlanması işləri də bitmək üzrədir. Ümumilikdə isə 3 qat olmaqla 20 sm qalınlığında və 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Tikinti işlərinə uyğun olaraq nəzərdə tutulmuş sayda, daha dəqiqi zəruri olan yerlərə 165 ədəd yol nişanı və 29 ədəd məlumatverici lövhə quraşdırlıb,  yolda 5 min m2 üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

Azərbaycan prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Novxanı - Pişağı  avtomobil yolunun tikintisi  “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişİ təmin edəcək. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.

 

 

 

 

19.06.2017 14:40 / Baxılıb: 375 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.08.2017
18.08.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo