Lavrovun səhvi - Kremlə baş ucalığı gətirmir

Politoloqların fikrincə, Rusiya rəsmilərinin qondarma rejim rəhbəri ilə eyni tədbirdə iştirak etməsi Kremlə baş ucalığı gətirmir 


 

Rusiyanın bəzi rəsmi şəxsləri tərəfindən Azərbaycana qarşı bu günlərdə atılan addım ölkəmizdə böyük narazılıq doğurmaqdadır. Söhbət Moskva milyonçularının sevimli məkanlarından biri olan "Safis” restoranında Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illiyinin qeyd olunmasından, tədbirin qonaqları arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin də olmasından gedir. Prezident Vladimir Putinin özü də yubilyara təbrik məktubu göndərib. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, yubiley tədbirində Qarabağ separatçılarının lideri Bako Saakyan da iştirak edib. ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin rəsmi şəxslərinin heç bir dünya dövlətinin, beynəlxalq təşkilatın tanımadığı separatçı qurumun "rəhbəri” ilə məsafə saxlamaması, onunla bir arada olması, hətta deyilən sağlıqlara birgə badə qaldırması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində Rusiyanın tərəfsizliyini şübhə altına salır. Elə təəssürat yaranır ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin həllində birmənalı olaraq işğalçı Ermənistanın mövqeyini dəstəkləmək xətti tutub. 


Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə açıqlayan millət vəkili, politoloq Aydın Mirzəzadə ehtimal edib ki, Sergey Lavrov həmin tədbirə Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə gəlib. Millət vəkili deyib ki, Rusiyanın xarici işlər naziri ilə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərinin eyni tədbirdə iştirak etməsi bağışlanmaz səhvdir: "Lavrov bilməli idi ki, həmin tədbirə tanınmamış separatçı rejimin rəhbəri Bako Saakyan da gələcək. Yaxud, bilməsə belə, Lavrov həmin tədbirə gələrkən Saakyanı görən kimi, dərhal tədbirin təşkilatçılarından onlarla eyni yerdə otuzdurulmamasını xahiş edə bilərdi. Lakin buna barmaqarası baxılmasını əlbəttə ki, Rusiya diplomatiyasının uğursuzluğu kimi qiymətləndirmək olar. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya prezidenti Vladimir Putin, həmçinin də Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin rəhbəri ilə eyni masa arxasında oturan Sergey Lavrov hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Ancaq son baş verənlərdən sonra bu bəyanatlar qeyri-səmimi təsir bağışlayır. Yəqin ki,

Azərbaycan tərəfi rəsmi Moskva ilə diplomatik kanallar vasitəsilə bununla bağlı araşdırma aparacaq, məsələni aydınlaşdırmağa çalışacaq. İstənilən halda, Rusiya, bu dövlətin rəsmi şəxsləri belə addım atmamalı idilər. Rusiyanın xarici işlər naziri ilə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərinin eyni tədbirdə iştirak etməsi bağışlanmaz səhvdir”.


Politoloq Mübariz Əhmədoğlu bildirib ki, A.Abramyan kimi bir adamın təşkil etdiyi tədbirdə iştirak etmək Rusiya elitası üçün müsbət hadisə deyil. Onun sözlərinə görə, Peskov, Lavrov və digər rəsmilərin belə davranışı Rusiyaya başucalıq gətirmir: "Ara Abramyan 40 ildir Rusiyada yaşayır, oğurluq yolu ilə var-dövlət toplayır və müsbət imici olan şəxs kimi tanınmır. Lavrov, Peskov, Jirinovski və başqaları da "Safis” restoranında oğrunun yığdığı pulun başına toplaşıblar. Üstəlik, separatçı rejimin başçısı Bako Saakyanla onların eyni məclisdə olması da Rusiya elitası üçün yaxşı hal deyil. Çox güman ki, məhz bu tədbirdən sonra Sarkisyan, Saakyan və digər ermənilər Lavrovun, yaxud da Peskovun adından müxtəlif yalanları ictimailəşdirməyə başlayacaqlar. Biz bu məsələdə ayıq olmalı, rəsmi şəxslər səviyyəsində müəyyən tədbirlər görməliyik. Vaxtilə Kazimirov da Dağlıq Qarabağ separatçısı Arkadi Qukasyanla Moskvada restoranların birində görüşmüşdü. Ümummilli lider Heydər Əliyev Kazimirovun başına olmazın oyun açdı. O, Bakıya səfərə gələndə şəkilləri qarşısına qoyub fakt qarşısında çıxılmaz vəziyyətə saldı. Düşünürəm ki, gələcəkdə Peskov, Lavrov və digərləri ilə də bu tonda danışmaq lazımdır”.


Politoloq Fikrət Sadıxovda bizimlə söhbətində bildirib ki, Rusiyanın xarici işlər naziri, hökumət üzvü S.Lavrovun Dağlıq Qarabağ separatçılarının rəhbəri ilə eyni tədbirdə olması müəyyən suallar doğurur. Onun sözlərinə görə, Rusiyadakı erməni diasporu Lavrovun erməni kökənli olmasından məharətlə istifadə edir. Politoloq deyib ki, Dağlıq Qarabağ probleminin həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin rəsmi nümayəndəsi bitərəfliyini bütün hallarda qoruyub saxlamağı bacarmalıdır: "Biz arzulamırıq ki, Lavrov və ya qeyrisi bizi tərifləsin, yaxud ancaq bizim maraqlarımızın müdafiəçisi olsun. Biz istəyirik ki, onlar bitərəf olsunlar, münaqişənin həllinə bu yolla dəstək olsunlar, ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşsınlar. Əks halda, belə arzuolunmaz addımlar Rusiya-Azərbaycan münasibətlərinə kölgə sala bilər”. 

 

Rufik İSMAYILOV


21.04.2017 12:15 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo