Ölkəyə gələn şəxslərin saxlanma mərkəzləri dolub - deportasiyaya pul yoxdur

Bir vaxtlar miqrantların çoxluğundan fəxrlə danışan, hətta bundan bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edən Rusiya indi bu sahəni ciddi şəkildə nəzarətə almağa çalışır. İllər uzunu ucuz işçi qüvvəsindən istifadəyə üstünlük verən hökumət neft pullarının azalmasından sonra yerli əhalini işlə təmin etməkdə çətinlik çəkir. Hətta iş o yerə çatıb ki, prezident Vladimir Putin son çıxışlarının birində əmək miqrantlarının axını qarşısında yerli əhalinin maraqlarının daha çox qorunmasının zəruriliyini bildirib. Hakimiyyət orqanları da prezidentin sözlərindən çıxış edərək addımlar atmaq qərarına gəliblər. Birinci növbədə isə qanunsuz yolla ölkəyə gələnlərin qarşısının alınmasına başlanılıb. Rusiya nəşrlərinin yaydıqları məlumata görə, hökumət qeyri-qanuni yolla ölkə sərhədlərini keçən insanlara qarşı sərt addımlar atmağa başlayıb.


Bu kampaniya o qədər geniş vüsət alıb ki, qanunsuz miqrantları saxlanma mərkəzləri ağzına kimi dolub. Rusiyalı ekspertlər isə həyəcan təbili çalaraq bildirirlər ki, həmin şəxslərin ölkədən çıxarılması problemin köklü həllinə gətirib çıxarmayacaq. Bundan əlavə, kampaniya zamanı korrupsiya halları artır, əlavə bürokratik çətinliklər yaşanır. Hüquq-müdafiə təşkilatları əmindirlər ki, miqrantlarla bağlı qanun pozuntularından az məsrəflə çıxmağın, bir növ qənaət etməyin yolu onların ölkədən çıxarılması qaydalarını sadələşdirməkdir. Məsələn, qeyri-leqalların xüsusi mərkəzlərdə qalma müddətinin azaldılması və məhkəmə praktikasına yenidən baxmaq olar. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Aleksandr Qrebenkin yeni dəyişikliklər təklifi barədə məlumat verib və bildirib ki, qanunsuz gəlmələr üzərində nəzarət sistemi əvvəlki kimi saxlanılacaq. Onun sözlərinə görə, miqrantların arasında qanun pozuntularına yol verənlərin üzə çıxarılması və qanunsuz yolla gələnlərin ölkə ərazisindən çıxarılması işlərini təkmilləşdirmək gərəkdir. Ekspertlərin hesablamalarına görə, qanunsuz yolla ölkə ərazisinə gələnlərin sayı 10 mln-u keçib. Rusiya prezidenti yanında insan haqları Şurasında isə hesab edirlər ki, "boz zona”lar köhnəlmiş miqrasiya qanunvericiliyi səbəbindən artır.


Bu məqsədlə ayın sonuna kimi şurada müvafiq orqanların iştirakı ilə toplantı keçiriləcək. Qurumun sədr müavini Yevgeni Bobrov əmindir ki, normaları konkretləşdirmək, daha aydın etmək gərəkdir: "Belə ki, prosedurlar çox hallarda bir-birinin təkrarlayır. Və bəlli olmur ki, bu və ya digər qanun pozuntularına görə hansı məsuliyyət müəyyən edilib. Söhbət qaydaların sərtləşdirilməsindən getmir. O da qeyd edilir ki, hazırda hakimiyyət orqanlarının qanunları pozan əcnəbilərin hətta yarısını çıxarmağa belə vəsaitləri yoxdur. Daxili İşlər Nazirliyində hesablayıblar ki, ayrılan 100 mln. rubl mərkəzlərdə saxlanılan 4,4 min miqrantın yalnız 1,6 minini ölkədən çıxarmağa bəs edib. Hazırda mərkəzlər ağzına kimi dolub və yeni saxlanılan şəxsləri qəbul edə bilmir. "Miqrasiya və qanun” fondunun nümayəndəsi Gövhər Curayeva hesab edir ki, "hakimiyyət hazırda vaxtilə buraxdığı səhvlərin barını yeyir”. Onun sözlərinə görə, ictimai təşkilatlar dəfələrlə miqrantları məhkəmə qərarından dərhal sonra ölkələrinə göndərməyi tələb edib. Yəni xüsusi mərkəzlərdə yalnız sənədlərlə bağlı problemləri olan insanlar saxlanılmalıdır. "Əgər bizə qulaq assaydılar, qanunsuz yolla ölkəyə gələnlər büdcədə belə bir dəlik yaratmazdılar”, - deyə Curayeva bildirib. Hazırda bir miqrantın saxlanmasına ayda 23 min rubl sərf edilir. Bu isə rusları özündən çıxarır. Məsələn, Levada Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, yerli sakinlərin gəlmələrə qarşı münasibəti dəyişib. Rəyi soruşulan respondentlərin 32 faizi miqrantları az təhsilli sayır, onları aşağı işlərdə işləməyə qadir sayırlar. Miqrantları əməksevər insanlar sayanların da sayı azalıb. Belələri 32 faizdir.


DİN-in məlumatına görə, ötən il Rusiyaya 16,4 mln. əcnəbi və vətəndaşlığı olmayan insan gəlib. Ən çox axın da MDB-dən olub-təqribən 70 faiz. Aİ 11,2 faiz, yerdə qalanları isə digər ölkələrin vətəndaşlarıdır. Maraqlısı odur ki, Rusiya hakimiyyət orqanlarının miqrantlarla bağlı qaydaları sərtləşdirməklərinə baxmayaraq, həmin insanlar ölkə büdcəsinə xeyli mənfəət də gətirirlər. Məsələn, Rusiya Federal Miqrasiya Sisteminin məlumatına görə, ötən ilin 11 ayı ərzində miqrantların xəttilə büdcəyə 29 mlrd. rubl daxil olub.


Yeri gəlmişkən, Rusiyada miqrantlarla bağlı daha bir qərar qüvvəyə minib. Rusiya sürücülük vəsiqəsi olmayan on minlərlə sürücü-qastarbayter 2018-ci il iyunun 1-nə qədər avto müəssisələrdə, yük şirkətlərində işləyə bilməzlər. Rusiya nəşrləri yazır ki, MDB vətəndaşları, xüsusən də Mərkəzi Asiyadan olanlar avtomobilləri çox pis sürürlər. Konkret olaraq erməni sürücünün 20-yə artıq insanın ölümünə gətirib çıxaran qəzası hələ yaddan çıxmayıb. Rusiyanı şoka salan bu insident paytaxtın nəqliyyat sahəsi üçün bir bomba effekti yaratmışdı. O zaman Dövlət Dumasının üzvləri hətta istirahətlərini yarımçıq qoyaraq əcnəbi sürücülərin Rusiyada da sürücülük vəsiqəsi almalarını məcbur edən qanun qəbul etmişdilər. 


Beləliklə, bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda Rusiya MDB məkanından, xüsusən də Mərkəzi Asiyadan olan miqrantlar üçün yeni problem yarada bilər. 


Azər

19.05.2017 10:22 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo