Boyumuzun çatmadığı adam - Kamal ƏHMƏD

Təngnəfəs qalxdığım küçədə reklam panosundakı iti baxışlı, saç-saqqallı bir adam diqqətimi çəkir. Ötəri baxıb keçirəm. Hər yerə və hər şeyə gecikmək şakərimi yaxşı bildiyimdən addımlarımı sürətləndirib tədbirin baş tutacağı yerə çatıram. Reklam panosundakı iti baxışlar məni yaxalayır. Mənə elə gəlir ki, tablodan boylanan adam məndən, bizdən, buradakılardan çox yuxarıdadır. 

“Xalq Bank”  “Xalq Əmanəti” layihəsi çərçivəsində rəssam Kamal Əhməd yaradıcılığını gözlər önünə sərir.  

Qısa bir haşiyə çıxacağam. Mənim ölkəmdə xalqının sadəcə puluna deyil, sözünə, sənətinə, yaradıcılığına sahib çıxan bir qurum var – “Xalq Bank”. Hər nə qədər qəribə görünsə də bu bank “Xalq Əmanəti” adını verdiyi layihə çərçivəsində 2010-cu ildən bu günə qədər müxtəlif sahələrdən, müxtəlif istiqamətlərdən olan yaradıcı adamları tanıdır, onları ictimaiyyətlə paylaşır. 

Sonuncu təqdimatda şəhid rəssam Samir Kaçayev anılmışdı və bu mənə çox təsir eləmişdi. Təsəvvür edin, ömrü yarıda qırılan bir gəncin, bir qəhrəmanın xəyalları, arzuları yarıda qalmır, davam etdirilir. Əsərləri, əməlləri üç dildə Azərbaycan, ingilis, rus dillərində dünyaya təqdim olunur. Ölkəmizdəki məktəb və kitabxanalara fondlara, xarici nümayəndəliklərə, eləcə də xaricdəki Azərbaycan nümayəndəliklərinə, sənətsevərlərə hədiyyə olunur. Bu, möhtəşəm və nəcib bir işdir. 7 il boyunca 15 təqdimat, 15 xatirənin əbədiləşdirilməsi təqdirəlayiq deyilmi?!

“Xalq Əmanəti”nin növbəti qonağı fırça ustası, rəssam Kamal Əhməd idi.


İçərişəhərdən uşaq evinə uzanan yol...


Dərdin bir gözəl tərəfi də var, adamı yoğurub insan yapar. Kamal Əhməd 8 fevral 1940-cı ildə Bakıda dünyaya gəlib. İçərişəhərli olan ailəsi atasının işinə görə Kamal doğulandan bir müddət sonra Ağdama köçmək məcburiyyətində qalır, Kamal orda böyüyür. Onun atası da yaradıcı bir insan olub, Azərbaycan poeziyasını yaxşı bilib, muğam sevib, tar çalıb, hətta tar düzəldib, bu da Kamal Əhmədin inkişafında özünü biruzə verib. Tale elə gətirir ki, o əvvəl atasını, çox keçməmiş də anasını itirir. Və bundan sonra onları uşaq evinə göndərirlər. 18 yaşına kimi orada qalır, gözəl təhsil alır, fərqli olduğunu görən müəllimləri onu konsertlərə, sərgilərə aparır, dərnəklərə yazdırırlar. Beləcə balaca Kamal rəssam kimi formalaşmağa başlayır. Deyilənə görə, uşaq evində Səməd Vurğundan xeyir-dua da alır.
 


Dostları onu bu cür xatırlayır:


Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov:  “Kamal Əhmədlə bağlı xatirələrim çoxdur. Çox təvazökar adam idi. Doğrudan da o illər mənim üçün ən dəyərli illər olub. Onda olan enerjiyə heyran idim. Gecə-gündüz rəsm haqqında fikirləşir, sənətlə yanırdı. Onun yaradıcılığının çox hissəsini əhatə edən bu kitab üçün çox şadam.  Bu kitab onun haqqında çox söz deyəcək, oxuyanlar biləcək Kamal Əhməd kimdir. O mənim ürəyimin bir parçasıdır. Kamal ən böyük rəssama belə örnək ola biləcək ürəyi olan bir rəssam idi. Onun ən böyük muzeylərdə təmsil olunmağa, hər bir rəssam qarşısında öyünməyə ixtiyarı çatır. Mən “Xalq Bank”a təşəkkür edirəm, onun gözəl qızını təbrik edirəm. Bu kitab vasitəsilə hamıda  Kamalın bir parçası olacaq”. 

Bakı İncəsənət Məktəbinin direktoru Rafael Gülməmmədli: “Kamal Əhməd Azərbaycan modern təsviri sənətində, avanqard incəsənətə ən çox təsir etmiş rəssamlardandır. Bu istiqamətdə biz onun adını Tofiq Cavad, Əşrəf Murad və Rasim Babayevlə birlikdə çəkə bilərik. Onun təsiri 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycan təsviri sənətinə gəlmiş yeni nəsil rəssamların əsərlərində çox bariz görünürdü. Kamal Əhməd Azərbaycan təsviri sənətində ən dissident rəssamlardan biriydi. Əsərlərində yalançı pafos yoxuydu. Mövcud təsviri sənətə sırınan dəyərlərə qarşı özünün bir etirazı vardı. Filosof idi, mənim üçün Azərbaycan təsviri sənətində qara rənglə işləyən iki rəssam var ki, onların qarası başqa rəssmlarda yoxdur. Əşrəf Murad və Kamal Əhməd. O bilərək akademik təhsil almadı, özü-özünü yetişdirdi. 70-80-ci illərdə artıq öz simasını qazanmağa başlamışdı. Və Azəbaycan təsviri sənətində bənzərsiz yer tutdu. “Şərqin faciəsi” adlı məşhur bir əsəri vardı. Təsəvvür edirsinizmi, hələ 90-cı il olmamışdı, Sovet qoşunları Azərbaycana soxulub faciə törətməmişdi, o ana və qarşısında oğlunun meyiti əsərini yaratmışdı. Sanki rəssam gələcəkdə baş verəcək faciəni əvvəlcədən hiss etmişdi”. 

Yazıçı-publisist Azər Abdulla: “Mən tanıdığım və tanımadığım bütün rəssamları sevirəm. Rəssamlıq mənim üçün möcüzəli bir sənətdir. Kamal Əhməd haqqında ilk dəfə yazını mən yazmışam. 1974-cü ildə Qobustan jurnalında işləyirdim, o vaxt dissident rəssamları sadəcə Qobustan jurnalı dərc edirdi. Kamal bəylə də Rəssamlar İttifaqının qarşısında görüşüb, avtobusla onun emalatxanasına, Goradilə getdik. Mən ömrümdə ilk dəfə su süzən daşı Kamalın emalatxanasında gördüm. O əsərlərini necə işlədiyini mənə danışırdı. İndi burda gördüyüm əsərlərin çoxu hələ yaranmamışdı. Kamal bəy Abşeron Rəssamlıq Məktəbinin ən gözəl simalarından biri hesab olunur. Dostları onu klassik ədəbiyyatı sevən biri kimi xatırlayır. Kamal Əhməd özündə Cənnətlə Cəhənnəmi birlşdirərək qaranlıqdan işığa doğru gedirdi. Və hər kəsi saflığa, aydınlığa aparırdı. Rəng, boya işlətmək bacarığına, rəng hissiyatına görə qeyri-adi bir rəssamıydı. Bu anadan gəlmə istedad idi. Haqqında yazı çıxandan sonra görüşdük, çox sevindi. O vaxt deyirdi ki, məni başa düşmürlər. İndi yanıb tökülürəm, kaş Kamal bu təqdimatı görəydi. Bu layihə üçün təşəkkür edirəm, “Xalq  Bank” yüz illər yaşayacaq, tarixdə qalacaq. ” 

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı: “Kamal sadə adam deyildi, o istənilən yerdə ürəyindən keçən sözü rahatca deyirdi. Kifayət qədər fikrini söyləməyi bacaran adam idi. Qeyri-adi dərəcədə xeyirxah və mehribandı. Yaradıcı insanların çoxusu bu cür olur. O bir dəfə məni emalatxanasına dəvət edib, “bu şəkillərdən hansını istəyirsən seç götür” dedi. Mən “vaxt gələcək, bu əsərlər muzeylərdə olacaq, haqqım yoxdur götürməyə, onun dəyərinə uyğun pulum da yoxdur” dedim və götürmədim. Kamalın əsərlərində rənglərin simfoniyası var. Xüsusən narıncı və qırmızı və qara rəng. Onun əsərlərinin hər biri fəlsəfi miniatür kimidir. O qeyri-adi dərəcədə poeziyanı da sevən adamıydı. Kamalın çətin keçən uşaqlığı sayəsində onun əsərlərində tragediya daha çoxuydu. Düşünürəm ki, “Xalq Bank” Azərbaycanın ən gözəl sosial layihələrindən birini həyata keçirir. Mən çox şadam ki, sənət insanlarımız belə nəfis şəkildə dərc olunaraq yenidən qayıdır. Kamal Əhmədin sənətini sevənlərə, ailəsinə və “Xalq Banka” təşəkkür edirəm. 

Sənətşünaslıq rektoru, professor Cəmilə Həsənzadə:  “O, incəsənətin bütün sahələrini gözəl bilirdi, musiqini duyurdu. Onun yaradıcılığını təkcə Abşeron məktəbinə aid etmək olmaz. Kamalın istedadı sərhəd tanımırdı. Mən onun yaradıcılığını kosmik fəza kimi miqyassız hesab edirəm. Kamal dahiydi...”

 

Şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu:  “Mənim Kamal haqqında “Öz vaxtından qaçan adam” adlı bir şeirim var. Kamal zamanın, əsrlərdən - əsrlərə keçmə dəhlizlərini tanıyan adamıydı. O öz vaxtının içərisində duruş gətirə bilmirdi. Cəmilə xanım düz dedi, o doğrudan da kosmik maştablı bir adamıydı, dahiydi. Biz bəzən sahib olduqlarımızın qədrini bilmirik. Qəribədir, niyə biz doqquz iqlim qurşağımızla fəxr edirik, təbii sərvətlərimizlə fəxr edirik, amma unuduruq ki, bizim əsl böyük sərvətimiz  yaradıcı insanlarımızdır? Yaradıcı insana şöhrəti diqtə etmək olmaz. O dahiydi, qəribə səxavəti vardı, dörd yaşında atasını itirmişdi, ailəsini itirmiş, Qobustan yetimxanasında elə bir mühitdə doğulub böyümüş adam həddindən artıq zəngin daxili aləmə malik idi. O bütün istedadını, daxili zənginliyini böyük bir səxavətlə bağışlayırdı. Fikir adamıydı. Onun rəngi təkcə qara deyildi, o qaranın altında neçə gizli qatlar var ki, o qatlar onun o dərin fikrini biruzə verirdi. Mənim şəxsi kolleksiyamda Azərbaycan və dünya rəssamlarının mindən çox işi var. Ən çox sevdiyim iki əsər Kamal Əhmədin öz əli ilə avtoqraf yazıb mənə bağışladığı işlərdir. Bir əsəri də Finlandiyadadır. Finlandiyanın məşhur şairi, yazıçısı, dramaturqu Azərbaycana öz ailəsi ilə qonaq gələndə onu Kamalın emalatxanasına aparmışdım. Kamal həddən artıq səxavətlə bütün əsərlərini sərgilədi və dedi ki, hansı iş xoşunuza gəlirsə onu götürün. Onlar pul ödəmək istəyəndə Kamal dedi ki, “siz bununla məni təhqir eləmiş olarsınız”. Mən indi də o əsəri Finlandiyaya gedəndə Helsinkidə madam Aurik Olsiunkinin villasında seyr edirəm. Mənim dostlarım da mənimlədir. Allah onlara rəhmət eləsin”.

 

Atasının əsərlərinin çoxdan sərgilənmədiyini, xatirəsinə tədbirlər keçirilmədiyini deyən rəssamın qızı Kamilla Əhmədova ölümündən 23 il keçməsinə baxmayaraq onun göz yaşları ilə, sevinclə, təbəssümlə, bol xatirələrlə xatırlanmasından fərəh hissi keçirdiyini dilə gətirdi: «Bu, sənətkarın xoşbəxtliyidir. Bilirəm ki, tədbirə gələn insanların ürəkləri xatirələrlə doludur. Baxmayaraq ki, atam çox yaşamadı, amma gələcək nəsillər üçün zəngin irs qoyub getdi. Onun sənətkarlıq tərzi təkrarsız idi. Bu əsərlərdən insanlara enerji yayılır. Belə bir tədbir keçirdiyinə, atamın əsərlərindən ibarət mükəmməl nəşrə görə “Xalq Bank”a ailəmiz adından təşəkkür edirik!”

Rəssamın əsərləri “Xalq Bank”ın baş ofisində (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) nümayiş olunur. Kamal Əhməd dünyası ilə yaxından  tanış olmaq istəyənlər sərgini ziyarət edə bilərlər.  


Nigar İSFƏNDİYAR

 

1.06.2017 17:00 / Baxılıb: 430 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo