Mədəniyyətlərarası anlaşmanın inkişafı təşəbbüslərinə dəstək - II YAZI

(Əvvəli (I yazı) bu linkdə: http://www.azadinform.az/news/a-138249.html)

...İndi isə Respublika ərazisində yaşayan milli azlıq və etnik qrupların mədəni dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm rola malik olan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülən işlərin təsnifatına nəzər salaq. Adıçəkilən nazirliyin bu sahədə gördüyü işlər aşağıdakı istiqamətləri əhatə edir:

- Azərbaycan Respublikasında yaşayan etnik qrupların tarixi vətəni olan ölkələrin səfirlikləri və nümayəndəlikləri ilə iş;

- azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətləri ilə əməkdaşlıq;

- beynəlxalq elmi-praktik konfransların, mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirələrin keçirilməsi;

- azsaylı xalqların etnoqrafiyasını, incəsənətini və ənənələrini əks etdirən sərgilərin təşkili;

- milli azlıqların bədii-özfəaliyyət kollektivlərinin respublika daxilində və xarici ölkələrə qastrol səfərlərinin təşkili;

- milli azlıqların bədii-özfəaliyyət kollektivlərinin musiqi alətləri və texniki avadanlıqlarla təchiz edilməsi;

- azsaylı xalqların kollektivlərinin, yalnız, rayon deyil, həmçinin, ümumrespublika mədəni tədbirlərində iştirakının təminatı;

- azsaylı xalqların görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubiley tədbirlərinin keçirilməsi. (Əbülfəs Qarayev. Ombudsmanların IX Bakı Beynəlxalq Konfransının materialları, Bakı - 2011. Səh-35.)

Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi  vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Beləliklə, azlıqların təşkilatlarının fəaliyyətə başlaması cəmiyyətin demokratikləşdirilməsinin əlamətidir. 

Azlıqların  milli  təşkilatlarının  müxtəlifliyi  ənənələrlə  bağlıdır.  Xüsusi  etnik  birliklər daha çox dini zəmində yaranır.  Bu  gün  Azərbaycanda azlıqların təşkilatları arasındakı münasibətlər qanunla tənzimlənir. 

Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda  bır sıra mədəniyyət mərkəzləri yaradıldı. Milli azlıqlar tarixi-mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. 

Bunun nəticəsidir ki,  hazırda, Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in "mədəni müxtəlifliyə" dair proqramlarında fəal  iştirak  edir. Mədəniyyət və Turizm  Nazirliyi "Azərbaycan mədəni müxtəlifliyi" layihəsini həyata keçirir.  

Mədəniyyət və Turizm  Nazirliyinin  "Azərbaycanda  mədəni  siyasətə dair milli məruzəsi" Avropa Şurasına təqdim olunmuş, bu qurumun saytında yerləşdirilmişdir. 

Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayna, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların  "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti,  Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar. 

Milli azlıqların bu və ya digər strukturları dəfələrlə hökumətdən maliyyə yardımı alıblar. Eyni zamanda, yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir.

Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir. Onu da qeyd edək ki, bir neçə il öncəyədək Prezidentin milli məsələlər üzrə müşavirinin yanında milli azlıqlardan ibarət Məsləhətçi Şura fəaliyyət göstərib.

Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur. Misal olaraq, Şəki rayonunun Kiş (bərpa olunmuş abidənin açılışı 2003-cü ildə keçirilmişdir) və Qəbələ rayonunun Nic kəndindəki kilsələri göstərmək olar (Dövlətin birbaşa dəstəyi və yardımı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2004-2008-ci illər" və "Milli azlıqların müdafiəsinə dair" Çərçivə Konvensiyasının yerinə  yetirilməsinə dair  öhdəliklər  çərçivəsində 2006-cı  ildə  alban-udin kilsəsinin açılış mərasimi keçirilmişdir). Qax rayonu ərazisində  xristian  kilsəsi,  Masallı  rayonunun Ərkivan kəndində XIX əsr məscidi  bərpa olunmuşdur. Dövlət tərəfindən Qax rayonu ərazisində yerləşən Allahverdi kilsəsində "Milli azlıqların mədəniyyəti və etnoqrafiyası" adlı muzeyin yaradılması ideyası əsasında layihə hazırlanmış və həmin layihə Avropa Şurası tərəfindən müsbət qiymətləndirilmişdir.

Hal-hazırda, milli azlıqları təmsil edən mədəni mərkəzlər, birliklərlə bağlı mühüm işlər görülür. Məsələn, dövlət büdcəsindən maliyələşən Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları möhkəmləndirilmişdir. Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "xalq teatrı" adını almış gürcü dram dərnəyinə Azərbaycan Respublikası Prezidentinin  16 dekabr  2004-cü  il  tarixli, 551 saylı və Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  22  fevral  2005-ci il tarixli, "54 S"  saylı  sərəncamlarına  müvafiq olaraq, dövlət  statusu  verilmişdir. S.Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla Teatrlarındakı rus bölmələri müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

2006-cı il oktyabr ayının 16-dan 23-ə qədər UNESKO-nun Paris şəhərindəki qərargahında keçirilmiş "Azərbaycan həftəsi" adlı mədəni tədbirlər çərçivəsində Azərbaycanda yaşayan milli azlıqlara aid foto-sərgi keçirilmişdir.

Bakı şəhərinin Mərkəzi kitabxanasında milli azlıqların nümayəndələri ilə iş üzrə xüsusi şöbə yaradılmışdır. Kitabxanalarda milli azlıqlara mənsub şair və yazıçıların, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinə həsr olunmuş tədbirlər keçirilir, sərgilər təşkil olunur. Respublikamızda milli azlıqlara mənsub olan şair və yazıçıların öz dillərində nəşr etdirdikləri kitablar kitabxanalara verilir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondunda udin, ləzgi və s. dillərdə kitablar kifayət qədərdir. ("Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu: metodik vəsait", tərt. ed. S.Quliyeva; ixtis. red. və bur. məs. K.Tahirov; red. G.Səfərəliyeva; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Bakı-2012. Səh-23., 29.,)

Dövlət bu qurumları imkan dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. 

Bu gün respublikada yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin qorunması və inkişafı ilə bağlı konkret iş aparılır. Milli  azlıqların  mədəniyyətini, incəsənətini qorumaq, inkişafına nail olmaq, təbliğ etdirmək, qoruyub yaşatmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirir. Bu məqsədlə Gürcüstan, Dağıstan, Tatarıstan respublikaları, onların ölkəmizdəki  səfirlikləri ilə əlaqə yaradılmışdır. Eyni zamanda, azsaylı xalqları təmsil edən cəmiyyətlər, mədəniyyət mərkəzləri və ocaqları ilə qarşılıqlı iş qurulmuşdur.  Nazirlik iş aparmaq üçün fəaliyyət proqramı tərtib etmişdir. Proqrama uyğun olaraq, xalq kollektivi bazası əsasında Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Dövlət Kukla Teatrı açılmışdır. Həmin teatrların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Respublikada 235 musiqi, incəsənət  və  rəssamlıq məktəbi fəaliyyət göstərir. Bakı şəhərində 39, Sumqayıt şəhərində isə 5 uşaq musiqi və incəsənət məktəbi mövcuddur. Burada milli mənsubiyyətindən asılı olmayaraq uşaqlar təhsil alırlar. Milli azlıqların yığcam yaşadıqları Lənkəran şəhəri, Astara, Balakən, Dəvəçi, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Qusar, Lerik, Zaqatala, Masallı rayonlarında fəaliyyət göstərən 41 uşaq musiqi və incəsənət məktəbində 12 mindən çox yeniyetmə müxtəlif ixtisaslar üzrə təhsil alır.


Bu YAZI “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətlər arasında (mədəni müxtəliflik) anlaşmanın inkişafı təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.  

Image result for QHT Şura

 

 

21.04.2017 12:28 / Baxılıb: 747 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
    22.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo