Nailə Əskər: İslam coğrafiyasında atla, güləşlə bağlı oyunlar bir-birinə çox bənzəyir

AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nailə Əskərin “İslam coğrafiyasında və Azərbaycanda oyunlar” adlı yeni kitabı çapdan çıxıb. 

Məqamları müəllifin özündən dinləyək:


- Nailə xanım, Sizi təbrik edirik. Deyə bilərsinizmi, bu altına imzanızı atdığınız sayca neçənci kitabınızdır?


- “İslam coğrafiyasında və Azərbaycanda oyunlar” kitabı müəllifi olduğum sayca 3-cü kitabdır. İlk kitabım AMEA Folklor İnstitutunda işıq üzü görən “Aşıq Nəsibin yaradıcılıq yolu” adlı monoqrafiyamdır. Monoqrafiyada XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaratmış Ağbaba-Çıldır aşıq mühitinin görkəmli nümayəndəsi Aşıq Nəsibin dövrü, mühiti haqqında məlumat verilmiş, aşığın həyat və yaradıcılığı tədqiq edilmişdir. Kitabda Aşıq Nəsibin zəngin poetik irsi bir çox cəhətdən araşdırılmış, haqqında söylənən aşıq rəvayətləri təhlil olunmuşdur. 

Professor Ramiz Əskərlə birgə yazdığım 2-ci kitabım “Kitabi-Dədə Qorqud. Biblioqrafik göstərici” adlanır. İki cilddən ibarət olan biblioqrafik göstəriciyə Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, uyğur, tatar, başqırd, qaqauz, qaraqalpaq, avar, ləzgi, udi, talış, tat, xınalıq, kürd, rus, Ukrayna, polyak, serb-xorvat, çernoqoriya (qaradağ), latış, Litva, eston, gürcü, erməni, alman, ingilis, fransız, italyan, macar, holland, yunan, portuqal, ərəb, fars, ivri, Çin, hind, yapon və Koreya dillərində (43 dildə) 8 min 142 mənbə daxil edilmişdir. 

Bunlardan başqa nəşrə bir çox kitab hazırlamış və bir neçə kitaba redaktor olmuşam.

 

- Bu kitab hansı zərurətdən yarandı və necə meydana gəldi?


- İslam Həmrəyliyi Oyunları ərəfəsində dövlət və qeyri-dövlət təşkilatlarının keçirdiyi onlarla tədbiri müşahidə etdikdən belə qərara gəldik ki, bu oyunlar çərçivəsində çoxlu sayda idman növləri diqqətdən kənarda qalır. Ümumiyyətlə, İslam coğrafiyasında oynanılan oyunlara həsr olunmuş küll halında heç bir mənbə yoxdur. Biz də buradan yola çıxaraq İslam Həmrəyliyi Oyunlarına töhfə vermək məqsədilə ədəbiyyat, foklor, idman, tarix, etnoqrafiya və arxeologiya sahəsindəki bir sıra mənbələri bir yerə topladıq.

Oyunlar ərəfəsində ölkəmizdə gündəmə gələn islam coğrafiyasında xalq oyunlarının qədim qatlarını açaraq onları coğrafi, milli arealda növünə, tipinə və s. görə təsnif etdik. Oyunlar, onlara hazırlıq mərhələsi, yarışların, festivalların, bayramların, əyləncələrin keçirilməsi, tamaşalar, mərasimlər haqqında olan məlumatlara yer verdik. İslam ölkələrində bir-biri ilə səsləşən hansı ortaq oyunlar, meydan tamaşaları var, onlar praktik olaraq necə icra olunur? Kitabda məhz bu suallar cavablandırılır. 

Kitab üç hissə halında nəzərdə tutulub. Burada islam ölkələrində oynanılan, demək olar ki, xalqların yaranma tarixi ilə yaşıd olan xalq oyunları və ənənəvi idman oyunları sistemləşdirilib. Bütün islam coğrafiyası oyunlarını əhatə edən bu kitab bu baxımdan bir ilkdir. Kitabın hazırlanmasında ərəb, türk, rus, ingilis və s. dillərdə mənbələrə müraciət olunmuşdur. 

Birinci hissədə İslam Həmrəyliyi Oyunlarının tarixi və Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlıq və təşkilatı məsələlərdən bəhs edilmişdir. İslam Əməkdaşlıq Təşkilatının üzvləri və müşahidəçiləri olan ölkələr haqqında tək-tək məlumat verilmişdir. 

İkinci hissədə islam coğrafiyasında oyunlardan küll halında bəhs edilmişdir. Mümkün qədər bütün ölkələrə, xalqlara müraciət olunmuşdur. Bu hissə milli və ənənəvi idman oyunları şəklində iki bölüm halında yazılmışdır. Müxtəlif islam ölkələrində oynanılan ənənəvi idman oyunlarının çoxu haqqında ilk dəfə bu kitabda məlumat verilmişdir. Daha çox üstünlük təşkil edən hərbi hazırlıq məqsədi daşıyan, güc tələb edən atçılıq, oxçuluq, güləş və s. oyunlar haqqında ətraflı bilgi verilmiş, həmçinin, əyləncə, fiziki hazırlıq, əqli inkişaf üçün oynanılan oyunlardan da nümunələr verilmişdir. 

Araşdırma zamanı islam coğrafiyasında atla, güləşlə bağlı olan oyunların bir-birinə çox bənzədiyini görürük. Bu da oyunların ortaq düşüncə və həyat tərzindən doğulduğunu bildirir. Oyunlar arasındakı fərqlər isə coğrafi şərait və iqlimlə əlaqəlidir. Ən başlıcası, əlimizdəki materiallar idrakı inkişaf etdirən şahmat, nərd və digər stolüstü oyunların Şərqdə doğulub islam coğrafiyasında təkmilləşərək Avropaya qədər yayıldığını göstərir. İslam dünyasında oynanılan bu oyunlar bu və ya digər dərəcədə bir-birindən fərqlənsələr də, mahiyyət etibarı ilə eynidirlər. Bu da eyni mədəni tarixi kökləri, dini, milli tolerantlığı ifadə edir.

Kitabın son hissəsində isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi Azərbaycana məxsus olan oyunlar iki bölümə ayrılmışdır. Bu bilgilər gələn xarici qonaqlara ölkəmizi tanıtmağa xidmət edir. Azərbaycanda oyunlar meydan, mərasim, əyləncə və idman xarakterli olub ənənəvi, milli mahiyyəti əks etdirir. Hər xalqın mədəni həyatının süzgəcindən keçən və yaşamaq hüququ qazanan oyunlar o xalqın milli kimliyini əks etdirir. Azərbaycanda oynanılan bu oyunlar da xalqımızın sərvəti və mədəni irsidir.  


- İstədiklərinizi ifadə edə bildinizmi?


- Güman edirik ki, bu kitabla islam coğrafiyasında və həmçinin Azərbaycanda meydan və xalq oyunları, eləcə də ənənəvi idman oyunları haqqında aydın mənzərə yarada bildik.

 

- Yeni planlarınız nədir? 


-Yaradıcılıq işləri ilə məşğul olur, doktorluq dissertasiyası üzərində tədqiqatlar aparıram. Mövzum “Koroğlu” dastanının Azərbaycan və türkmən milli versiyalarının tipologiyası” adlanır. Yəni gördüyünüz kimi, folklorun fərqli sahələrində qələmimi sınayıram. Allah utandırmasın.


- Amin. Oxucuya sözünüz…


-Hamıya can sağlığı…


Nigar İsfəndiyarqızı

10.05.2017 11:18 / Baxılıb: 417 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo