Kaşın mihrabımdır, Kabe`m yüzündür... Səhnədə dərvişdi!

Adı dilinə gələndə gözlərin yaşaran adamlar vardır. 

Qardaş desən, deyil.

Dost desən, deyil.

CAN desən... Odur! 

Bütün gözəl sifətləri toplayıb ruhuna ərməğan gəlib.

 

Mən uşaqdım, Tanrı canımdan iki parçanı qoparanda. Xarabalıqlar altında boğulurdum. Gələcək yoxdu, ümid yoxdu. Yol uzun, yük ağırdı. Qaranlığın qorxusu vardı ürəyimdə. 

İnandığım inandıqlarımı almışdı.

Sonra... Sonra Tanrı doğmalarımın zərrələrini insanlara payladı və birim min oldu. Əllərim yenidən qalxdı Şükür dərgahına. 


“ayrı düşmüş dost elindən,

Illər var ki, çarpar sinəm,

Vəfalıdır gəldi-gedən,

Yol ver Türkün bayrağına...”


Döyüş meydanında al-qırmızı bayraqla düşmən üstünə yeriyən bir cəngavər “yol aç” deyə hayqırırdı, sanki!  

İlk dəfə belə gördüyüm adamın, əziz olanın günüdü bu gün. Ruhunda, varlığında Savalan boyda zirvə daşıyan, Novruz Novruzlunun. Ailəmizin Novruz abisinin. Azərbaycanın ən gözəl sənətçisinin...

Səhnədədi yenə. 

Savalan dağının zirvəsində Azərbaycan bayrağı nazlı-nazlı dalğalanır. Hürrdü, özgürdü. 

Novruz abim oxuyur! 

Qavalına baş qoyub Dosta salam göndərir, bu dərviş. Xirqəsi Haqdandı. 

Novruz abim oxuyur!

Cənnət Qarabağda çoban sürünü örüşə yayıb. Bayatı çəkir:


“Əzizim el yoludu,

Bu gələn el yoludu.

Başımda bulud oynar,

Gözlərim sel yoludu…”


Novruz abim oxuyur!

Alaçıqlar qurulub Turan elində. Türk elləri bir-birinə yaslanıb. Azərbaycanda dillənən sazın sədası Ötükəndə duyulur. 


Novruz abim oxuyur!

Şəhidlərin toyu var. Örpəyi başından düşən, hörüyü topuğuna dəyən türk qızları yar bəyənir. Sevən sevdiyinə nişan taxır, üçrəngli... Şahid olan Peyğəmbərdi! 


Novruz abim oxuyur!

Əhməd Cavad seyrə durub. Qaradəniz çırpınır! Turan ellərinə yollanan salamları fırtınalar aparmır artıq. Türkün bayrağı hər yerdədi. Soyu şen olur, Türk olanın!


Novruz abim oxuyur!

Qara bəxti oyanan Qarabağımdan Xan əmi səs verir səsinə. Dünya bayraq boydadı! Dünya Novruz abim boydadı, mevlaya dua yüksəlir!  

Səni dünyamıza göndərənə şükür, adam! DOST dan gəldiyin vaxta şükür! 

Ordubaddan yüksələn nurun Qarabağda rövnəqlənməsi, hədiyyəmizin Qələbə olması diləyilə səni məmləkətin könlünə yar eyləyən Yaradana minnət, doğulduğun günə sevgiylə təbriklərimizi qəbul elə! 


Nigar İSFƏNDİYAR

12.05.2017 14:09 / Baxılıb: 394 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo