İmperator Akixito gedə bilər

Yaponiya hökuməti imperator Akixitonun taxtından imtina edə biləcəyi barədə qanun layihəsini bəyənib. Lakin bu qanun yalnız bir dəfə işləyəcək.

BBC telekanalı xəbər verir ki, keçən il 83 yaşlı imperator səhhətinin və yaşının vəzifəsini tam olaraq yerinə yetirməyə imkan vermədiyini deyib. Lakin Yaponiyanın qüvvədə olan qanunvericiliyində taxtdan imtina barədə qanun olmadığından imperator öz istəyi ilə hakimiyyəti varisi şahzadə Naruxitoya verə bilməz.

Qnun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılacaq. Nazirlər Kabinetinin baş katibi Yoşixide Suqa mayın 19-da jurnalistlərə müsahibəsində qanunun parlamentdə maneəsiz qəbul olunacağına ümid etdiyini bildirib.

İmperator Akixito ürəyindən əməliyyat olunub və prostat vəzinin xərçəngindən müalicə alıb. O, 1989-cu ildə atası Xiroxitonun ölümündən sonra taxta çıxıb. Yaponiyada Akixitonu sevir və ona hörmətlə yanaşırlar.

Qanun layihəsində, həmçinin varis şahzadə Naruxitonun dərhal Xrizantem taxtına çıxacağı qeyd olunur. Lakin taxtdan imtina haqqında qanun nə Naruxitoya, nə də onun xələfinə şamil edilməyəcək.

Hökumət taxtdan imtina vaxtını da müəyyən edib. Bunun 2018-ci il dekabrın 18-də baş tutacağı gözlənilir.

Xatırladaq ki, Yaponiya imperatoru sonuncu dəfə 200 il əvvəl - 1817-ci ildə taxtdan imtina etmişdi. (azərtac)

19.05.2017 22:23 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo