Soyqırım və bəşəri məsuliyyətsizlik

Soyqırımla bağlı tarixi faktlar dünya miqyasında çoxlarını narahat edir, düşündürür. Belə rəzil üsulla hansısa etnosun, xalqın yer üzərində yaşayıb yaratmaq hüququna qəsd edilməsinin təkrarlanmaması üçün vaxtaşırı soyqırıma məruz qalmış xalqların nümayəndələri baş vermiş hadisələri gündəmə gətirir, dünya ictimaiyyətinə çatdıraraq, sanki hər xalqı, milləti ayıq-sayıq olmağa çağırır. Bu cür yanaşmanın xüsusi tarixi əhəmiyyətə malik olduğunu inkar etmək mümkün deyil. 

Tarixdən az-şox anlayışı olanlar belə soyqırımların qonşu  ölkələrlə yanaşı, bizdə də baş verməsindən xəbərdardırlar. Onlardan bəzilərinə tarixi şərh və siyasi qiymət verilsə də, bu cür bəşəriyyətə xəyanət aktlarının iştirakçılarının və icraçılarının, demək olar ki, 20 faizi heç bir məsuliyyət daşımamış, mühakimə olunmamışdır. Bu nöqteyi-nəzərdən “21 Azər soyqırımı” kitabının bu  yaxınlarda nəşr olunub geniş oxucu kütləsinə çatdırılması mühüm əhəmiyyətə, tarixi və mənəvi baxımdan xüsusi rola malikdir.

Bu günlərdə Hüseyn Əlizadənin (Barış Mərəndli) fars dilində qələmə aldığı “21Azər soyqırımı” adlı kitabı Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi Saleh Dostəliyev tərəfindən ana dilimizə çevrilərək həmin institutun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilmişdir. Kitabın elmi redaktorları Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və həmin şöbənin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlidir. Müəllifin oxuculara təqdim olunan bu kitabı Pəhləvi şahlıq rejimi tərəfindən Cənubi Azərbaycanda1945-1946-cı illər milli-demokratik hərəkatın qan içində boğulmasından və bundan sonrakı - 1946-1947-ci illərdə soydaşlarımıza qarşı törədilmiş çoxsaylı vəhşi cinayətlər, zorakılıqlar və kütləvi qırğınlardan bəhs edir. 

Qeyd olunmalıdır ki, bu günə kimi “21 Azər” hərəkatına gətirib çıxaran şəraiti və şərtləri, həmin hərəkata rəhbərlik edən ADF-nin qurduğu Azərbaycan Milli Hökumətinin (AMH) fəaliyyəti və gördüyü işləri, onun süqutunu, səbəblərini və sonda bu hərəkat iştirakçılarına, onların ailələrinə, hərəkata rəğbət bəsləyənlərə tutulan divan və onlara qarşı törədilən soyqırım haqqında  bir sıra kitablar, elmi-tədqiqat əsərləri, xatirələr, sənədlər və məqalələr çap edilərək yayılsa da, bu hərəkatın tarixi-siyasi qiymətinin əhatəli şəkildə, hüquqi əsaslarla verilməsində müəyyən boşluqlar mövcuddur.

Bu sırada Hüsüyn Əlizadənin (Barış Mərəndli) Azərbaycan dilində oxuculara təqdim olunan “21 Azər soyqırımı” adlı kitabı 1946-cı ilin 12 dekabr günündə (21 Azər) İran daxilində ölkənin ərazi bütövlüyünü qorumaq, ondan ayrılmamaq və eyni zamanda öz milli haqq və hüquqlarını təmin etmək şüarı altında  Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Azərbaycan Milli Hökumətini qurmuş insanlara – azərbaycanlılara qarşı törədilmiş qeyri-bəşəri, qeyri-insani hərəkətləri, vəhşilikləri, qətl və qarətləri, bir sözlə onlara qarşı törədilmiş soyqırım aktını anlamaq, onu dəyərləndirmək baxımından çox əhəmiyyətli əsərlərdən biri sayıla bilər.

“21 Azər soyqırımı” hadisələrini çox geniş planda oxuculara təqdim edən müəllif hadisə iştirakçıları və şahidlərinin xatirələrindən, uzun bir dövr ərzində çap edilmiş müxtəlif  və çoxlu sayda mətbuat orqanları səhifələrindəki materiallardan, həmin hadisələri eynilə əks etdirən hərbi və gizli polis raportlarından, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkata həsr edilmiş eilmi-tədqiqat əsərlərindən çox peşəkarlıqla istifadə etməklə sözügedən hadisə barədə oxucusunda inandırıcı və dolğun təsəvvürlər yaratmağa müvəffəq ola bilmişdir.

Bu kitabı oxuyacaq, hadisələrin məzmunu ilə tanış olacaq hər bir azərbaycanlı oxucu, xüsusilə də bu millətin gələcəyinin bütün məsuliyyətini öz çiyinlərində daşımalı olacaq Azərbaycan gənci, ziyalısı üçün aydın olacaqdır ki, İngiltərə, ABŞ və SSRİ kimi müttəfiq dövlətlər arasında dünyanın, xüsusən də Yaxın və Orta Şərqin, yenidən nüfuz dairələrinə ayrılması məsələsi günün vacib problemi kimi qarşıda dayanmışdır. Hər bir müttəfiq dövlət öz mənafeyinə uyğun şəkildə tədbirlər görməyə və İrandakı, o sıradan Cənubi Azərbaycandakı “21 Azər hərəkatı”na yanlış qiymət verməklə müdaxilə və onun taleyini dəyişdirməyə çalışdılar. Amerika və ingilis imperializmi, eləcə də İranın hakim dairələri bu hərəkatın daxili və xarici təsirindən xeyli narahat idi. Hələ vaxtilə Azərbaycandakı milli-demokratik hərəkatı, demokratik islahat və dəyişiklikləri özlərinin Şərq siyasətinə qarşı ciddi bir təhlükə kimi görən İngiltərə və Amerika imperializmi hər vasitə ilə Azərbaycanda “21 Azər” hərəkatını boğmağa, onun ideyalarının dönməz daşıyıcıları olan fədailəri, ADF fəallarını, bu hərəkata rəğbət bəsləyən bütün insanları məhv etmək planlarını işlyib hazırladılar və onları İranın yerli mürtəce ünsürləri vasitəsilə həyata keçirdilər. Nəticədə 25 min nəfərdən çox soydaşımız heç bir günahı olmadan vətən uğrunda şəhid oldu.

“21 Azər hərəkatı”nın məğlubiyyətindən sonra o dövr İran hakim dairələri Azərbaycanla məğlub bir ölkə, azərbaycanlılarla isə məzlum bir millət kimi rəftarı daha da ciddiləşdirmiş,  azərbaycanlılara qarşı soyqırım aktının tətbiqini mədəniyyət sahəsində də genişləndirmişlər.  Milli Hökumət tərəfindən maarif və mədəniyyət sahəsində qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilən qərar və qanunlar ləğv edilmiş,  Azərbaycan dilindən istifadə sərt qaydada məhdudlaşdırılmışdı. Azərbaycan dilində çıxmış kitablar yığılaraq açıq-aşkar tonqallarda yandırılmışdı. Bu, əslində xalqın iradəsini zəiflətməyə yönəlmiş addım, onun mübarizə ruhuna vurulan zərbə idi.

Amma hər şərdə bir xeyir toxumu axtarmaq prinsipini nəzərə alsaq, deyə bilərik ki, “21 Azər hərəkatı”, Azərbaycan Milli Hökumətinin (AMH) İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı və təsdiqlədi, onların milli şüurunu formalaşdırdı; İran kimi çoxmillətli bir ölkədə milli-mədəni və hətta, siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanını təsdiqlədi; AMH-in sənayedə, kənd təsərrüfatında, maarif, mədəniyyət, səhiyyə, maliyyə, şəhərsalma, abadlıq işləri, dövlət və və ordu quruculuğu sahəsində həyata keçirmiş olduğu bir illik islahat tədbirləri milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, onun qurulması yollarını, formasını göstərdi, azərbaycançılığı çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunə kimi ortaya qoydu.

Oxuculara və xüsusilə alimlərə hesablanmış bu kitab xalqımıza qarşı törədilmiş iyrənc mahiyyətli və qəddar formalı soyqırım tarixini gələcək nəsillərə ötürmək, dünya ictimaiyyətinin sülhsevər qüvvələrini məlumatlandırmaq baxımından çox faydalıdır, vacibdir. Kitabın müsbət cəhəti də elə bununla ölçülməlidir.


Rafiq Əliyev,

Fəlsəfə elmləri doktoru, professor

15.05.2017 10:16 / Baxılıb: 740 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo