Bizə nə olub?

Hər gün intihar xəbərləri eşidirik. Bəzən günümüzə bu cür məlumatlarla başlamalı oluruq. Nədən, nə səbəbə intihar edirik? Bizi buna vadar edən nədir? Sosial problemlərmi? Son intihar xəbərləri bunun əksini deyir. Belə ki canına qıyanlar arasında hətta imkanlı şəxslər də var. Deməli məsələ sosial-maddi vəziyyətlə bağlı deyil.

İntiharların əsas səbəblərdən biri də insanlar arasındakı münasibətlərdir. Son zamanlar insanlar biri-birilərinə qarşı laqeyd olublar. Laqeydlik, münasibətlərin kəsilməsi, cəmiyyətdəki aqressiya insanları intihara sövq edir. İnsanların sevgi, mərhəmət hissləri ölüb. Anlaşma, sevgi (insanların biri-birilərinə qarşı olan sevgisi) olmayan yerdə ruh düşkünlüyü, həyatdan bezmək kimi hallar meydana gəlir. Deməli, hər hansısa bir ucqar kənddə baş verən intihar hadisəsində mənim də, sənin də günahımız var. 

Niyə insanlardan qaçırıq? 

Niyə insanlara qarşı laqeydlik edirik?

Bəlkə o intihar edən şəxsin dərdini, problemini zamanında dinləsəydik, o, intihar etməzdi?! Bəlkə o, intihar etdiyi ana qədər bizdən kömək – sadəcə dinləmək, təsəlli gözləyib? Amma bu “bəlkə”lər heç kəsi həyata qaytarmır. Biz intihar xəbərlərinə acımaqdansa, insanlara mənəvi dayaq durmalıyıq. Çünki hər zaman insanın maddi dəstəkdən çox mənəvi dəstəyə ehtiyacı var. “O xəstədir, psixoloji problemləri var”, “Onun dərdi mənə qalıb?” – düşünərək insanları özümüzdən və ya özümüzü insanlardan uzaqlaşdırmayaq. Çünki cəmiyyətdə baş verən istənilən neqativ hallar, proseslər sənə də fərd olaraq təsir göstərir.

Əgər kiminsə intihar etməyini istəmiriksə:

İnsanlara qarşı mənəvi dəstəyimizi əsirgəməyək. 

İnsanlara laqeyd yanaşmayaq.

İnsanların problemlərinə laqeyd olmayaq.

İnsanları sevək. İnsanlığı sevək.

Bütün bunlara əməl etsək, – “Biz niyə intihar edirik?”, “Bizə nə olub”, – kimi suallarla başımızı yormayacağıq.


P.S. İntiharla əlaqəli hisslər: Dərin kədər və ümidsizlik, nifrət, peşmançılıq, təhrikedici davranışlar.


Anar MƏCİDZADƏ

11.05.2017 11:04 / Baxılıb: 865 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
    22.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo