Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunu qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bolqarıstanın baş prokuroru Sotir Tsatsarovu qəbul edib.

Azadinform xəbər verir ki, Sotir Tsatsarov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tərəfindən həyata keçirilən işlərə öz rəğbətini ifadə edən Bolqarıstanın baş prokuroru respublikamızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildirdi. Qonaq hər iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, bu əməkdaşlığın yüksək peşəkar səviyyədə və dostluq şəraitində aparıldığını vurğuladı və Bakıya səfərini mövcud əlaqələrin davamı kimi dəyərləndirdi.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Özünün Bolqarıstana, Bolqarıstan Baş nazirinin Azərbaycana səfərini xatırlayan dövlətimizin başçısı bu səfərlərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Azərbaycan ilə Bolqarıstanın bütün sahələrdə əlaqələrinin hər iki ölkənin rəhbərlikləri arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstək səviyyəsinə qaldırılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev prokurorluq orqanlarının yaxşı əməkdaşlığının ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə xidmət etdiyini dedi və bu səfərin münasibətlərimizin perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını bildirdi.

Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi.

13.06.2017 12:18 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo