Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının 10 müsbət cəhəti

Mən bu sətirləri yazanda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə cəmi 1 gün 6 saat qalır. Bu tarixi yazıram, dərhal da Əli bəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsini xatırlayıram. Bayrağımızdakı üç rəngin fikir müəllifi olan bu kişi göstərirdi ki, İslam dinini bizə ərəblər gətirsə də, xalq olaraq milli özünəməxsusluğumuzun qorunmasında İslamın çox böyük rolu olub.


Əsrlər ərzində məhz bu dinin qoruyucu gücü sayəsində slavyanların və başqa xalqların içində əriyib itməmişik. 


Ona görə də İslam bizim üçün çoxdan bir milli-mənəvi dəyərdir. Və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə, ilk növbədə, bu dəyərə sahib çıxmağa çalışır. 


Həm də tarixin elə bir anında ki, İslamın onu siyasi vasitə kimi yox, mənəvi dəyər olaraq uca tutan Azərbaycan kimi ölkələrin himayəsinə indi çox böyük ehtiyacı var. 


1 gün 6 saat... Bu qısa zaman da ötüb keçəndən sonra, əslində, nələr baş verəcək?! İslam dünyasının və bu dünyanın bir parçası kimi Azərbaycanın həmin tədbirdən faydaları nədir?!


Anladığım qədər sıralamağı özümə borc bilirəm. 


1. Azərbaycan bu cür tədbirlərlə İslamı qərəzli hücumlardan qorumağa can atır. Diqqəti bu dinin işıqlı cəhətlərinə, xoş məramlarına yönəldir. İslamın sülh, qardaşlıq, ədalət və humanizm dəyərləri işığında təqdim olunmasının, terror çamurundan təmizlənməsinin silahın, xürafatın yox, Hüseyn Cavidin təbirincə desək, YALNIZ MƏDƏNİYYƏTin gücünə tapınmalı olan islam ümmətinin həmrəyliyindən keçdiyini anladır. 

2. I Avropa Oyunlarından 2 il sonra IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə, eləcə də 2016-cı ili ölkədə “Multikulturalizm ili”, 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə Azərbaycan fərqli sivilizasiyalar arasında tutduğu mövqeyin cəmiyyətimiz üçün təkcə coğrafi anlam daşımadığını göstərir. Azərbaycan Qərb və Şərq arasındakı ziddiyyətlərin, az da olsa, ortadan qalxmasından ötrü mənəvi körpü rolunu oynamağa çalışır, son illər bu yöndə bütün mümkün təşəbbüslərin zəhmətini çəkir. 


3. 2009-cu ildə İranda keçirilməsi planlaşdırılmış II İslam Həmrəyliyi Oyunları belə baxanda qəribə bir səbəbdən baş tutmamışdı. Təşkilatçı ölkə loqoya “Fars körfəzi” ifadəsini daxil etmişdi. Bir çox ərəb ölkələri isə bu adın “Ərəb körfəzi” kimi yazılmasında israr edirdilər. Və nəticə... islamiada baş tutmadı... Azərbaycanın təşkilatçılıq nümunəsi isə göstərir ki, müsəlman dünyasında gerçək həmrəyliyin əldə olunması ən əvvəl səmimi niyyətlərdən başlanmalıdır. Azərbaycan elə islam həmrəyliyinə olan bu səmimi niyyəti ilə də hər cür xırda maraqların fövqündədir. 


4.
III İslam Həmrəyliyi Oyunları iqtisadi inkişaf sürətinə görə dünyanın “pələng dövlətlər”i sırasına aid edilən İndoneziyada keçirilmişdi. Bu silsilənin məhz Azərbaycanda davam etdirilməsi, ölkəmizin sosial-iqtisadi inkişaf imkanlarına görə islam aləmində tutduğu öncül mövqeyin nümayişidir. Azərbaycandakı sabitlik və inkişaf mühitinin müsəlman Şərqinin gələcəyinə hədəflənmiş mütərəqqi təşəbbüslərin yerinə yetirilməsi baxımından yaratdığı geniş imkanların reallaşdırılmasıdır. 


5. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili, diqqətin islam aləminin üz-üzə qaldığı çoxsaylı problemlərə yönəlməsinə imkan yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Fələstin və Kəşmir kimi problemlər, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranı bütün islam aləmində yenidən gündəmə gəlir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün daha bir imkan yaranır. İşğal etdiyi torpaqlarımızdakı islam mədəniyyəti abidələrinin daşını-daş üstə qoymamış təcavüzkar Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətində olan müsəlman ölkələrini bu addımlardan çəkindirəsi qınaq mexanizmləri işə düşür. 


6. 2012-də “Evrovision”, 2015-də I Avropa Oyunları, 2017-də İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı tədbirlərə elliklə hazırlıq Azərbaycan cəmiyyətində sosiallaşma proseslərinə çox böyük təkan verir. Xüsusilə, bu prosesə könüllü qismində qoşulan gənclərin fərdi inkişafında, onlarda vətəndaşlıq hissinin formalaşmasında və təbii ki, gələcək karyera inkişafında mühüm rol oynayır. 


7. Azərbaycan, bu cür tədbirlərin keçirilməsinə, bəli, müəyyən məbləğdə pul xərcləyir. Müasir dünyada məhsul və xidmətlərin pulsuz tanıtımı mümkün olmadığı kimi, hər hansı ölkənin lazımi marketinq siyasəti aparmadan özünü brendləşdirməsi də müftə-müsəlləm başa gəlməz. Ola bilər ki, Amerika, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə və qeyri belə ölkələr bu cür tədbirlərin təşkilinə pul xərcləməyə daha ehtiyac duymasınlar. Zatən, bu ölkələrin hərəsi bir sahədə çoxdan dünya brendinə çevrilib. Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkələrinsə tanıtımına hələ çox ehtiyac var. Bu cür tədbirlər ölkə marketinqi üçün uğurlu vasitə kimi çıxış edir. 


8.
Son iki ildə Azərbaycanın sosial-iqtisadi həyatındakı maraqlı trendi hamımız izləməkdəyik. Xüsusilə iranlı və ərəb turistlərin ölkəmizə böyük axını başlayıb. Fərqinə varsaq, görərik ki, bu, həm də “Evrovision”, I Avropa Oyunları kimi ölkəni sərhədlərdən kənarda tanıdan irimiqyaslı tədbirlərin müsbət təsiridir. Deməli, belə tədbirlərin təşkilinə xərclənən vəsait çox keçmədən dolayısı ilə vətəndaşlarımıza qayıdır. İslam Həmrəyliyi Oyunları kimi tədbirlərin bu baxımdan da faydası var. 


9. Belə əhatəli idman tədbirlərinin təşkili ölkədə idman infrastrukturunu inkişaf etdirir. Əhali arasında sağlam həyat tərzinin təbliğatına kömək göstərir. Əlbəttə, könül istər ki, yerli icra orqanları, bələdiyyələr bunu nəzərə alaraq məhəlli idman məkanlarına da əl gəzdirsinlər. Bütün məktəb stadionlarında, bağ və parklarda insanların idmanla məşğul olmasına lazımi şərait yaradılsın. 


10. Azərbaycan bayrağındakı mavi rəng türkçülüyün, qırmızı rəng müasirliyin, yaşıl rəngsə islami dəyərlərin simvoludur. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi faktı da daxil olmaqla son illərin tarixi reallıqları Azərbaycanın bu üç prinsipə sadiqliyini və onları cəmiyyət həyatında uzlaşdıra bildiyini göstərir.

 

Yadigar Cəfərli

11.05.2017 17:04 / Baxılıb: 820 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
    22.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo