Həmsədrlərin bəyanatının mahiyyəti maraqlarımıza ziddir

Leyla Məhərrəmova/AZADİNFORM. “Dünən ilk olaraq Rusiya XİN təmas xəttində yaranan gərginliklə bağlı münasibət bildirdi, bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verdi. Bu bəyanatdan görünür ki, həmsədrlərin Rusiyanın mövqeyi ilə razılaşmadığı məsələ var”. Bu fikri Azadinform-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu həmsədrlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaydığı bəyanatı şərh edərkən deyib. 

O qeyd edib ki, bəyanatda çox diqqətçəkən bir məqam var.  Belə ki, fransalı və  amerikalı həmsədrlər Rusiyadan narazıdır. Digər tərəfdən isə həmsədrlərin bəyanatında analitik materialların toplanması məsələ də  gündəmə gəlib: “Hesab edirəm ki, bəyanatın mahiyyəti isə Azərbaycanın maraqlarının ziddinədir. Bütün münaqişənin tarixində ilk dəfədir ki, həmsədrlər konkret bir hadisə ilə bağlı münasibət bildirir”.  

Politoloq vurğulayıb ki, elə hərbi insidentlər hədsiz çox olub, amma heç birinə Minsk qrupu ayrıca münasibət bildirməyib: “Bəyanatın mətnindən başa düşülür ki,  Azərbaycanın işğal edilmiş əraziləri iki yerə bölünür: Dağlıq Qarabağın özü və  ətraf ərazilər. Minsk qrupu buna eyham vurmaqla  ciddi səhvə yol verir . Çünki Dağlıq Qarbağın statusu hələ müəyyən edilməyib, buna görə də Dağlıq Qarabağı fərqli və işğal edilmiş əraziləri fərqli qəbul etmək kökündən səhvdir. Həmsədrlər tənzimlənmənin ruhuna hörmətsizlik nümayiş etdirdilər”. 

M.Əhmədoğlu bildirib ki, əgər, kimsə münaqişənin dinc yolla həll edilməli olduğunu qəbul edirsə, hərbi əməliyyatlara yol açan addımlardan çəkinməlidir: “Ermənistanın nə ehtiyacı var ki, münaqişə regionunda  “OSA” zenit  raket kompleksi yerləşdirsin? Ermənistan münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdırsa , silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Amma Ermənistan bu  ərazilərə  ağır hərbi  texnika yığır”.

Politoloq sonda vurğulayıb ki, Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi etdiyi bir  vaxtda, Ermənistan  bunu Azərbaycanın xristian - müsəlman qarşıdurması yaratmaq istiqamətində apardığı iş kimi təqdim etməyə çalışır. 

19.05.2017 12:11 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo