Sevgili hakimiyyət

Daha çox sevgi və daha çox hökm. Lakin övladların bu barədə öz mövqeləri var: daha çox sevgi, daha çox sərbəstlik və minimum hakimiyyət



Gündəlik həyatımızda, əslində, nə baş verir? Mənə elə gəlir ki, “sevgili hakimiyyət” və ya “hökmlü məhəbbət” anlayışı yalnız valideynlərə, xüsusən də haqlı olaraq övladını öz vücudunun bir hissəsi hesab edən anaya aid edilə bilər. Bədənin bir hissəsi (əl, ayaq, barmaqlar) beynin əmrlərini icra etmədikdə insan orqanizmində qanunauyğun narahatlıq yaranır, bütün qalan hərəkətləri bu fiziki-psixoloji qüsuru nəzərə alaraq müəyyənləşdirmək lazım gəlir.

Göstərilən kontekstdə “hakimiyyət” və “məhəbbət” anlayışları bölünməz bütöv təşkil edir. Hökm hələ uşaq yaranan zamandan başlayaraq ana məhəbbəti fonunda formalaşır. Bu birliyi, vəhdəti anaya əzab vermədən pozmaq hələ heç kimə müyəssər olmayıb. Tarix, o cümlədən təbabət tarixi bu məsələ barədə, hələ ki, susur.

Düşünürəm ki, bütün bunların əsasında körpənin ilkin olaraq ana bətnində mühafizəsi, sonralar isə müdafiəsi və tərbiyəsinə görə məsuliyyət daşıyarkən özünün ikinci yarısını tapan məhəbbət durur və sevginin hökmü, daha dəqiq desək, hökmlü məhəbbət ana varlığının ayrılmaz bir hissəsinə çevrilir və bütün tanıdığımız hisslərdən (sevgi, xeyirxahlıq, nifrət, həsəd, mərdlik və s.) üstün yer tutur.

Ananın bu cür ikili xarakterə yiyələnməsi sonralar bir qadın kimi ona mənşəyi tam aydın olmayan mənəvi və psixoloji əziyyət verir. Belə vəziyyət müxtəlif səbəblərə görə və müxtəlif formalarda “bədənin” (şərti olaraq) bütün hissələrini tam və balanslaşdırılmış şəkildə idarəetmə sistemindən ayrılma ilə şərtlənir. Belə olduğu halda, anaya yalnız bütövün bir hissəsi – sevgi ilə kifayətlənmək təklif olunur. Lakin təbiətən ana heç vaxt yalnız bununla qane ola bilmir. Bu cür vəziyyət mütləq bədbinlik, tənhalıq hissinin yaranmasına, sənə əziz olan nəyinsə itirilməsinə səbəb olur və ana, hətta, depressiyaya məruz qalır.

Valideynlərin övladlarından asılılığı (sevgi anlamında) övladların yaxşı və ya pis olmasından asılı olmayaraq hər zaman onların manevr imkanlarını, şəxsi məkanlarını məhdudlaşdırır. Nəticədə, daha yaxşı və münasib variant tapmadıqda valideyn bəzən özünə qapılaraq, hər şeyi təkbaşına, heç kimlə məsləhətləşmədən öz daxilində həll etməyə ümid bəsləyir.

Bu variantın nə qədər effektiv olduğunu bilmirəm. Ancaq düşünürəm ki, bu yolla ailə içindəki üstünlük mövqelərini itirən valideynlər hökmlü məhəbbətin müdafiəsini və şəxsi valideyn məkanını lazımi şəkildə təmin edə bilən yeni forma axtarmağa çalışırlar.

Çox vaxt övladlar öz valideynlərinin bu cür davranış və münasibətini əlaqələrin, ünsiyyətin və s. kəsilməsinə işarə kimi qiymətləndirirlər. Onların kifayət qədər fantaziyaları var. Lakin, əslində, bu, şişirdilmiş variantdır. Sadəcə valideyn və övladlar arasındakı münasibətlərin dəyişmiş koordinatları yeni reallıqlara uyğunlaşmaq, onlara vərdiş etmək, bu münasibətlərdə baş vermiş dəyişikliyi anlamaq, dərk etmək və ya sadəcə yeni vəziyyəti qiymətləndirərək, onunla məcburən də olsa, barışmaq üçün vaxt tələb olunur. Bu həmçinin öz şəxsi analıq hisslərini qaydaya salmaq, əvvəllər məlum olmayan yeni münasibətlər sisteminə daxil olmaq üçün də vacib amildir.

Hamımız bilirik ki, valideynlər təbiətcə öz övladlarından “tikanlı məftil” hasar arxasında gizlənə bilməzlər. Onlar, çox ehtimal ki, yeni şəraitdə öz yerlərini müəyyənləşdirmək istəyir və hesab edirlər ki, yaranmış dəyişikliklər, yeni münasibətlər üçün ortaya çıxan qaydalar onların şəxsi həyatlarını (sevginin hökmlülük elementləri də daxil olmaqla), genişlənmiş ailə məkanı sistemindəki yerlərini sığortalamağa imkan vermir.

Övladlar tərəfindən valideynlərin bu istəklərinin düzgün qəbul edilməməsi isə şəraiti daha da ağırlaşdırır, baş vermiş ailə dramının iştirakçılarını çıxılmaz vəziyyətə salır. Bunun nəticəsində qarşılıqlı ailə münasibətlərində hər iki tərəf üçün münasib və faydalı olan başqa bir variant axtarmaq məcburiyyəti meydana gəlir. Bu yeni və ya dəyişdirilmiş qaydalar, zənnimcə, birtərəfli şəkildə deyil, birlikdə, yəni valideyn və övladların birgə səyləri nəticəsində müəyyənləşdirilməlidir.

Məlumdur ki, belə dəyişmiş vəziyyət adətən yeni bir cütlüyün – haqlı olaraq özünə qarşı böyük diqqət və qayğı tələb edən yeni ailənin yaranması ilə üst-üstə düşür. Lakin bu zaman yaddan çıxarılır ki, valideynlər bu cür dəyişikliklərə psixoloji cəhətdən necə uyğunlaşmalı, özlərini necə aparmalı olduqlarını və obrazlı şəkildə desək, həm itirdiklərini, həm də kəskin surətdə dəyişmiş vəziyyətdə valideyn və övladlar arasındakı münasibətlərdə baş vermiş “yenilikləri” anlayıb dərk etməlidirlər. Yenə vaxt amili həlledici rol oynayır.

Mən həyatımızın reallıqlarından danışıram. Güman edirəm ki, belə azad “psixoloji bazar” öz universal qaydalarını heç vaxt özü-özlüyündə, təkbaşına təyin edə bilməyəcək. Kobud səslənsə də, ailədaxili dedi-qodulardan ibarət xoşagəlməz və idarəolunmaz “bazar” məkanı yaranır. Belə qarışıqlıqda tələsik şəkildə yeni, yetərincə məntiqli olmayan münasibətlər, ziddiyyətli qaydalar yaradılır və bütün bunlar birlikdə neqativ istiqamətdə inkişaf edir. Güzəşt yoxdur, bir tərəf digər tərəfi açıq-aşkar qəbul etmir və bəzən, hətta, ailə düzülüşündə “ən yaxşı yer” uğrunda gizli mübarizə gedir. İstisnasız olaraq iştirakçılardan hər kəs əziyyət çəkir və bütün bunlar vacib olan psixoloji yenidənqurmanın mahiyyətinin tam başa düşülməməsi nəticəsində baş verir. Bunun üçün, ən azından, vaxt, səbir və hər şeydə ehtiyatlı olmaq daha yaxşı fayda verə bilər. Lakin çox az adam buna müvəffəq olur.

Ananın hökmlü məhəbbəti təbii yaranan bütöv bir hisslər sistemidir. Bu, ali hakimiyyət – Təbiətin özü tərəfindən təsdiqlənmiş əbədi həyat qanunudur. Bu cür sevgini başqa yolla əldə etmək, prinsip etibarı ilə, mümkün deyil. Onu satın almaq, silah gücünə əldə etmək və ya ona qalib gəlmək də olmaz. Əksər övladlar bu cür ana məhəbbətini normal, təbii hiss kimi qəbul edirlər. Onlar qeyri-iradi olaraq hesab edirlər ki, ananın bu şəkildə sevməyə haqqı var və demək olar ki, hər zaman onun öz ana hissinin hökmlü tərkib hissəsini tətbiq etmək cəhdlərini anlayır və əksər hallarda bu vəziyyətlə barışırlar.

Bir çox valideynlərlə söhbət zamanı tez-tez eşitmək olar ki, guya uşaqlar böyüyür, öz ailələrini qurur, muxtariyyət, bəzən isə tam müstəqillik əldə edirlər. Eyni zamanda, onlar çox vaxt valideyn hakimiyyətini bir növ məcburi “bəzək” elementinə, teatr dili ilə desək, dekorasiyaya çevirirlər ki, bu da istər-istəməz valideynlərin “şəxsi mühitinə” daxil olanlarla (kürəkən və gəlinlə) münasibətlərə mənfi təsir göstərir. Əksər hallarda bu münasibətlər ailədaxili idarəetmənin bərpası və ya onun özgələşməsi uğrunda açıq mübarizə xarakteri daşıyır, halbuki, real həyatda bu hakimiyyət – idarəetmə sistemi, ümumiyyətlə, mövcud deyil. O, ananın daxilində, mahiyyətindədir və yalnız ona məxsusdur.

Kürəkən, gəlin və qayınana münasibətləri bizə yaxşı məlumdur. Lakin çoxlarına məlum deyil ki, anada hər şey qeyri-iradi olaraq, öz-özünə baş verir və çox vaxt onun belə hökm göstərməsi nə nəzarət, nə də özünənəzarətdən asılı olmur. Məsələ ondadır ki, şüuraltı səviyyədə ana “hökmlü məhəbbət”ini iki hissəyə bölə və onların birindən imtina edə bilmir. Hərçənd, belə xeyli asan və münasib olardı, çünki belə olduğu halda, ailə içindəki münasibətlər daha yaxşı, isti olar və valideynlərlə övladlar arasında süni narazılıq yaranmazdı.

Bu məsələlərdə övladların da üzərinə böyük məsuliyyət düşür. Onlar kəskin tələbat yarandığı zaman valideyn (ana) hakimiyyətini öz qarşılıqlı qayğı, diqqət və hörmətləri ilə minimuma endirə bilərlər. Bu zaman onlar elə etməlidirlər ki, ana və ata özləri, təzyiq göstərilmədən yeni şəraitə, yəni övladlarının onlara qarşı sevgi və diqqətinin artması hesabına onların idarəetmə funksiyalarının tədricən azalmasına uyğunlaşa bilsinlər. Dəyişmiş vəziyyətdə yeni sevgi obyektinin yaranması – nəvənin dünyaya gəlməsi də öz müsbət rolunu oynaya bilər.

Doğrudur, bu vəziyyətdə də ana hökmü özünü göstərir, lakin artıq nənənin nəvələrə münasibəti fonunda, məsələn, nənə hesab edir ki, nəvələri də nəinki sevmək, həm də tərbiyə etmək hüququna malikdir. Ancaq ana-nənənin istəyinin bu şəkildə təzahürü çox vaxt övladların fikirləri ilə üst-üstə düşmür; “Siz uşaqların tərbiyəsini pozursuz; siz onlara bizim qadağan etdiklərimizə icazə verirsiz!” söhbəti meydana çıxır. Nənənin nəvəsini “öz qanadı altına almaq” cəhdinə övladların bu cür reaksiya verməsi variantı hamıya məlumdur.

Bu zaman övladlar bir mühüm xırdalığı dərk edə bilmirlər: nənənin nəvələrə qarşı bu cür münasibəti bir növ öz doğma övladı üzərində hökmün itirilməsini şüuraltı səviyyədə əvəz etmək cəhdidir. Ana üçün isə sadəcə yeni obyekt – daha böyük sevgi, daha çox sərbəstlik, eyni zamanda daha az idarəçilik obyekti meydana gəlib. Qəribədir ki, bu, övladların – valideynlərin özləri kiçik olduqları zamankı mövqeləri ilə tam üst-üstə düşür. Buna görə də əbəs yerə demirlər ki, “dünyada nəvədən sevimli və qiymətli heç nə yoxdur!”

Bu səbəbdən də güman edirəm ki, kənar adamlara heç də hər zaman aydın olmayan bu cür hisslərin kökləri ananın öz övladlarına, nəvələrinə olan hökmlü məhəbbət sferasında yerləşir. Hökmü, yəni ailədə söz sahibi olmayan ana öz övladlarının onun iradəsi ilə qarışmış hissini ikiyə “parçalamaq” kimi nəticəsiz cəhdlərini dəf edərək, onlara olan analıq sevgisini həyatının sonuna kimi qoruyub saxlayır. Odur ki, ən güclü hiss analıq hissi hesab olunur.

Mən doğma kəndimizdə baş vermiş bir hadisəni xatırlayıram. Atam, o zaman onun 60 yaşı var idi, xəstələnmişdi və yüksək qızdırma ilə yataqda müalicə olunurdu. Babam, onun 80-ə yaxın yaşı var idi, əsəbi halda dəhlizdə gəzişir və oğluna görə həyəcan keçirirdi. Onunla həmyaşıd olan qonşunun “Nə olub?” sualına “Uşaq xəstələnib, qızdırması var” cavabını verdi. Həmin uşaq isə onun 60 yaşlı oğlu idi! Görünür, doğma övlad valideynlərin gözündə ömrün sonuna kimi uşaq qismində qalır.

Tez-tez yaşlı atalardan eşidirsən: “Uşaqları bir yerə toplayın, onlara sözüm var!” Onun övladlarının isə nəinki öz uşaqları, artıq nəvələri də var.

Beləcə, sadə və təbii şəkildə valideynlərin hökmlü məhəbbətinin mahiyyəti insan varlığının əbədi həyat dövranında özünü göstərir!

Övladlar ailə quranadək valideynlərin idarəetmə sistemi daha möhkəm olur və şaquli xətt üzrə inkişaf etmək imkanına malik olur. Övladlar ailə qurandan sonra isə təbii şəkildə muxtariyyət yaranır. Yeni ailə daha da sərbəst və müstəqil olur. Odur ki, bu cür böyük ailənin işlərini idarəetmə sistemində ciddi problemlərin həlli zamanı valideynlərin hökmlü fikirləri və araverməyən məsləhətləri get-gedə rəmziləşir və çox zaman eşidilsə də, həyata keçirilmir. Bu təbii proses xüsusən ananı daha çox narahat edir. Məhəbbətlə hökm əlaqələrini möhkəm saxlamaq onun üçün böyük mənəvi problemə çevrilir, daxili narahatlıq yaradır.

Lakin bununla hər şey bitmir... Çox vaxt adını çəkdiyimiz “mərkəz” tamamilə öz hüquqlarından, hətta məsləhətçi hüququndan da məhrum olur, bəzən də yeni yaranmış muxtariyyət hüdudlarından kənara çıxarılır. Bu, əlbəttə, ən xoşagəlməz variantdır, lakin müasir dövrdə bu hal daha çox yayılmaqdadır. Beləliklə, dəyişkən dünyanın reallıqları ailədə də öz əksini tapır. Nəticədə, ənənəvi ailələr əsrlərlə mövcud olmuş adətlərlə vidalaşır və onların (adətlərin) yerinə yeni, guya daha münasib olan, Avropa ailə xüsusiyyətlərinə uyğunlaşdırılmış münasibətlər formasının yaradılmasına cəhd göstərilir. Səciyyəvi cəhət odur ki, yaranmış bu qeyri-təbii yerdəyişmədə yeni tərkib, hətta həddən artıq sadələşdirilmiş hökmlü məhəbbət özünə yer tapmır. Deməli, ailənin bütün üzvlərinin məsuliyyət səviyyəsi qanunauyğun və obyektiv şəkildə aşağı düşür, yadlaşma mərhələsi başlayır, mövcud münasibətlərin real şəkildə pozulması prosesi baş verir.

Bütün bunlar mənəvi-psixoloji qüvvənin təzyiqi altında baş verir və əslində, münasibət tellərinin qırılma prosesi çox ağrılı olur, yara uzun müddət sağalmır, hətta, ola bilsin ki, həmişə açıq qalır. Belə hal çox zaman vaxtından əvvəl yaşlanmaya, yüksək stress və valideynlərin övladlara, daha sonra isə ümumiyyətlə, cəmiyyətə yararsızlıq hissinin yaranmasına səbəb olur. Nəticədə, hər bir valideynin şəxsi məkanı kəskin şəkildə daralır və nəticə etibarı ilə itir, yoxa çıxır. Belə vəziyyət həm fiziki, həm də psixoloji gərginliyə və hətta xəstəliklərə gətirib çıxarır. Qocalar evlərində “yerləşdirilmiş” insanlar, təəssüflər olsun ki, az deyil. Onlar şəxsi məkandan məhrum olublar, onların nəinki fərdiliyi, hətta şəxsi müdafiələri belə yoxdur. Çarpayı və dolabça da dövlətindir. Belə qocalardan bəziləri həyat haqqında söhbətlərdə onun – həyatın, ümumiyyətlə, mövcud olub-olmadığına şübhə ilə yanaşırlar. Onların çoxu üçün belə həyatdan köçüb getmək mükafat kimi, əziyyət, xəcalət və iztirablardan yaxa qurtarmaq üçün Tanrının göstərdiyi mərhəmət kimi görünür.

Uşaqlar isə muxtariyyət əldə edir və öz həyatlarını qurmaqla məşğul olaraq, müəyyən yüngüllük hiss edir, “azadlıq havası” ilə nəfəs alırlar. Lakin bu cür hava, eləcə də azadlıq, əslində, uzun sürmür. Bu yalnız ilk vaxtlar belə olur. Sonra ötən illərin və valideynlərlə münasibətlərin “kinolenti” onların gözləri qarşısında fasiləsiz olaraq fırlanmağa başlayır və vaxtında lazım olanı etmədikləri fikri bütün ömrü boyu onları narahat edir. Qaytarılması mümkün olmayanlar onların çiyinlərində ağır yükə çevrilir.

Nə qədər inanılmaz səslənsə də, “azadlıq havası” ilə nəfəs almaq imkanı əldə etmiş övladlar sonda bu cür “azadlığın” bütün xəyalilik və gərəksizliyini dərk edirlər. Çünki onlar da valideyn olduqdan sonra həmin yolu keçirlər. Nə qədər ki, bəşər övladı, ailə mövcuddur, bu, nəsillər boyunca davam edir. Lakin bu münasibətlərin daha normal qurulmasında insanların özlərinin rolu böyükdür. Burada əbədi forma və standartlar, əslində, mövcud deyil və olan əlaqələri nizama salmaq, hamı üçün münasib etmək mümkündür. Bu, əvvəl nəvə, sonra övlad və daha sonra nənə və baba olanlardan asılıdır.

Bəzən mənə elə gəlir ki, hətta ən möhtəşəm və bahalı abidələr, qəbiristanlıqda quraşdırılmış dəbdəbəli heykəllər və “kompazisiyalar”, ayrı-ayrı istisnaları çıxmaq şərtilə, sanki övladların o biri dünyaya köçmüş valideynlərinə qarşı gecikmiş diqqət və sevgi əlamətidir. Lakin bu, əfsuslar olsun ki, övladlar üçün kifayət deyil, onların çiyinlərində olan “xəcalət” yükünü heç də yüngülləşdirmir.

Vacib hesab etdiyin bütün mümkün və lazımlı olanları sağ ikən etmək gərəkdir! Düşünürəm ki, bunda çətin heç nə yoxdur. Qarşılıqlı anlayış, səbir, diqqət – hər bir övladın öz valideynlərinə, ilk növbədə anasına qarşı göstərməli olduğu münasibət qısaca olaraq bunlardan ibarətdir! Ailənin hər bir üzvü haqqı olanı almalı və əvəzində bacardığını verməlidir. Bu cür ailələrdə qarşılıqlı ehtiram və arzu olunan mühit mövcuddur. Bizim əcdadlarımız məhz belə ailələr haqqında fikirləşirdilər və bu cür ailələr nəinki olub, indi də var! Bu, cəmiyyətimizdə səmimiyyət, qarşılıqlı dayaq və xoş münasibətlər mənbəyi olan ailənin qorunub saxlanmasına zəif də olsa, ümid yaradır. Buna istisnasız olaraq ailə münasibətlərinə cəlb olunanların hamısının ehtiyacı var.


Rafiq Əliyev,

fəlsəfə elmləri doktoru, professor

22.04.2017 09:20 / Baxılıb: 937 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2017
22.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo