Azərbaycan-Gürcüstan münasibətlərində etibarlılıq var

Rasim Musabəyov: “Ölkələrimiz Xəzər dənizi və Qara dəniz arasında körpü rolunu oynayır”

 

Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlər hər keçən gün daha da inkişaf etməkdə, hər üç ölkənin birgə təşkilatçılığı ilə silsilə tədbirlər, həmçinin nazirlər səviyyəsində müxtəlif görüşlər keçirilməkdədir. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, hazırda da Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin "Qafqaz Qartalı” birgə təlimi keçirilir. Azərbaycan Silahlı Qüvvələri kontingentinin qatıldığı təlim iyunun 14-dək davam edəcək. Dünən də Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirilib. Hər 3 ölkənin beyin mərkəzləri təmsilçilərinin iştirak etdiyi konfransda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edilməklə bərabər, gələcəkdə də bu münasibətləri davam etdirməyin vacibliyi vurğulanıb. Belə bir tədbirlər ərəfəsində anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə ölkəmizin daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdləri də diqqətdən yayınmayıb. Bütün bu proseslərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, politoloq Rasim Musabəyov cavablandırır.


- Rasim müəllim, ölkəmizin xarici siyasətində Azərbaycan-Gürcüstan münasibətləri hansı mövqeyə malikdir? Bu münasibətləri necə xarakterizə edərdiniz?

 

- Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Hər iki tərəfdə müxtəlif illərdə prezidentlər dəyişsə də, hakimiyyətə gələn hər bir şəxs Azərbaycan-Gürcüstan strateji müttəfiqliyini dəstəkləyib. Bununla yanaşı, hər iki tərəfdən bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün lazımi dəstək verilib. Əgər tarixə nəzər salsaq görərik ki, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyəti elan olunandan sonra Gürcüstanın yeganə olaraq bizim ölkə ilə müttəfiqlik haqqında müqaviləsi olub. Yəni, müasir dövrdə ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin, hərtərəfli münasibətlərin tarixi kökləri var. Bu, geopolitik zərurətdən irəli gəlib. Müəyyən mənada Gürcüstan və Azərbaycan Xəzər və Qara dənizlər arasında körpü rolunu oynayır. Körpü vahid şəkildə öz geopolitik funksiyasını həyata keçirə bilər. Yarımçıq körpünün heç bir qiyməti yoxdur və o heç kəsə lazım deyil. Ona görə də Azərbaycan və Gürcüstanın sıx münasibətlərinin olması iqtisadi, siyasi və digər cəhətlərdən də əhəmiyyətlidir. Ölkələrimizin etibarlı müttəfiq olması bizim regionda müəyyən funksiyanın həyata keçirilməsinə imkan yaradır, özünə diqqət cəlb edir. Əgər Azərbaycan-Gürcüstan müttəfiqliyi olmasaydı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, eləcə də TAP, TANAP kimi layihələrin reallaşması da qeyri-mümkün olardı. Bununla yanaşı, ölkələrimiz arasında strateji müttəfiqlik olmasaydı Qərbin Gürcüstana dəstək verməsinə də maraq yaranmazdı. Bütün bu proseslər bir-biri ilə zəncirvari bağlıdır. O da reallıqdır ki, Azərbaycanın müstəqilliyi itirildiyi halda Gürcüstanın da müstəqilliyindən az bir şey qalar. Bunun əksini də söyləmək mümkündür.


- Son illər Azərbaycan-Gürcüstan-Türkiyə formatında silsilə tədbirlər keçirilməkdədir. Hazırda da Tbilisidə hər üç ölkə hərbçilərinin iştirakı ilə təlimlər keçirilir. Bunları necə dəyərləndirirsiniz?

 

- Əlbəttə ki, müsbət dəyərləndirirəm. Bu, bir ənənədir. Bu addımların arxasında indiyə qədər ölkələr arasında imzalanan müqavilələr dayanır. Həmin müqavilələr ilk növbədə mövcud dəhlizin təhlükəsizliyini təmin etməyə hesablanıb. Söhbət neft-qaz kəmərlərindən, dəmir yol və avtomobil yol layihələrindən gedir. Bu sahədə əməkdaşlıq indinin məsələsi deyil. Bu fəaliyyət davamlı xarakter alıb. Fikrimcə, hərbi sahədə əməkdaşlıq və buna qarşılıqlı siyasi dəstəyin verilməsi ölkələrimizin təhlükəsizliyini və müstəqilliyini daha da möhkəmləndirir.


- İyunun 5-də Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” adlı beynəlxalq konfrans da keçirilib. Məhz Bakıda belə bir tədbirin baş tutmasına, orada səslənən fikirlərə münasibətiniz necədir?

 

- Mən özüm də həmin konfransın iştirakçısı oldum. Bu konfrans ölkələrimiz arasında baş verən yeganə hal deyil. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi Azərbaycan, Gürcüstan və Türkiyənin parlamentlərində, xarici əlaqələr komitələrində birgə görüşlər keçirmişik. Belə görüşlər mütəmadi xarakter alıb. Eyni formatda müdafiə, fövqəladə hallar və xarici işlər nazirləri, sərhəd, gömrük orqanları rəhbərlərinin də görüşləri olub. Bütün bunlar sübut edir ki, bizim üçtərəfli münasibətlərimiz çoxşaxəlidir. Düşünürəm ki, bu, vəziyyətə tam uyğundur və gələcəkdə əlaqələrin daha da genişlənməsinə hesablanıb.


- Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə olduğu halda bəzi qüvvələr Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdləri göstərirlər. Sizcə, bu, nədən qaynaqlanır?

 

- Rəsmi səviyyədə Gürcüstan Azərbaycanın daxili işlərinə heç zaman qarışmayıb. Eləcə də rəsmi Bakı Gürcüstanın daxili işlərinə qarışmır. Bu ayrı məsələdir ki, Gürcüstanda müxalif qüvvələr var və onlar ölkədəki liberal rejimdən istifadə edərək hansısa yaramaz fəaliyyətlə məşğul olurlar. Lakin hər dəfə hökumət səviyyəsində Azərbaycan eşidilib və lazımi tədbirlər görülüb. Bundan sonra da belə olacağına əminəm. Ona görə də Gürcüstanı hökumət səviyyəsində belə məsələlərə görə qınamağa dəyməz. Səhv etmirəmsə, son vaxtlar bəzi hadisələrlə bağlı adı hallandırılanlar heç Gürcüstan vətəndaşları da deyillər. Onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycandan kimlərsə Avropa ölkələrinə gedibsə, buna görə həmin dövlətləri qınamaq düzgün deyil. Bu səbəbdən rəsmi Tbilisini belə məsələlərdə qınamağı doğru saymıram.


- Anti-Azərbaycan qüvvələrin son vaxtlar fəallaşması Azərbaycan-Gürcüstan münasibətlərinə hər hansı formada təsir göstərə bilərmi?

 

- Hesab etmirəm ki, həmin qüvvələr nəyəsə nail olsunlar. Bununla belə, qeyd etdiyiniz qüvvələrin fəaliyyətini çox da şişirtməyə dəyməz. Anti-Azərbaycan qüvvə deyəndə çox böyük bir məfhum başa düşülür. Halbuki, bir-iki "dılğır” orada olub, nəsə iş görmək istəyir. Belələrinin "fəaliyyəti” nəinki Azərbaycana, eləcə də Gürcüstan-Azərbaycan münasibətlərinə heç bir halda xələl gətirə bilməz. Azərbaycan-Gürcüstan münasibətlərində o dərəcədə etibarlılıq var ki, buna Ermənistandan, dünyanın hansısa digər nöqtəsindən hər hansı formada təsir etmək mümkün deyil. Onların bu istiqamətdə bütün səyləri boşa çıxacaq.


Rufik İSMAYILOV

6.06.2017 14:12 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo