Din xadimi: bu nə deməkdir?

Son 200 ilin məhsulu olan bu söz birləşməsi özündə sabit məna daşımır


Bu, həqiqətən də belədirmi? Din adamları üçün dindən vacib nə ola bilər? Əslində, “din xadimi” istilah (termin) kimi yanlış ifadədir: din, prinsip etibarilə, heç bir mömin insanı xadim etmir. Sadəcə möminlər və özünü dinə xidmətə, yəni müəyyən dini öz timsalında, sözü və əməlləri ilə yaymağa həsr etmiş insanlar var. Biz hamımız başa düşürük ki, siyasi fəaliyyətlə məşğul olan siyasətçi hakimiyyətə can atır və bu da vətəndaşın, siyasi proseslərin iştirakçısının konstitusiya hüququndan istifadəsi kimi qəbul edilir. Siyasətçi üçün bu cür fəaliyyət forması nəinki qanuni, həmçinin tamamilə normal hesab edilir, başqa cür, yəqin ki, ola da bilməz. Siyasət hakimiyyətlə bağlı imtiyazlardan başqa, insana maddi rifah da gətirir. Bir sözlə, mübarizə aparmaq üçün ciddi səbəb var. Müqəddəs kitablarda yazılanlara görə, din xadimlərinin belə perspektivləri yoxdur. İanələr (bu, xristianlıqda və islamda geniş tətbiq edilir) kilsəni, məscidi normal məişət səviyyəsində saxlamaq, həddən artıq ehtiyacı olanları yeməklə təmin etmək üçün istifadə olunmalıdır. Zənginlik və israfçılıq aludəsi olmaq bütün dinlərdə nöqsan sayılır. Deməli, dinin və siyasətin insan və bütövlükdə cəmiyyət həyatının maddi nemətlərinə münasibətləri bir-birinə ziddir. Deməli, din xadimi dedikdə, biz əslində mənəviyyat, ruhaniyyət aləmi ilə məşğul olan kəsləri nəzərdə tuturuq. Yəni bu insan ruhanidir, onun üçün maddi həyat keçici bir dövrü əhatə edir və onu var-dövlətin xidmətçisinə çevirməməlidir. Həqiqətən də ruhani insanlar keçmişdə də və indi də yarı zahidlik həyatı keçirir, ruhunu və qəlbini qidalandırır. Məşğul olduğu sahə – ruhaniyyət aləmi qazanc əldə etmək üçün vasitəyə çevrilmir.

Bəs bu günümüzün din xadimi öz səylərini nəyə yönəltməlidir? Onun əsas, ali məqsədi nədir? Əlbəttə, bu, heç də asan sual deyil. Qonşu ölkələrin – Rusiya, İran, Türkiyə, Gürcüstan, Ermənistanın timsalında görürük ki, siyasət və din arasında ciddi sərhəd ya yoxdur, ya da tezliklə o, ümumiyyətlə, mövcud olmaya bilər. Bununla belə, hamıya təlqin etməyə çalışırlar ki, guya onilliklərlə, bəlkə də yüzilliklərlə mövcud olmuş sərhəd, çox ehtimal ki, süni olub, imanlı vətəndaşın azadlığını, onun siyasi hüquqlarını pozub. Dini siyasətdən ayıran qanunların qəbul edilməsi tarixi səhv, “ədalətsizlik” kimi qiymətləndirilir. Yuxarıda adlarını sadaladığımız ölkələrdə, xüsusi təbirlə desək, din və siyasət arasındakı “viza rejimi” sadələşdirilib, yaxud da tamamilə ləğv edilib. Avropa ölkələrində din və hakimiyyətin bu cür qarşılıqlı münasibətləri əzəldən mövcud olmayıb. Bu gün Şərqdə bəzən, hətta, ucadan danışırlar ki, siyasət və dinin zaman-zaman öz yerləri və rollarını dəyişmələri pis olmazdı. Bax bu, əla olardı! Nümunələr ki, var! Uzağa getmək lazım deyil! Bununla belə, başqa xarakterli misallar da mövcuddur və onlar üstünlük təşkil edir. Hal-hazırda Avropa ölkələrində və ABŞ-da başqa bir proses baş verir. Biz katoliklik və islama qarşı get-gedə artan mənfi münasibətin şahidi oluruq. Dinin ictimai-siyasi “qazanda” həllolma prosesi dünyanın əksər ölkələrinin siyasətində, demək olar ki, əsas yer tutur, müxtəlif növ beynəlxalq forumların müzakirə mövzusuna çevrilir.

Lakin suallar çoxdur və onlara cavab axtarmaq və qismən də olsa, anlaşıqlı, məntiqli izah tapmaq üçün uzun vaxt tələb olunur. “Din xadimi” istilahına gəlincə, o bu gün dinin maraqları çərçivəsində fəaliyyət göstərən insan kimi izah edilir. Yəqin ki, bu belədir. Onun üçün din əsas məşğuliyyət növüdür. Siyasətçi üçün siyasi fəaliyyət vacib olduğu kimi. Din adamı dinin özündən savayı, hər bir hadisə və hərəkəti dinə uyğun olub-olmaması nöqteyi-nəzərindən qiymətləndirir. Bu əsas meyar, zənnimcə, din adamının nəinki fikirlərində, eləcə də əməllərində özünü göstərməlidir.

Dinə xidmət edənlərdən fərqli olaraq, siyasi xadimin geniş manevretmə imkanı var: öz strategiya və taktikasını dəyişməkdən başlayaraq, müvəqqəti sükut və ya siyasətdən gedişə qədər. Yaxud da o, ümumiyyətlə, siyasi fəaliyyəti iqtisadi fəaliyyətlə əvəz edə bilər. Variantlar çoxdur.

Qoy həqiqi din adamları və peşəkar siyasi xadimlər məni bağışlasınlar. Onların sayı bu gün o qədər də çox deyil. Məqalədəki söhbət istisnalardan deyil, bu gün mövcud olan ümumi şəkildə qəbul olunmuş “qaydalardan” gedir. Aydınlıq gətirmək üçün tanıdığımız dünya regionlarının hər biri üçün daha səciyyəvi olan kiçik müqayisə aparmaq istərdim.

Yuxarıda deyilənlərdən əlavə, siyasətçi və din adamı arasında digər ciddi fərqlər də mövcuddur. Siyasətçi müvəqqəti olaraq, yəni siyasi mübarizə tamaşası zamanı ideoloji həyəcan vəziyyətində, emosiya, özünəməxsus “məğrurluq” və eyforiyanın təsiri altında olur. Əksər din adamları isə dərin xəyallar, hətta özünətəlqin sistemində, demək olar ki, daim qalmaq məcburiyyətindədirlər, onlar nadir hallarda, hansısa səbəbdən bu roldan çıxmağa müvəffəq olurlar. Çünki siyasətçidən fərqli olaraq, məsələn, keşişin “tamaşadakı” əsas, daimi rolu onun şəxsi təbiətindən daha doğma və yaxın olmalıdır. O, demək olar ki, canlı, hissiyyatı olan insan kimi özünün təbii tələbatlarını unutmaq təhlükəsi ilə üzləşir. Həyatdan cismani zövq almaq, şəhvət hisslərinə qapılmaq ruhani adam üçün məqbul hesab edilmir. Xristian rahib üçün bu, böyük günahlardandır.

Məsələn, hansısa katolik keşişi dini rolundan çıxmağa müvəffəq olanda isə özündən asılı olmayaraq gündəlik dini öhdəliklərdən azad olduğu qısa vaxt ərzində bütün geridə qoyduqlarını tamamlamaq istəyir və onun dini mahiyyəti və keşişlik vəzifəsi tez bir zamanda öz əsas məğzini itirir. İnsanın təbiəti öz təbii tələbatlarının təmin edilməsini tələb edir (müxtəlif səmavi və dünyəvi dinlərin nümayəndələri bu “qüsurdan” əziyyət çəkirlər. Onların bəzilərində bəkarət andı, digərlərində isə spirtli içkilərin qəbuluna və əxlaqsızlığa qadağa mövcuddur). Öz rolundan çıxmış keşişi tamamilə insani duyğu – dünyəvi həyatın bütün “gözəlliklərindən” zövq almaq istəyi ələ alır. Lakin o öz dini mənsəbinə görə çox məhdudlaşdırılıb, məsələn, olduqca böyük seçimə malik olan İtaliyanın baş naziri və “iqtisadi maqnatı” S. Berluskonidən fərqli mövqedədir. Təbii vəziyyətinə qayıdarkən din xadiminin “yoldaşları” əksər hallarda ya onun şagirdləri – uşaqlar, yaxud da dini təriqət, ümumi xidmət üzrə “həmkarları” ola bilər. Yeri gəlmişkən, qeyd edim ki, bütün katolik ordenlərində qəribə də olsa, yüzilliklər boyunca rahiblik etmək və cüt-cüt yaşamaq kimi ciddi qayda mövcuddur. Həmin ordenlərin yaradıcılarının bu cür qərarına dair iki variantın olduğunu deyirlər – hər bir kəs digərinə nəzarət etməli, yaxud da eyni ordenin iki üzvü arasında baş verənlər sirr kimi saxlanılmalıdır. Belə daha etibarlıdır. Yeri gəlmişkən, sonuncu bir növ ali məhkəmələrdə çoxlu sayda katolik keşiş-pedofillərin “günahlarının” açıldığı Avropa və Latın Amerikası ölkələrindəki qalmaqallara verilən şərhdir. Necə də ziddiyyətli, lakin müasirlərimizə olduqca tanış, qulağa yatan və anlaşıqlı söz birləşməsidir! Mənim həm qurbanlara, həm də keşişlərin özlərinə belə yazığım gəlir, onları insan təbiətinə zidd yaşamağa məcbur edirlər. Bütün bunlar isə böyük səxavətlə insana hissiyyat orqanlarını bəxş etmiş Yaradana ibadət adlanır. Əsas mövzudan məcburən kənara çıxdığım üçün bağışlayın...

Müasir demokratik dünyada din adamının bizim anladığımız şəkildə geniş azadlığı yoxdur. Davranış sabitliyi, öz tələbatını məhdudlaşdırma, asketizm, müsbət şəxsi örnək hər şeydə din adamının fəaliyyətinin xarakterini müəyyənləşdirir. Dini göstərişlər onun manevretmə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Yuxarıda göstərildiyi kimi, dünyəvi demokratik dövlətdə din və siyasətin qarşılıqlı münasibətləri bir çox ölkələrin konstitusiyalarında öz əksini tapmışdır. Cəmiyyətin və bütövlükdə ölkənin həyatında dinin rolu və yeri dəqiq, birmənalı və qəti şəkildə müəyyənləşdirilmişdir (siyasət həm şaquli, həm də üfüqi istiqamətdə müəyyənləşdirilir (yəni hakimiyyət və cəmiyyət), din isə yalnız üfüqi müstəvidə yerləşir – cəmiyyət). Əks təqdirdə, yəni siyasi xadim və din adamı arasındakı fərqlər itdiyi halda, ilk növbədə dinin özünün vaciblik, zərurilik səviyyəsi, onun ilahi statusu aşağı düşür. Nəticə etibarilə, o, dəyişməz əxlaqi dəyərlər kateqoriyasından çıxır və belə vəziyyət dinin özünə məhvedici təsir göstərir. Müasir dünyada da buna aid misallar çoxdur. Terror və antiterror din və siyasətin birləşdirilməsi cəhdlərinin uğursuz nəticəsidir. Onlar, gördüyümüz kimi, təbiətcə və xarici əlamətlərinə görə bir araya sığmırlar. Onlar məsələni bu cür kobud şəkildə, qan tökmək, heç bir günahı olmayan insanları qətlə yetirmək hesabına aydınlaşdırılmamalıdır. Dinin yeri əxlaq və mənəvi dəyərlər məkanıdır, burada dəyişkən siyasətə daimi sığınacaq tapmaq çətindir və o, məmnuniyyətlə bu yeri dinə verir. Qayğılar xeyli azalmış olur. Hesab edirəm ki, istənilən cəmiyyətin ayrılmaz hissələri, cəmiyyətdə sabitlik üçbucağı olan elm, incəsənət və din dövlətdə ali hakimiyyətin həyata keçirilməsinə istiqamətləndirilmiş praktik siyasətdən kənar olmalıdır.

İlkin mənbənin müqəddəsliyi isə dinin əsası olan imandadır. Əks halda, cəmiyyətdə dinin, Ali şüurun qanun və ehkamlarına qarşı haqlı olaraq şübhələr yaranar. O öz müstəsnalığını, mütləqliyini itirər. Din və onunla bağlı olan hər şey sudakı yağ damcıları kimi həmişə göz qabağındadır. Hamımız yaxşı bilirik ki, yağ suya qarışmır. Onlar arasında bizim görmədiyimiz təcrid sahəsi var. Buna görə də dini siyasətə qatmaq cəhdləri təsadüfən dinin strukturunun dəyişilməsinə gətirib çıxara bilər: o, siyasətdə həll olar və onu bu anlaşılmaz kimyəvi tərkibli “mayedən” ayırmaq artıq mümkün olmaz.

Əslində, dini siyasətlə birləşdirmək cəhdlərinin bu cür qiymətləndirilməsi düzgündür. Tarixdə belə olub və bu gün də dəyişməz olaraq qalır, yəni hər bir insan öz fəaliyyət sahəsini – ya din, ya da siyasət – seçmək məcburiyyətində qalır. Lakin onlardan hansının su, hansının yağ olduğunu hər kəs özü müəyyən etməlidir.


Rafiq Əliyev,

fəlsəfə elmləri doktoru, professor

14.06.2017 08:49 / Baxılıb: 723 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.09.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo