Əsil islam hardadır?

Azərbaycan- dünyaya nümunəvi islam ölkəsi nümunəsi

 

İslam dünyası 50-dən artıq ölkəni, 1,5 milyarda yaxın insanı əhatə edir. Bu, dünyanın ərazi və əhali cəhətdən təxminən 1/5-i deməkdir. Lakin İslam coğrafiyası müasir dünyanın elmi, texnoloji, sosial-iqtisadi və mədəni inkişafına adekvat səviyyədə deyil.

Bunlardan ən əsası bir çox İslam ölkələrində dinin cəhalətlə əvəzlənməsi, İslam ölkələri və xalqları arasında dini birliyin olmaması, həmçinin qlobal güc mərkəzlərinin müsəlman ölkələrinin inkişafına və birliyinə hər vəchlə mane olması kimi faktorlardır. 

Təriqətlər, məzhəblərarası toqquşmalar İslam dünyasının parçalanmasını və ölkələrin bir-biri ilə normal münasibətlər yarada bilməməsini şərtləndirir. Bu problemlərin həlli üçün ilk növbədə İslam dünyasını bir araya gətirən mədəni əlaqələr vacibdir. Belə beynəlxalq tədbirlərdən biri də İslam Oyunlarıdır ki, bu il həmin oyunlar Azərbaycanda keçirilir. İndiyə kimi 3 dəfə İslamiadanın keçirilməsi təşkil olunub, lakin bunlardan biri İran və Səudiyyə arasında anlaşılmazlıq səbəbindən baş tutmayıb. Problem coğrafiya elmində ikili adla tanınan (Fars körfəzi, Ərəb körfəzi) körfəzin adının necə yazılması ilə bağlı idi. Göründüyü kimi, belə adi, əhəmiyyətsiz məsələ ucbatından İslam dünyasının bir araya gəldiyi böyük bir beynəlxalq tədbir baş tutmayıb.


Əsil islam ölkəsi necə olmalıdır?


Dünya təcrübəsi göstərir ki, məhz dinin radikallaşmasına imkan verilməyən, dinlərin dünyəvi dövlətlə ziddiyyətdə yox, qarşılıqlı anlama şəraitində mövcudluğunun təmin edildiyi, insanlara məzhəb və təriqət mənsubluğundan asılı olmayaraq bərabər yanaşıldığı, fərqli inanclara mənsub icmaların bir arada, qardaşcasına mehriban yaşamasının təmin edildiyi İslam ölkələri müasir və mədəni dünyanın tələblərinə cavab verir. Bu cür ölkələr sivil dünyanın mənzərəsində öz layiqli yerini tutur, onlarda həm elmi-texnloji, həm sosial-mədəni inkişaf gedir, həm də mənəvi dəyərlər sistemi öz yerini qoruyub saxlayır. Dünyada (təəssüf ki) cəmi bir neçə belə müsəlman ölkəsi var ki, onlardan da ən nümunəvi olanı Azərbaycandır.

Azərbaycan islamın ən tez yayıldığı coğrafiyalardandır. Tarix boyu ölkəmizin ərazisində müxtəlif dinlərə, məzhəblərə, etnik köklərə mənsub insanlar dost və qardaşlıq şəraitində dinc yanaşı yaşayıblar. Bu torpaqlarda zərdüştilik də, xristianlıq da hakim olub, daha sonra islam qəbul olunub, lakin bu dinlərin heç biri xalqımızın qədim ənənələrini, mənəvi dəyərlərini, ətraf xalqlar və ölkələrlə sülh və əməkdaşlıq arzusunu arxa plana ata bilməyib. Azərbaycanda heç vaxt dini zəmində qarşıdurmalar olmayıb. Yəni, Azərbaycan tolerantlığın, multikulturalizmin beşiyi kimi tanınıb. Məhz bu zəmin üzərində respublikamız İslam dünyasında ən irəlidə gedən, müsəlman ölkələrindən bütün sahələrdə daha çox inkişaf edən bir məkan olub. Təsadüfi deyildir ki, elmi, texnoloji, sosial, iqtisadi, mədəni və sair sahələrdə Şərqin demək olar ki bütün ilkləri Azərbaycanda reallaşdırılıb. Göründüyü kimi, bu gün İslam coğrafiyasında ən nümunəvi ölkənin Azərbaycan hesab edilməsi təsadüfi deyil.

Bu gün də ölkəmizdə həyata keçirilən din siyasəti cəmiyyətdə sabitlik və sülhü, vətəndaş birliyini, müxtəlif inanca və etnik kökə məxsus insanların vahid dəyərlərə malik bütöv bir cəmiyyət kimi inkişafını təmin edib. Bu siyasətin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Azərbaycanı tarixin çətin sınaqlarından çıxarıb. Hazırda isə bu siyasəti Prezident İlham Əliyev davam etdirir.  

Bu gün Azərbaycan dünyada müxtəlif dinlərin, xalqların sülh və qardaşlıq şəraitində yaşadığı, hüquqi vətəndaş cəmiyyətinin bərqərar olduğu, elmin, təhsilin, mədəniyyətin inkişafının dinlərlə heç bir qarşıdruma şəraitində olmayan zəmində inkişaf etdiyi bir məkandır. Sivilizasiyaların qovuşuğunda yerləşən qədim Odlar Yurdunun dünyaya verdiyi əsas töhfələrdən, ən yüksək bəşəri dəyərlərdən biri də budur.


Bakı 2017-nin açılış mərasimində dünyaya verilən mesajlar


Məlum olduğu kimi, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa oyunları ölkəmizin beynəlxalq nüfuzunun artmasında və digər çoxsaylı sahələrdə bizə böyük dividentlər qazandırdı. Bundan sonra İslam Oyunlarının da Azərbaycanda keçirilməsi ölkəmizin həm Şərq, həm də Qərb dəyərlərina malik olmasını, sivilizasiyaların qovşağı rolunu uğurla yerinə yetirməsini aydın göstərdi. 

Bakıda 4-cü İslamiadanın möhtəşəm açılışında müsəlman dünyasında birliyin vacib olduğu, islam dəyərlərinin təriqətlər və məzhəblərdən üstün olduğu, əsil islamın müasir inkişafla, insan hüquqları ilə, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bərabərhüquqlu cəmiyyətin formalaşdırılması ilə bir arada mümkün olduğu haqda bütün dünyada böyük bir mesaj verildi. 

Açılış mərasiminin verilən mesajlar islamın sülh və qardaşlıq dini olmasını, müsəlman xalqların dünya birliyinə verdiyi töhfələrin,  bəşərin elmi, mədəni inkişaf yolunun islam aləmində də paralel getdiyini və qlobal dəyərlərin bütün dünyada eyni olduğunu ehtiva edir.

Azərbaycan prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın çıxışlarında verilən mesajlar dünya ictimaiyyəti qarşısında Azərbaycan həqiqətlərini aydın ortaya qoydu.

Açılış mərasimini hamı izləyib və verilən mesajları da başa düşüb, ona görə də mövzumuzun bu hissəsini qısa keçirik, indi isə gələk tənqidlərə.


Xərclənən pullara dəyərmi?


İslamiadanın keçirilməsini bədxahlar hər vəchlə tənqid etməyə çalışırlar. Bu yarışlara pul xərclənməsini israfçılıq kimi qələmə verir, belə tədbirlərin heç bir xeyri olmadığını iddia edirlər. Gəlin baxaq, bu cür beynəlxalq tədbirlər ölkəmizə nə qazandırır. Əvvəlcə iqtisadi səmərədən danışaq.

Məlum olduğu kimi, ölkələr özlərini təbliğ etmək, tanıtmaq üçün külli miqdarda vəsait və enerji sərf edirlər. Təbii ki, bunun sonralar nə qədər böyük dividentlər gətirdiyi haqda dünyada onlarla təcrübə var. Belə tədbirlər ölkənin turzim potensialını tanıdır və turistlərin kütləvi axınını təmin edir ki, nəticədə bu sahədən xeyli qazanc götürülür. Son vaxtlar ərəb turistlərin ölkəmizə marağı artıb, lakin müsəlman xalqların heç 10 faizi belə ölkəmiz haqda məlumata malik deyillər. Bu yarışların 55  ölkədə yayımlanması ölkəmizi bütün İslam dünyasında tanıdacaq və müsəlman ölkələrindən gələcək turistlərin sayını dəfələrlə artıracaq. Turzimdən qonşu ölkələrin (Rusiya, Gürcüstan, Türkiyə, İran) nə qədər böyük qazanc əldə etdiyini xatırlatmağa ehtiyac  yoxdur.

İqtisadi səmərə təkcə turizmlə də yekunlaşmır, belə beynəlxalq tədbirlər ölkəyə investorların cəlb edilməsində də böyük rola malikdir ki, bu yaxın gələcəkdə böyük iqtisadi dividentlər vəd edir. Bu sıraya ticarət sektorunda baş verəcək artımı da əlavə etmək olar.


İslamiadanın siyasi dividentləri


Məlum olduğu kimi, Azərbaycan əraziləri işğal altında olan ölkədir və beynəlxalq birliyin dəstəyinə böyük ehtiyacı var. İlk növbədə İslam ölkələrinin fəal dəstəyi olmalıdır ki, məsələni beynəlxalq təzyiq səviyyəsinə qaldıra bilək. Azərbaycan həqiqətlərinin təbliği dedikdə daha çox ölkənin Azərbaycanı dəstəkləməsinə səbəb olur. Etiraf etməliyik ki, İslam ölkələrinin də Azərbaycana dəstəyi kifayət qədər deyil və bunu təmin etməyə ehtyac var. 

İslam dünyası 55-dən artıq müsəlman ölkəsinin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatla təmsil olunur ki, bu təşkilatın da qlobal proseslərdə kifayət qədər güclü təzyiq imkanı var. Bundan əlavə İslam ölkələri BMT-də 55-dən artq səsə malikdir ki, bu da bizimlə bağlı veriləcək qərarlarda səs çoxluğu qazanmamıza kömək edəcək.

İslamiadanın keçiriməsindən istifadə edərək ölkəmizi tanıtmaq işi təkcə İslam ölkələri ilə yekunlaşmır. Bu yarışlar bütün dünyanın maraq dairəsindədir və Azərbaycanın təbliği bütün dünyada gedir. Dünya birliyinə ölkəmizin necə müasir, xalqımızın necə sivil dəyərlərə sahib olduğunu göstətrmək üçün ən yaxşı imkanlardan biri də budur. 


İnformasiya və psixoloji müharibədə İslamiadanın rolu


Hazırda onlarla ölkənin mətbuat və televiziyalarının nümayəndələri Azərbaycandadır və yarışları izləməklə yanaşı öz auditoriyalarına ölkəmiz haqda geniş məlumat da verirlər. Həm də onların heç də hamısı müsəlman ölkələrinin təmsilçiləri deyillər. Dünyaya göstərilən nümunəvi Azərbaycan bizə qarşı qlobal miqyasda aparılan erməni təbliğatına böyük zərbə vurur. Dünya birliyinə sivil, demokratik, sülhsevər ölkənin nə olduğu aydın göstərir. Yüzlərlə jurnalistin ölkəmizlə yaxından tanışlığı, burada yaratdıqları əlaqələr sonralar onların fəaliyyətində respublikamıza yanaşmalarında öz rolunu oynayacaq. 

Burada yarışlarda iştirak edən minlərlə idmançını və on minlərlə turisti də əlavə etsək Azərbaycan həqiqətlərinin necə böyük bir auditoriyaya təbliğ edildiyini görərik. Bu isə qlobal informasiya müharibəsində, psixoloji müharibədə əlavə üstünlük deməkdir.

Göründüyü kimi, beynəlxalq yarışlar, o cümlədən İslamiadanın respublikamızda keçirilməsi  Azərbaycan üçün çox vacibdir. Bunun bütün sahələrdə qazancını görəcəyik. Bizə isə Azərbaycan idmançılarına bu yarışlarda uğrular arzulamaq qalır.


Elçin Bayramlı

15.05.2017 13:31 / Baxılıb: 502 / Çap
 
    Bu bölmədə
    11.05.2017
    Bizə nə olub?
     Xəbər lenti
    26.06.2017
    25.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo